Əlaqə Arxiv
news Image
2013.10.30
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların inkişaf proqramı Lənkəranda da uğurla icra olunur

Azərbaycan regionlarının mövcud inkişaf səviyyəsi onların qarşıdakı dövr ərzində ölkənin sosial-iqtisadi həyatında daha böyük rol oynayacağını deməyə əsas verir. Bu isə öz növbəsində regionların tərəqqisi istiqamətində həyata keçirilən dövlət siyasətinin, qəbul olunmuş müvafiq proqramların artıq öz müsbət nəticələrini verməsinin real təsdiqi kimi çıxış edir. Böyük nəticələrin əldə olduğu bölgələrdən biri də əsrarəngiz təbiətə malik Lənkəran rayonudur.

2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər də bunun real təsdiqidir. Belə ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərib və rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunub. Hesabat dövrünün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri oldu. Həmişə olduğu kimi, Prezidentin budəfəki səfəri də yeni açılışlarla, xoş xatirəyə çevrilən görüşlərlə müşayiət olundu. Prezidentin xeyir-duası ilə ilk dəfə şəhər əhalisinin istifadəsinə dünya standartları səviyyəsinə uyğun içməli su verildi. Yaraşıqlı xarici görünüşə və çox mühüm sosial-mədəni əhəmiyyətə malik Gənclər Mərkəzinin, on minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun asfaltlanmadan sonra açılışı, ən müasir tələblər səviyyəsində yenidən qurulmuş Mərkəzi Rayon Xəstəxanası ilə tanışlıq bu səfərin ən yaddaqalan anları oldu.

Rayonda istehsalın dinamik artım səviyyəsi cari ilin doqquz ayında da saxlanılıb, həm sosial, həm də iqtisadi sahədə yüksək nəticələr qazanılıb. Əldə olunmuş müsbət dəyişilikləri rayon üzrə statistik göstəricilər də təsdiq edir. Ötən müddətdə rayonda 1903 yeni iş yeri açılıb, bunun da 1539-u daimi iş yerləri olub. 2013-cü ilin doqquz ayında rayonda ümumi məhsul istehsalı 21,3 faiz artaraq 282,5 milyon manata çatıb. Sahibkarlığın inkişafına dövlət və yerli səviyyədə dəstək nəticəsində özəl sektorun payı sənayedə 71 faiz, aqrar bölmədə 99,9 faiz və pullu xidmətlərdə 82,4 faiz təşkil edib. Hesabat dövründə 95 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Rayon fermerləri bu mövsümdə 125 min ton tərəvəz, 3 min 380 ton taxıl, 5 min 256 ton kartof, 6 min 509 ton meyvə, 99,5 ton yaşıl çay yarpağı tədarük ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 90 ton, meyvə istehsalı 170 ton, taxıl istehsalı 64,2 ton artıb.

Cari ilin 9 ayı ərzində rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri davam etdirilib. Şəhərin Şəhidlər xiyabanı küçəsi tamamilə yenidən qurulub və dörd zolaqlı yol istifadəyə verilib. Küçədəki körpü genişləndirilib, küçənin hər iki tərəfində yeni səkilər tikilib, müasir işıqlandırıcılar quraşdırılıb. Həmin küçədə, Göyşaban dairəsindən Ləvəngi dairəsinədək, Heydər Əliyev prospektinədək olan yolda, Heydər Əliyev prospektinin özündə küçə hasarlarının inşası və üzlük plitələrlə üzlənməsi, səkilərə yeni bardürlərin düzülüşü və tametlərin döşənməsi, körpü məhəccərlərinin rənglənməsi, müasir küçə işıqlandırıcılarının quraşdırılması, divarların və bardürlərin yenidən rənglənməsi işləri başa çatdırılıb. Sütəmurdov kəndi ərazisində Olimpiya İdman Kompleksinə gedən yolda yeni səkilər tikilib, müasir işıqlandırıcılar quraşdırılıb. Lənkəran şəhərlərarası avtovağzalının yerləşdiyi ərazidə yeni yol dairəsi yaradılıb və dairədə ornamentli postament üzərində saat quraşdırılıb. Gərmətük yol dairəsində də mənzərəli guşə yaradılıb. "Bulaq" kompleksi yenidən əsaslı təmir olunub.

Rayonun giriş qapısı olan Qumbaşı kəndi ərazisində yol guşəsi zənginləşdirilib, orada rəmzi qala divarı hörülüb, yaşıllıq zolağı salınıb, magistral yol üzərindəki körpünün məhəccərləri rənglənib və piyada keçidi üzərində bardür və tamet düzülüb. Göyşaban dairəsindən Ürgə kəndinə qədər olan ərazidə yaşıl təpələrdən ibarət mənzərəli təbiət guşəsi yaradılıb, Göyşaban kəndi ərazisindəki Qala kompleksi yenidən qurulub, divarlarına ağ lay vurulub, qarşısında tamet üzlüklərlə əhatələnmiş yaşıl zolaqlar yaradılmışdır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına xatirə parkında yenidənqurma və təmir işləri aparılıb, orada uşaqların istirahəti üçün uşaq əyləncə mərkəzi yaradılıb, ərazi müasir görkəm alıb. Abidənin postamenti və ətarfı daha keyfiyyətli mərmərlə örtülüb. Şəhərin mərkəzində yerləşən Əfqanıstan veteranları parkı əsaslı şəkildə yenidən qurulub, orada müasir işıqlandırıcılar quraşdırılmış və yaşıllıq zolaqları salınıb.

