Əlaqə Arxiv
news Image
2020.06.25
08:04
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
E-xidmətlərin tətbiqi idarəetmədə şəffaflığı təmin edir

Müstəqil Azərbaycan yeni mütərəqqi yeniliklərə doğru irəliləyən dünya ailəsinin üzvü kimi inkişaf etmiş dövlətlərin ən qabaqcıl texnologiyalarını tətbiq edərək, informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə bağlı düşünülmüş strategiya həyata keçirir. Bu strategiya ölkəmizdə «elektron hökumət» quruculuğu üçün çoxsistemli idarəetmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin hələ 23 may 2011-ci il tarixli fərmanı ilə «Elektron hökumət»in formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilib. «Elektron hökumət» müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir.

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərman nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Fərmanda göstərildiyi kimi, elektron xidmətlərin genişləndirilməsi korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi baxımından təsirli vasitələrdən biridir. Elektron xidmətlər, eyni zamanda dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyi və keyfiyyətinin artırılmasında, şəffaflığın təmin edilməsində, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyır.

Elektron xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirməklə, korrupsiyaya şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevrilir. Fərmanda bu məqsədlə dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması üçün tədris kurslarının təşkili nəzərdə tutulub.

Əminliklə demək olar ki, artıq vətəndaşlar elektron xidmətlərin üstünlüklərini yeni yaradılmış bir sıra portalların uğurlu fəaliyyətinə nəzərən praktik olaraq hiss edir, atılan addımları razılıqla qarşılayırlar. Vətəndaşlar informasiya texnologiyalarının və internetin imkanlarından istifadə edərək bir sıra dövlət orqanlarına müraciət imkanı qazanır. Bundan başqa, dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə məlumat almaq məqsədilə «www.rusum.az» saytı, dövlət qurumlarının və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə «www.etika.az» saytları yaradılıb. Son illərdə uğurla fəaliyyət göstərən «www.e-qanun.az» portalında da cəmiyyətdə bütün ictimai münasibətlər spektrini tənzimləyən qanunlar və digər normativ hüquqi sənədlər yerləşdirilib.

Respublikamızda «e-hökumət» quruculuğu istiqamətində ən mühüm addımlardan biri 2012-ci ildə «bir pəncərə» prinsipi ilə işləyən və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi vahid «Elektron hökumət» (www.e-gov.az) portalının istifadəyə verilməsidir. Portal e-xidmətlərin göstərilməsi zamanı dövlət orqanlarının informasiya sistemləri arasında mübadiləni təmin etməyə imkan verir. Burada hər bir dövlət qurumu elektron xidmətlərini portal vasitəsilə – «bir pəncərə»

prinsipi əsasında istifadəçilərə təqdim edir, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə cavabdehlik daşıyır. Vətəndaş istənilən dövlət qurumuna müraciət etməklə, ona aid lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər. Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən fəal istifadəsinə imkan yaradır.

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərmanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)», eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə konkret sahələr üzrə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi qaydalarının və xidmət növlərinin müəyyən edilməsi tapşırılıb. Nazirlər Kabinetinin «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları» və «Elektron xidmət növlərinin siyahısı»nın təsdiq edilməsi haqqında qərarına əsasən isə müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılıb. Elektron xidmətlər reyestrinin formalaşması Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) həvalə edilib. Elektron Xidmətlər Reyestrinə 40-dan çox dövlət qurumu qoşulmuşdur və həmin qurumlar Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan elektron xidmətləri həyata keçirirlər.

"Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 417 xidmətin böyük əksəriyyəti "elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. Real olaraq vətəndaşlara 217 elektron xidmət göstərilir. Statistika göstərir ki, vətəndaşlar bu xidmətlərə çox böyük maraq göstərirlər. Gündən-günə elektron hökumət portalına daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parollar alanların, elektron viza alan şəxslərin, bilavasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artır. Vətəndaşlar üçün Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər, Səhiyyə, Təhsil, Ədliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Vergi Xidməti və Dövlət İmtahan Mərkəzinin xidmətləri daha çox maraq doğurur. Xüsusi vurğulamaq lazımdır ki, hazırda “www.e-gov.az” portalı üzərindən xidmət göstərməyən dövlət qurumlarının mövcudluğu müəyyən obyektiv və subyektiv amillərlə bağlıdır. Məsələn, təhlükəsizlik, müdafiə, xüsusi mühafizə qurumlarının "e-xidmət"lərindən istifadə obyektiv səbəblərdən mümkün deyil. Bununla belə, e-xidmət"lər göstərməyən, müasir tələblərə cavab verən internet saytları olmayan dövlət qurumlarının mövcudluğu da etiraf olunmalıdır. Xüsusən də yerli icra orqanlarının elektron xidmətlər reyestrinə inteqrasiyasında lənglik müşahidə edilir.

Ümumilikdə isə son illərdə tətbiqinə start vermiş e-xidmətlər bir tərəfdən dövlət orqanlarının fəaliyyətində çevikliyi, şəffaflığı, hesabatlılığını təmin edib, digər tərəfdən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti, səmərəliliyi əhəmiyyətli dərəcədə artıb. NRİTN tərəfindən yaradılmış «www.e-gov.az» portalının da əsas məqsədi çevik və səmərəli idarəçiliyin həyata keçirilməsinə, sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə fəal texnoloji dəstəyin təmin edilməsidir.

Bu gün e-xidmətlər həm də Azərbaycanın sabit və davamlı inkişafı ilə bağlı məsələdir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin liberallaşdırılmasında e-xidmətlərin mühüm rolu vardır. Məsələn, 2007-ci ildən vergi bəyannamələrinin

elektron formada təqdim edilməsi sisteminə keçid «e-xidmətlər» sahəsində mühüm yeniliklərdən olub. Bu məqsədlə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) yaradılmış, beləliklə, vergi ödəyiciləri bəyannamələrini vergi orqanlarına gəlmədən – elektron formada təqdim etmək imkanı əldə ediblər.

2008-ci ildən sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına da müsbət təsir edib. 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub, 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılıb. E-qeydiyyatın tətbiqi ilə biznesə başlamaq üçün 6 prosedur əvəzində cəmi 3 prosedur yerinə yetirilir. Tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə qədər azalıb. Bütün bunlar Azərbaycanın Ümumdünya İqtisadi Forumunun "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi"ndə ildən-ilə irəliləməsini təmin edir.

Əlbəttə, ölkəmiz inkişaf etdikcə, texnoloji şüur səviyyəsi yüksəldikcə, e-xidmətlərin çeşidi və səviyyəsi də yüksələcəkdir. Bu baxımdan dövlət qurumlarının qarşısında duran başlıca vəzifə vətəndaşların və özəl sektorun bu sahədəki ehtiyac və istəklərinin öyrənilməsi, praktik surətdə reallaşdırılmasıdır.

S.Elmanoğlu

Sizin Reklam Yeriniz