Əlaqə Arxiv
news Image
2013.10.10
09:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlar qeyri-neft sektorunun tərəqqisində daha böyük rol oynamağa başlayırlar

Birmənalı həqiqətdir ki, bu gün regionların inkişafı qeyri-neft sektorunun dinamik yüksəlişinə mühüm töhfələr verir. Xüsusən də kənd təsərrüfatı sahəsində yaşanan artım qeydə alınır. Araşdırmalar göstərir ki, 2013-cü ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3731,5 milyon manat olub. 2012-ci ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 4,5 faiz, o cümlədən bitkiçilik üzrə 3,9 faiz, heyvandarlıq üzrə isə 5,2 faiz artıb.

Yüksək məhsuldarlığıın əldə olunmasına meliorasiya tədbirləri də birbaşa təsir göstərir. Son 10 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb. Bu müddətdə mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 2000-dən artıq maşın və mexanizmlər, o cümlədən 1036 ədəd torpaqqazan texnika alınıb, onların məhsuldarlığı 2001-ci il ilə müqayisədə 2 dəfəyə yaxın artıb. Son 10 ildə 1481,2 kilometr suvarma kanalları, 1036 kilometr kollektor-drenaj şəbəkələri tikilib istifadəyə verilib, 279,1 min hektar suvarılan torpaqların su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılıb, 21 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 722 ədəd subartezian quyusu qazılıb.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində aparılan lildən təmizləmə işlərinin həcmi 2,2 dəfə artıb, 2003-cü ildə suvarma kanalları və kollektor-drenaj şəbəkələrinin 10 min 477 kilometr hissəsi lildən təmizləndiyi halda, 2012-ci ildə bu iş 23 min 211 kilometr hissədə həyata keçirilib. Çay məcralarında mexanizmlər vasitəsilə məcratəmizləmə və tənzimləmə işlərinin həcmi 2003-cü ilə nisbətən 2012-ci ildə 2,4 dəfə, dağ çaylarında mövcud olan daş-beton bəndlərdə aparılan təmir işlərinin həcmi 1,2 dəfə artıb. Bununla yanaşı, bir sıra mühüm layihələrin həyata keçirilməsi də prosesə təsirini göstərir. Məsələn, məlumdur ki, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış özəl pilot taxılçılıq təsərrüfatında yüksək məhsuldarlıq əldə olunur. Pilot taxılçılıq təsərrüfatında 1875 hektar sahədə əkilmiş payızlıq ərzaq buğdasının biçini başa çatdırılıb. Məhsuldarlıq hər hektarda 55 sentner təşkil edib. Ümumiyyətlə, sahələrdən 10,3 min tona yaxın yüksək keyfiyyətli buğda istehsal olunub. Hazırda 2000 hektar sahədə əkilmiş, müasir aqrotexniki qaydalara uyğun becərmə işləri aparılmış və yüksək vegetasiya dövrü keçmiş qarğıdalının biçini davam etdirilir. Qarğıdalı sahələrində məhsuldarlıq hər hektarda orta hesabla 100 sentnerdir.

Bir sıra rayonlarda isə ənənvəi məhsulların istehsal sahəsi və həcminin artırılmasına xüsusi diqqət yetirilir. Məsələn, son illər Göyçayda narçılığın inkişafı geniş vüsət alıb. Rayonda kənd təsərrüfatının gəlirli sahələrindən biri narçılıqla məşğul olan fermerlərin sayı, yeni salınan nar bağlarının ərazisi və məhsuldarlığın ildən-ilə artması buna imkan verir. Mütəxəssislərin fikrincə, bu il məhsul ötən ilə nisbətən artıq olacaq. İldən-ilə daha məhsuldar nar sortları, xüsusən də Şahnar, Çəhrayı gülövşə, Bala Mürsəl, Azərbaycan gülövşəsi, Nazikqabıq, Qırmızı vələs yetişdirilir, yeni bağların salınması üçün tədbirlər görülür. Cari ilin yaz aylarında rayonda 70 hektar sahədə nar bağı salınıb. Son 3 ildə isə 800 hektar sahədə yeni nar bağı salınıb. Narın vətəni olan Göyçayda yeni nar bağları əsasən Qarayazı, Alxasava, Qaraməryəm, Veysəlli, Hacıalıkənd, Bığır, Qarabaqqal kəndlərində salınıb. Hər hektara isə 600-650 ədəd şitil əkilib. Cari ilin payız aylarında boş sahələrdə yeni bağların salınması üçün hazırlıq işləri görülür. Hazırda Göyçayın 20-dən çox kəndində vətəndaşlar öz fərdi təsərrüfatlarında narçılıqla məşğul olurlar. Narçılıq kənd sakinlərinin əsas gəlir mənbəyi hesab edilir. Bundan başqa, rayonda narçılıqla məşğul olan yüzdən çox fermer var ki, onlar da hər il narçılığın inkişafı üçün yeni bağların salınması işini həvəslə davam etdirirlər.

