Əlaqə Arxiv
news Image
2020.04.18
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qanunvericiliyin təkmilləşdirilməsi nağdsız ödənişləri stimullaşdırır

Azərbaycanda qeyri-nağd ödənişlərin artması aidiyyəti dövlət strukturlarının, ilk növbədə, Mərkəzi Bankın və İqtisadi İnkişaf Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlərin, maarifləndirmə-təşviqat işinin uğurlu nəticəsidir. Qarşıda duran əsas vəzifələrdən biri nağdsiz ödənişlərin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində işlərin genişləndirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə nağdsız ödəniş sisiteminin genişləndirilməsi üçün geniş imkanlar açıb. Nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edən qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

2017-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliklər sahibkarlar üçün yeni tələblər yaradıb. Ölkəmizdə nağd ödəmələrə məhdudiyyətlərin müəyyən edilməsi zərurəti çoxdan müzakirə edilsə də, yalnız həmin ildən real çərçivələrə salınıb. Qanuna əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni tətbiq edilən Qanuna əsasən vergi ödəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində ümumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən edilib: ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyicilər 30.000 manatdan; digər vergi ödəyiciləri 15.000 manatdan.

Bunlarla yanaşı, qanunda aşağıdakı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilib: inzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər; lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri; dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; stasionar telefon xidmətləri və kommunal xərclər; vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması; dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); təhsil haqlarının ödənilməsi; turagentlərə ödənişlər.

Nazirlər Kabinetinin hələ 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin sonunadək əsasən başa çatdırılıb. Qaydalara edilmiş əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda bu proses 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılıb. Sənədə əsasən, ölkənin bütün kənd və qəsəbələrində 100 minə yaxın POS-terminallar quraşdırılıb.

Ekspertlərin fikrincə, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qeyri-nəğd ödəniş sisteminin iqtisadi həyatın bütün sahələrində tətbiqi ciddi zərurət kimi meydana çıxıb. Hökumət səviyyəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər yaxın illərdə bu sahədə əhəmiyyətli dönüşün baş verəcəyini əminliklə söyləməyə ciddi əsaslar yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir.

Nağdsız ödəniş sistemlərinin inkişafı məhz informasiya kommunikasiya texnologiyalarının (İKT) müasir inkişaf səviyyəsinə çatmasından sonra mümkün olmuşdur. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"da müəyyənləşdirilən hədəflərdən biri də məhz nağdsız ödənişlər sisteminin inkişaf etdirilməsidir. Hazırda ölkədə nağdsız ödənişlərin həyata keçirilməsi məsələsi istər fərdi cihazlarla, istərsə də xüsusi ödəniş terminalları vasitəsilə həllini tapıb.

Bu baxımdan son illərdə bir sıra mühüm sənədlər qəbul olunub. Xüsusən də dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin (MÖS) İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" təsdiqlənməsi yaradılan milli ödəniş sisteminin imkanlarından daha aktiv istifadə olunmasını, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılmasını, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasını mümkün edib. Adı çəkilən proqram ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsini və regionlara istiqamətləndirilməsini təmin edib.

Dövlət Proqramının əsas hədəflərində biri də kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkşaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətlər üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi idi. Bununla bağlı, Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası təsdiq edildi.

MÖS infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdan kənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank

tərəfindən xüsusi bir layihə həyata keçirildi. Belə ki, KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) yaradıldı.

Ölkədə müxtəlif nağdsız ödəniş sistemlərinin yaradılmasının əsas mahiyyəti irili-xırdalı bütün ödənişlərin abonent bazasını yaratmaqla, ödəniş prosesinin səmərəliliyini və şəffaflığını təmin etmək, vətəndaşlara ən müasir ödəniş mexanizmləri vasitəsilə ödəmələrin aparılmasına şərait yaratmaqdandır. Nağdsız ödənişlərin həcminin artırılması nəticəsində dövriyyədə olan nağd pul kütləsinin əksər hissəsi banklara cəlb edilir ki, bu da da pul siyasətinin effektiv həyata keçirilməsinə, investisiya potensialının yüksəldilməsinə gətirib çıxarır.

Mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, bank xidmətlərinə çıxış imkanının artırılması, nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi məqsədilə "Elektron Hökumət" portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq sayəsində "Hökumət Ödəniş" portalı yenilənərək "Elektron Hökumət" portalına inteqrasiya edilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin HÖP infrastrukturuna inteqrasiyası üçün "Hökumət Ödəniş Portalı ilə əməliyyatların aparılmasına dair" Kollektiv saziş imzalanıb. HÖP-ə inteqrasiya üçün ən müasir texnoloji həllərə əsaslanan informasiya mübadiləsi servisləri tətbiq olunub.

Ən əsası, vətəndaşlar, hüquqi və fiziki şəxslər bir məkandan, yəni "Elektron Hökumət" portalından bütün ödənişlərini reallaşdırdığı vaxtda portal üzərindən digər xidmətlərə də müraciət edə bilirlər. Beləliklə, "Elektron Hökumət"in mühüm prinsipi olan "bir pəncərə" üzrə xidmət təminatı ödənilmiş olur.

S.Elmanoğlu

Sizin Reklam Yeriniz