Əlaqə Arxiv
news Image
2020.04.28
08:09
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlığın inkişafına dövlət dəstəyi geniş vüsət alıb

Son illərdə sahibkarlığın inkişafına xidmət edən kompleks tədbirlər uğurla davam etdirilib, özəl sektorun stimullaşdırılması, investisiyaların təşviqi istiqamətində mühüm addımlar atılıb. Bazar mexanizminin hərəkətverici qüvvəsi sayılan sahibkarlığın keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında mühüm rol oynadığı nəzərə alınaraq bu təbəqəyə xüsusi qayğı ilə yanaşılıb. Özəl sektorun inkişafı üçün bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlib. 
Bütün bunların nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir. Təsadüfi deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda isə 74 faizi ötüb, 2004-2019-cu illərdə 1000 mindən çox müəssisə, 1,9 milyona yaxın iş yeri açılıb. 
Müasir dövrdə sahibkarlığın inkişafında institusional dəstək mexanizmlərinin yaradılması mühüm rol oynayır. Bu baxımdan zəruri infrastruktura çıxış imkanının təmin olunması və daha əlverişli şəraitin yaradılması üçün sənaye parklarını və məhəllələrini xüsusi vurğulamaq lazımdır. Sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün infrastruktur yaradılır, işin səmərəli təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, güzəştli kreditlərin verilməsi və s. kimi tədbirlər nəzərdə tutulur. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumundan azaddırlar.
Həyata keçirilən tədbirlər ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin, idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun səviyyəsinin artırılmasına və sənaye sahələrinin şaxələnməsinə xidmət edir. Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində sənaye məhsulları istehsalı davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər regionlarda da sənaye parkları və məhəllələrinin yaradılması imkanları araşdırılır. 
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 7 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edir. “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, sənaye parkının ərazisində əczaçılıq məhsullarının istehsalı da həyata keçirilir. İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcək.
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, plastik qabların, avtomobil şinlərinin, çap-poliqrafiya məhsullarının emalı sahələri üzrə artıq 4 rezident qeydiyyata alınıb. Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln dollar olan ilk sifariş yerinə yetirilib və dəyəri 400 mln dollardan yuxarı olan sualtı tikinti və üç sərnişin gəmisinin tikintisi aparılıb. “Şahdəniz-2” layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilən “Xankəndi” sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib. 
İqtisadiyyat Nazirliyindən bildirilir ki, Mingəçevir Sənaye Parkı tekstil sahəsində fəaliyyət göstərir və hazırda parkın təşkili işləri davam etdirilir. Tikintisi başa çatmış Neftçala Sənaye Məhəlləsi iqtisadiyyatın prioritet istiqamətlərindən olan kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 20-dən çox layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunub və 380 iş yeri açılıb. Azərbaycanın “Azevrocar” şirkəti ilə İranın “İran Khodro” şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Neftçala Sənaye Məhəlləsinin ərazisində minik avtomobilləri və onların ehtiyat hissələri də istehsal olunur.
Yerli və xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan İnvestisiya Şirkəti indiyədək tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. 
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir, regionların potensialına uyğun nümunəvi investisiya layihələri təqdim edir. Qeyri-neft sektorunun prioritet sahələrinə, o cümlədən iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədi ilə Fondun vasitəsilə indiyədək 50 minə yaxın sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2020-ci ildə əsas hissəsi geri qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 200 milyon manat həcmində güzəştli kreditin verilməsi planlaşdırılır. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Biznes inkubatorda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılmışdır. Belə ki, biznes inkubatorda gənclərə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nəzəri və praktik məlumatlar verilir, biznesin planlaşdırılması və idarə edilməsi, investisiya layihələrinin və biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, biznes tərəfdaşlarla əlaqələrin qurulması və digər məsləhət xidmətləri göstərilir. 
Ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər Azərbaycanın biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin satışının dəstəklənməsinə xidmət edir. Bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. AZPROMO tərəfindən Azərbaycanda və xarici ölkələrdə biznes forum, işgüzar görüş, sərgi və s. tədbirlər keçirilmişdir. Yerli və xarici iş adamları Azərbaycanda iş qurmaq, xarici bazarlara çıxmaq üçün AZPROMO-nun məsləhət xidmətlərindən də istifadə edə bilərlər.
Özəl sektorun inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, informasiya təminatı, məsləhət və marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə mütəmadi olaraq Bakıda və regionlarda treninqlər, “dəyirmi masa”lar, konfrans və seminarlar keçirilir, azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında iştirak edir, təcrübə mübadiləsi aparmaqla yanaşı, biznes əlaqələrini genişləndirirlər. 
Bütün bunlarla yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərən İxracatçılar klubunun, sahibkarlar arasında daimi ünsiyyət platformasını formalaşdıran, eləcə də dövlət qurumları və sahibkarlar arasında körpü rolunu oynayan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qadın Sahibkarlar Assosiasiyasının və digər ictimai birliklərin rolunu qeyd etmək lazımdır. 

S.Elmanoğlu

Sizin Reklam Yeriniz