Ümmuiyyətlə, regionlarda meyvəçilik son illərdə dinamik inkişaf edir. Məsələn, Qəbələ rayonunun kəndlərində əhalinin əsas gəlir mənbəyi olan meyvəçilik ildən-ilə inkişaf etdirilir. Rayondakı alma bağlarından bugünədək 1033 ton məhsul götürülüb. Bundan başqa indiyədək 130 ton şabalıd, 145 ton qoz, 800 ton üzüm toplanmışdır. Hazırda məhsul yığımı davam etdirilir. Bu günlərdə heyva bağlarında məhsul yığımına başlanılacaqdır.

Qəbələ rayonunun kəndlərində əhalinin əsas gəlir mənbəyi olan fındıq bağlarının genişləndirilməsi üçün hər il ardıcıl tədbirlər görülür. Hazırda rayonun fındıq bağlarında məhsul yığımı davam edir. Rayonda 3 min 390 hektar bar verən fındıq bağı mövcuddur. Fermerlər son günlərdə bağlardan 4 min 500 ton fındıq yığıblar. Bu il rayonda fındıq istehsalının 6 min 200 tondan artıq olacağı gözlənilir. Ötən il fındıq bağlarından 6 min 115 ton məhsul əldə edilib. Son bir ildə rayonun fermerləri 40 hektar sahədə yeni fındıq bağı salıblar. Kəndlilər əldə etdikləri məhsulu bazara çıxarmaqla yanaşı sərfəli qiymətə Qəbələ Fındıq Emalı Zavoduna da sata bilirlər. Hazırda rayonun 12 kəndində fındıq qəbulu məntəqələri fəaliyyət göstərir. Qəbələli fermerlər həm də payızlıq taxıl səpininə ciddi hazırlaşırlar. Bu məqsədlə artıq 15 min 860 hektar sahədə şum çıxarılmışdır. Taxılçılar torpağa üzvi və mineral gübrələr verir, toxum tədarükü görürlər. Sahələrə əsasən "Aran", "Qobustan", "Şəki-1", "Nurlu", "Əzəmətli", "Cəlilabad-19", "Qarabağ-7" taxıl sortundan olan toxumlar səpiləcək. Rayonda taxılçılığa maraq xeyli artıb. Bu il 26 min 200 hektar sahədə taxıl səpini aparılması nəzərdə tutulur. Oktyabrın 10-da rayonda arpa səpininə start veriləcək, noyabr-dekabr aylarında isə buğda səpini aparılacaq.

Son illərdə regionlarda çəltik sahələrinin də genişləndirilməsiən xüsusi diqqət yetirilir. Belə rayonlardan biri olan Ağdaşda çəltik yığımı başa çatıb. Bu il Ağdaşın 17 kəndində 162 fermer ümumilikdə 1480 hektar sahədə yetişdirib. Yenicə, Şordəhnə, Güvəkənd, Binələr, Cardam, Ovculu, Mürsəl, Qumlax, Şıxlı, Aşağı Ləki, Məşəd, Nemətabad, Hapıtlı kəndlərində yığılmış çəltik rayondakı 8 düyü dəyirmanında emal olunur.