Ümumilikdə şəhər ərazisində 316 ədəd yeni küçə işıqlandırıcıları quraşdırılıb, uşaqlar üçün oyun meydançaları yaradılıb. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün Prezidentin göstərişi ilə Şəhidlər Xiyabanı ərazisində 24 mənzilli yaşayış binası və rayonun Günəhir, Osaküçə, Bəliton, Vilvan və Havzava kəndlərində vətəndaşlar üçün fərdi yaşayış evləri tikilib istifadəyə verilib. Əhaliyə əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsi şəhər İcra hakimiyyətinin diqqət mərkəzində olub.

Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilib. Lənkəran Qaz İstismar Sahəsi 2013-cü 9 ayında əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirib. İndiyədək 48 kəndə, cari ilin 9 ayında isə 33 kəndə qazın verilməsi təmin edilib. Yaxın aylarda daha 8 kənd yaşayış məntəqəsinə təbii qazın verilməsi nəzərdə tutulub. Bu da rayon üzrə 85 faiz qazlaşma deməkdir. Şəhər üzrə qazlaşma 98 faiz təşkil edir. Ötən dövrdə Lənkəran Su-kanal idarəsi tərəfindən şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Lənkəran şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması işi "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na daxil edilib. Dəyəri 210 milyon manat olan layihə rayonun sosial-iqtisadi inkişafına qoyulmuş bütün investisiyaların cəmindən dəfələrlə çoxdur.

42 saylı Yol İstismar İdarəsi tərəfindən ötən müddət ərzində Ələt-Astara, Lənkəran-Lerik magistral yolunda cari təmir işləri aparılıb. Rayonun Bəliton kənd yolunda 1 ədəd, Tükəvilə, Diryan, Gəgiran yolunda isə 2 ədəd yeni dəmir-beton konstruksiyalı körpü inşa edilmiş, 73 ədəd yeni yol nişanları quraşdırılıb. Cari ilin 9 ayında rayonda təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün ardıcıl iş aparılıb. Dərs ilinin əvvəlində Vilvan kəndində 640 şagird yerlik yeni orta məktəb, şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib istifadəyə verilib. Hazırda Bəliton kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Darquba kənd tam orta məktəbi üçün 220 şagird yerlik binanın tikintisi davam etdirilir. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir.Mərkəzi Rayon Xəstəxanasının bütün müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə kompleks işlər görülüb. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən ayrılmış vəsait hesabına Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə təmir olunub və istifadəyə verilib. Lənkəran şəhərində Rayonlararası Narkoloji xəstəxana üçün 18 çarpayılıq yeni bina tikilib istifadəyə verilib.

Ötən dövr ərzində rayonun mədəni-maarif müəssisələrində də müəyyən işlər görülüb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" rayonumuzda da uğurla icra edilir. Gənclərin işləməsi, təhsil alması, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə müxtəlif təşkilati tədbirlər görülür. Bu mənada Lənkəran şəhərində Heydər Əliyev xatirə parkında istifadəyə verilmiş, 3 mərtəbəli Gənclər Mərkəzinin böyük əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə əsl tövhə olmuş bu möhtəşəm mərkəz, lənkəranlı gənclərin ən sevimli məşğuliyyət yerinə çevrilib.

2013-cü ildə rayonun qarşısında həlli vacib məsələlərin bir qisminin çözümü regionların 2009-2013-cü illərə aid sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz əksini tapıb. Belə ki, şəhər, kənd və qəsəbələrin inkişafı ilə əlaqədar yeni infrastruktur layihələr həyata keçiriləcək, su-kanalizasiya sisteminin yenidən qurulması, elektrik təsərrüfatının yaxşılaşdırılması və qazlaşma işləri davam etdiriləcək. Eyni zamanda, bu il rayonda 110 yerlik uşaq bağçası və uyğunlaşdırılmış binalarda yerləşən 11 məktəb üçün yeni binaların tikintisi, 1 məktəbin əsaslı təmiri, 15 çoxmərtəbəli yaşayış binalarında bərkitmə-gücləndirmə işlərinin aparılması nəzərdə tutulub. Prezidentin 13 sentyabr 2013-cü il tarixli 3140 saylı Sərəncamı ilə ayrılmış 2,6 milyon manat vəsait hesabına Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisi başa çatdırılıb. Ölkə başçısının 13 sentyabr 2013-cü il tarixli digər Sərəncamı ilə isə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun təmiri üçün 2,0 milyon manat vəsait ayrılıb və sərəncamın icrasına başlanılıb. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Hirkan-Mamusta-Siyavar yolunun 7 km-i, Hirkan-Xanbulan-Biləsər yolunun 10 km-i və Veravul-Qaraağaclı yolunun 4 km hissəsinin əsaslı təmiri nəzərdə tutulub. Bununla əlaqədar hazırlıq işlərinə başlanılıb. Digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

Sizin Reklam Yeriniz