Əlaqə Arxiv
news Image
2020.07.02
08:04
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Multimedia sektorunda sahibkarlıq potensialı güclənir

Hər hansı sahənin inkişafı, ilk növbədə, onun mükəmməl qanunvericilik bazasının olması ilə şərtlənir. Bu mənada, informasiya-kommunikasiya texnologiyalarını neftdən sonrakı inkişafın prioritet sahəsi elan etmiş dövlət başçısı İlham Əliyev son illər sektorun dinamik inkişafını təmin edən bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalayıb. 
Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə təsdiq etdiyi «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olub. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında qərarlaşıb, Cənubi Qafqazda isə birinci olub. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətə və bütün dünyaya bəyan edib. İlk dəfə olaraq bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilib, elmtutumlu yeni texnologiyalarının inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilib. 
Cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərinə BMT-nin mandatı altında 2003-cü ilin dekabr ayında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlayıb. Azərbaycan Prezidenti həmin sammitdə bəyan edib ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahələrdən biri kimi nəzərdən keçirilir. Cənab İlham Əliyevin həmin sammitdə qeyd etdiyi kimi, ölkəmizin Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi real zəminə əsaslanır. Azərbaycan neftən əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, o cümlədən yüksək texnologiyaların, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə yönəltməyi davamlı və tarazlı inkişaf baxımından son dərəcə vacib sayır. Ölkə başçısının «Qara qızılı insan qızılına, intellektual potensiala çevirək» tezisi Azərbaycan cəmiyyətində İKT-nin inkişafını stimullaşdıran başlıca amilə çevrilib. 
«Azərbaycan Respublikasının İnkişafı Naminə İKT üzrə Milli Strategiya» (2003-2012-ci illər) əsasında «Elektron imza və elektron sənəd haqqında», «Elektron ticarət haqqında», «İnformasiya əldə etmək haqqında» və «Telekommunikasiya haqqında», «Poçt rabitəsi haqqında» kimi mühüm qanunlar, Biometrik informasiya haqqında», «Fərdi məlumatlar haqqında», «Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı», «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)» və s. sənədlər qəbul edilib. 
Bu sahədə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 15 mart tarixli «Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında» Sərəncamı da informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edib. İKT ili ilə bağlı Tədbirlər Planına müvafiq olaraq informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun tam fəaliyyəti təşkil edilib. 
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir. Sənayeləşmə siyasətinin davamı olaraq hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlayıb, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad ediliblər. «Yüksək Texnologiyalar Parkı» innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir. 
 Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" bu sahənin inkişafına geniş imkanlar açmışdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu il 3 may tarixdə o zamankı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Qurum ötən illərdə telekommunikasiya peykinin, o cümlədən məsafədən distansion zondlama peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi sahəsində tədbirlər həyata keçirib. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı üzrə görülən ardıcıl işlərin nəticəsi kimi isə 8 fevral 2013-cü il tarixində ölkəmizin müasir tarixinin ən önəmli hadisələrindən biri baş verib - müstəqil Azərbaycan dövlətinin peykləri orbitə buraxılıb. Bütün bunlar respublikamıza informasiya-kommunikasiya sahəsində daha böyük layihələri  gerçəkləşdirmək imkanı qazandırıb. 
İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruridir. Sektor üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulmuş, eyni zamanda 2013-cü ildə ölkəmizdə İnformasiya Texnologiyaları Universiteti yaradılıb və ilk tələbələrini qəbul edib. 
Ümumilikdə, ötən 17 ildə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoruna 3 milyardan çox sərmayə yatırılıb. İKT sektorunun dəstəklənməsi sayəsində bazarda yeni stasionar və mobil operatorlar, İKT məhsulları istehsalçıları meydana gəlib, sağlam rəqabət mühitinin yaradılması üçün lazımi tədbirlər həyata keçirilib. Bu müddətdə İKT üzrə özəl sektorun həcmi 80 faizə çatıb. 
Azərbaycanda əhalinin 70 faizindən çoxu gernişzolaqlı internet istifadəçisidir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunub. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 15 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 20 ölkə sırasındadır.
Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun (World Economic Forum -WEF) «Qlobal informasiya texnologiyaları 2015» (“Global İnformation Technology Report 2015») adlı hesabatına görə, Azərbaycan mobil İKT sektoruna verdiyi dəstəyə görə dünyada ilk onluqda yer alıb. Ölkəmiz bu sahədə Koreya, Norveç, ABŞ, Almaniya və Böyük Britaniya kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Bundan başqa, Azərbaycan mobil rabitənin tarifinə görə 144 ölkə arasında 28-ci, internet tariflərinə görə 16-cı, İKT-ni ölkədə prioritet sahə hesab edən dövlətlər arasında 9-cu, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşıb. 

S.Elmanoğlu

Sizin Reklam Yeriniz