Ən çox çəltik Qaradağlı kəndində əkilib. Fermerlər 150 hektar çəltik sahəsinin hər hektarından 50-60 sentner məhsul götürüblər. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Bu düyü hələ bazara çıxarılmamış, elə dəyirmandaca kiloqramını bir manatdan satılır. Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsinin başqa bir xeyri də vardır. Belə ki, çəltik əkilib becərilməsi torpaqların şoranlaşmasının qarşısını alır. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən 80 manat yardım alırlar. Düyü istehsalından yaxşı qazanc götürən fermerlər ildən-ilə daha çox çəltik əkirlər. Ötən il rayonda 1230 hektar sahədə çəltik əkilmişdisə, bu il əkin sahələri 1480 hektara çatdırılıb. Xaricdən gətrilən müxtəlif cins heyvanlar hesabına heyvandarlıqda daha yüksək nəticələr əldə olunmaqdadır. Qeyd edək ki, ilin ötən dövründə "Aqrolizinq" ASC tərəfindən Fransadan diri çəkisi 80-90 kiloqram, laktasiya dövrü 250 gün olan, ildə 800-1000 litr süd və 2-3 bala verən 340 baş "Alpin", Hollandiyadan isə məhsuldarlığı ildə 1000-1200 litr süd və iki bala olan 330 baş "Saanen" keçi cinsləri gətirilib.

Ağcabədi rayonunda yerləşən "BEMS AGRO" heyvandarlıq şirkəti bu sahədə mühüm yeniliklərə imza atıb. Belə təsərrüfatın Azərbaycanda ilk dəfə yaradılması, keçi ətinin və südünün qiymətli qida məhsulu olması bunun bütövlükdə respublikada heyvandarlıq məhsullarının istehsalının artırılmasına öz töhfəsini verəcəyini deməyə əsas verir. Bu sahəyə maraq göstərən fermer və sahibkarların "Aqrolizinq" ASC-yə müraciət etmələri tövsiyə olunur. Bu il xaricdən 2120 baş yüksək məhsuldar damazlıq keçi alınması nəzərdə tutulub. Artıq 670 baş damazlıq keçi alınaraq ölkəyə gətirilib.

Ağdaş rayonunda fəaliyyət göstərən "Türyançay" Fermer Təsərrüfatı MMC-nin sifarişi ilə tikilən müasir tipli heyvandarlıq kompleksində isə işlər başa çatmaq üzrədir. Müasir kompleksdə 1200 baş cins südlük-ətlik heyvan bəslənəcək. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, yem anbarları, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, nasosxana inşa edilmişdir. Kompleksdə yardımçı binalar tikilir, ətraf ərazi abadlaşdırılır. Kompleks müasir avadanlıq, avtomatik yemləmə, soyutma sistemləri ilə təchiz edilmişdir. Hazırda kompleksdə Macarıstandan gətirilmiş 400 baş cins inək bəslənilir. Havaların nisbətən isti keçməsinə baxmayaraq qısa vaxt ərzində heyvanlar yerli iqlim şəraitinə uyğunlaşıb. Daim baytar həkimlərin nəzarətində olan inəklər hazırda tam sağlamdır. İnəklərdən 93 baş sağlam bala alınıb. Kompleks tam istifadəyə verildikdən sonra burada südlük və ətlik cins heyvanların baş sayının 1200-ə çatdırılması nəzərdə tutulub. Gün ərzində 25 litrdən çox süd verən "Holstein Friesian" cinsindən olan inəklərin hər gün 5 dəfə yemlənməsi üçün kifayət qədər ehtiyat var. Bu il 1000 hektar əraziyə yonca toxumu, 500 hektar sahəyə isə yem üçün arpa və qarğıdalı səpilib və biçin aparılaraq lazımi qədər yem tədarük edilib. Kompleksdə 110 nəfər daimi işlə təmin olunacaq. Bütün bunlar öz növbəsində regionların dinamik tərəqqsinin real göstəricisidir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz