Əlaqə Arxiv
news Image
2013.11.22
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Geniş abadlıq-quruculuq işləri Tərtərin simasını dəyişir

Bu gün Azərbaycan üçün əsas xarakterik cəhətlərdən biri də ölkədə geniş abadlıq-quruculuq işlərinin aparılmasıdır. Bu hal təkcə paytaxt Bakı ilə məhdudlaşmayaraq bütün Azərbaycanı, onun regionlarını əhatə edir. Qeyd olunanların daha bir real nümunəsi isə özünü Tərtərin timsalında qabarıq formada büruzə verir.

Təbii ki, rayonun bugünkü tərəqqisində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi müstəsna rol oynayıb. Dövlət Proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq və abadlıq işlərinin aparılması sahəsində böyük nailiyyətlər əldə olunub, əhalinin rifah halı davamlı surətdə yüksəlib. Rayonda geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri Tərtərin simasını nəzərəçarpacaq dərəcədə dəyişib.

Bu gün yolunu Tərtərdən salanlar bir daha geniş abadlıq-quruculq işlərinə şahidlik edə bilərlər və bu sahədə görülən işlər uğurla davam etdirilməkdədir. Rayonda aparılan quruculuq işləri fonunda gözəlliyi ilə göz oxşayan məkanlardan biri Heydər Parkıdır. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin oktyabrında rayona səfəri çərçivəsində Prezident İlham Əliyev Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulub. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilib. Burada yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirililib. Qeyd edək ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilib, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılıb. Parkda dekorativ ağaclar və gül kolları əkilib. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılıb. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunub.

Milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompüter mərkəzi, elektron kitabxana yaradılıb. Tədris siniflərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, ulu öndərin mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlar verilir. Bundan əlavə, mərkəzdə xarici dillər otağı və rəsm studiyası da yaradılıb. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunur.

Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılıb. Burada ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılıb. Tərtərlilər ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar. Tərtərdə yaradılan bu möhtəşəm mərkəzdən bəlli olur ki, ümummilli lider Heydər Əliyev xalqının qəlbində əbədi olaraq məskən salıb. Ümumilikdə mərkəz ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılıb.

Onu da xatırladaq ki, rayona səfəri çərçivəsində Prezident İlham Əliyev Tərtərdə süd emalı zavodunun açılışındada iştirak edib. "Gilan" MMC tərəfindən Tərtər rayonunun Buruc kəndində inşa edilən süd emalı zavodunun tikintisi rayonda sahibkarlığın inkişafına dəstək olmaqla yanaşı, süd məhsullarının müasir tələblərə uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım sayılır. Ümumi ərazisi 1,5 hektar olan zavodun qapalı sahəsi 4,4 min kvadratmetrdir. Beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunmuş müəssisənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator quraşdırılıb. Sutkalıq emal gücü 20 ton olan zavoda süd Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə beş südtoplama məntəqəsi təşkil edilib. Məntəqələr soyuducu və mobil generatorlarla təchiz edilib. Satış şəbəkəsi, müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 20, satış şəbəkəsində isə 30 nəfər işləyir. Zavodun istehsal bölməsində müxtəlif çeşiddə inək və qoyun pendirləri, qatıq, dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bu məhsulların hər biri burada yaradılan ayrı-ayrı sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir.

Tərtərdə Gənclər Mərkəzi də öz memarlıq üslubuna görə xüsusi diqqət cəlb edir. Məlumdur ki, bu gün ölkəmizdə savadlı, bilikli, intellektual, vətənpərvər ruhlu gənclərin yetişməsi məsələsinə xüsusi diqqət yetirilir. Məhz bundan ruhlanan gənclərimiz siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə Azərbaycanı dünyada layiqincə təmsil edirlər. Gənclər Mərkəzi də gənclərin qeyd olunan istiqamətdə fəaliyyəti üçün zəruri sayılır. Tərtərdəki mərkəzin ikimərtəbəli binasının inşası maksimum keyfiyyətlə və sürətlə həyata keçirilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin Tərtərə səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər qurulub. Mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi yaradılıb. Mərkəzin 112 yerlik iclas zalı da müasir standartlara cavab verir. Zalda rayon miqyaslı müxtəlif tədbirlər keçirmək də mümkündür. Bundan başqa, mərkəzin birinci mərtəbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və virtual-rinq otaqları da yaradılıb. Virtual-rinq otağında gənclərin müxtəlif intellektual oyunlar keçirmələri üçün zəruri sistem qurulub.

Mərkəzdəki tir otağı da müasir standartlar səviyyəsindədir. Beşzolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək üçün imkan əldə edirlər. Otaqdakı virtual tir böyük maraq doğurur. Gənclər dünyanın aparıcı şirkətlərinin istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə bilərlər. Mərkəzdə ən son texnoloji avadanlıqla təchiz edilən 30 nəfərlik 3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya da var. Bundan başqa, burada gənclərin müxtəlif tədbirlər keçirmələri üçün konfrans zalı da yaradılıb. Gənclər Mərkəzinin həyətində mini stadion inşa edilib, ətraf abadlaşdırılıb, fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb, geniş yaşıllıq işləri görülüb.

Gedən abadlıq-quruculuq işlərin fonunda Tərtərdə Dövlət Bayrağı meydanından xüsusi bəhs olunmalıdır. Şəhərin Bərdə istiqamətindəki girişində bir hektara yaxın ərazidə yaradılan Dövlət Bayrağı meydanı yüksək səviyyədə inşa edilib. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 65 metr, bayrağın uzunluğu 14, eni isə 7 metrdir. Dövlət bayrağı rayonun bir çox yerindən aydın görünür. Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, yaşıllıq zolaqları salınıb, müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Burada, həmçinin istirahət guşələri yaradılıb, fəvvarələr quraşdırılıb, oturacaqlar qoyulub. "Ana və uşaq" istirahəti mərkəzinin inşa edildiyi meydanın istinad divarları mərmər və digər bəzək daşları ilə üzlənib ki, bu da əraziyə xüsusi gözəllik verir. Müasir işıqlandırma sistemi axşam saatlarında bu ərazini daha da cəlbedici edir. Cari il ərzində isə Dövlət Bayrağı meydanı 1,7 hektar genişləndirilib, 60 ədəd işıq dirəyi qoyulub, Bərdə-Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılıb. Dövlət Bayrağı meydanının genişləndirilməsi zamanı burada uzunluğu 700 metr olan istinad divarı hörülüb və 1500 kvadratmetrdən çox sahə aqlay daşı ilə üzlənib. Meydanda quraşdırılmış sütunların aralarına 420 kvadratmetr metal konstruksiyalı şəbəkələr quraşdırılıb. Parkın işıqlanmasını normal təmin etmək məqsədilə 1 ədəd yeni transformator quraşdırılıb, yaşıllıq zonalarının suvarılması üçün 1 kilometrdən çox su xətləri çəkilib, parka 50 ədəd oturacaq, 50 ədəd zibil qutuları qoyulub. Avtomobillərin dayanması üçün 2 min kvadratmetrdən çox əraziyə asfalt örtüyünün salınması üçün görülən işlər də məmnunluqla qarşılanır.

R.BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz