Əlaqə Arxiv
news Image
2014.02.10
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların inkişaf proqramı Naftalanın tərəqqisində yeni mərhələ açıb

Tərəqqi templəri getdikcə daha sürətli xarakter almağa başlayan müasir Azərbaycan modern inkişaf yolunda get-gedə daha böyük nailiyyətlərin müəllifi kimi çıxış etməyə başlayır. Bütün bunlar isə əhalinin sosial rifah halında da özünü qabarıq büruzə verir, insanların həyat səviyyəsi yüksəlməkdə davam edir. Digər tərəfdən, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ümumi daxili məhsul istehsalının həcmi də davamlı şəkildə artır.

Bu kontekstdə isə ölkə regionları ümumi iqtisadi həyatda daha çox rol oynamağa başlayır. Eyni zamanda, regionlar özlərinin iqtisadi yüksəliş mərhələsini yaşayır ki, bunu Naftalan şəhərinin timsalında da aydın görmək olar.

Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə dair şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov təqdim etdiyi hesabatda bununla bağlı bildirir ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Naftalanın da sosial-iqtisadi inkişafına müsbət təsir göstərmib və şəhərdə bütün sahələr üzrə müsbət nəticələr əldə olunub. Belə ki, Şəhərdə ümumi məhsul buraxılışı 2012-ci ilə nisbətən 1.8 dəfə artaraq 16877.7 min manat, sənaye istehsalı 23 faiz artaraq 1505.3 min manat olub. Tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artaraq 8426.1 min manat təşkil edib. İl ərzində əhaliyə 255.6 min manatlıq nəqliyyat, 151.8 min manatlıq rabitə xidmətləri göstərilib. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 16.3 faiz artaraq 11369.6 min manata çatıb. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 15115.2 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 2012-ci illə müqayisədə 14 faiz artaraq 254 manat olub.

2013-cü ildə şəhərin büdcəsi subsidya ilə birlikdə 5200.57 min manat, xərcləri isə 5045.84 min manat olub. Yerli mənbələrdən gəlir üzrə daxil olma 2315 min manata qarşı 2358 min manat təşkil edib. Bunun da nəticəsində yerli gəlir və xərcləri tənzimləmək üçün Respublika büdcəsindən ayrılan subsidiyaya qənaət olunub, 1230.1 min manat vəsait alınması planlaşdırıldığı halda, 1050 min manat alınıb. Naftalanda həyata keçirilən tədbirlər sosial sahələrdə də müsbət dəyişikliklərə səbəb olub. Dövlət başçısı tərəfindən imzalanmış "Sosial xidmətlər haqqında" qanunun tətbiqi ilə əlaqədar olaraq mühüm işlər görülüb, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 117 ailəyə ünvanlı sosial yardım təyin edilib, 11 Çernobl əlilinə müalicə üçün 1093 manat məbləğində yardım verilib. Bundan başqa mərkəzin sosial məişət xidmət sektoru tərəfindən 48 nəfər tənha ahıl və tənha əlil vətəndaşa sosial xidmət göstərilib. Pensiya, müavinət və sosial yardımlar isə vaxtlı-vaxtında ödənilib, əhaliyə pensiya və müavinət ödənişi üzrə borc qalmayıb. İşsiz vətəndaşların işlə təmin olunması istiqamətində şəhər Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülüb, əmək yarmarkaları təşkil olunub.

2013-cü ildə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilib və əkinçilik sahəsində müsbət irəliləyişlər əldə olunub. Naftalan şəhərinin tərkibində olan 2 kənddə ümumilikdə ötən ildə 26 sentner buğda, 26 sentner arpa istehsal olunub. Həmçinin, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi ötən ildə də davam etdirilib, 158 nəfər kənd təsərrüfatı istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 12.328 min manat məbləğində yardım verilib.

Respublikanın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də məktəblərin maddi-texniki bazası gücləndirilib, məktəblərdə təmir işləri aparılıb, eləcə də qış mövsümündə məktəbləri istiliklə fasiləsiz olaraq təmin etmək üçün mövcud istilik sistemində cari təmir işləri görülüb. Yeni 280 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Səhiyyə sahəsində də mühüm nailiyyətlərə imza atılıb. Qeyd edək ki, Naftalan Şəhər Xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Lakin Prezident İlham Əliyevin əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə Naftalan şəhərində müasir tələblərə cavab verəcək yeni xəstəxananın tikintisi ilə bağlı verdiyi tapşırıq şəhər sakinlərinə və xəstəxananın kollektivinə böyük sevinc və fərəh hissi bəxş edib.

Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən isə tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilib, bir çox bayram günlərində isə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün konsert proqramları təşkil olunub. Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumşəhər tədbiri keçirilib. Həmçinin, şəhərin mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün yeni kompüter dəsti, musiqi alətləri, kitab rəfləri və s. avadanlıqlar alınıb. Şəhər Gənclər və İdman idarəsi idmanın inkişaf etdirilməsi, gənclərlə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman tədbirləri keçirilib və şəhər birinciliyinin qalibləri respublika miqyaslı yarışlarda uğurla çıxış ediblər.

2013-cü il ərzində sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra problemlərin həlli istiqamətində aparılan tikinti işləri bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. Sahibkarlığın inkişafı istiqamətində də həyata keçirilən tədbirlər, onlara yaradılan münbit şərait və verilən dəstək nəticəsində sahibkarlar tərəfindən istismara yararsız sanatoriyaların yerində yeni müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisi işləri davam etdirilir. Hazırda Qarabağ sanatoriyasında son tamamlama işləri aparılır.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Respublikanın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də uğurla icra edilib. Dövlət Proqramına uyğun olaraq şəhərdə istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılıb, müasir istilik sistemləri, qazanxanalar quraşdırılıb, elektirk şəbəkəsinin yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilib, bütün abonentlərə smart-kart tipli sayğac quraşdırılıb, hazırda bu sahədə işlər davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq, ötən il əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin su təchizatı sisteminin bir hissəsinin və kanalizasiya şəbəkəsinin tikintisi işlərinə başlanılıb, artıq Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 315 mm diametrli borularla 5,9 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılıb və bunun da nəticəsində əhali yüksək keyfiyyətli su ilə təmin olunub. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarının inşası başa çatdırılıb.

Dövlət Proqramına uyğun olaraq şəhərin səhiyyə kurort müəssisələrinin təmiri və yenidən qurulması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərlə müqayisədə artaraq 15 min nəfərə çatıb. Şəhərdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərlə bərabər şəhərin sosial-iqtisadi inkişafı üçün bir çox işlər görülüb və bu gün də davam etdirilir. Belə ki, hazırda sakinləri narahat edən mənzil-məişət problemlərinin həlli istiqamətində irimiqyaslı tədbirlər görülür. Çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilir, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, binaların dəhlizləri təmir olunur. Artıq 12 yaşayış binasında bu işlər tam başa çatdırılıb, 6 binada isə işlərə başlanılıb.

Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təmin edilməsi üçün Heydər Əliyev parkında yenidənqurma və abadlıq işləri həyata keçirilib, yeni yaşıllıq zolaqları salınıb, Heydər Əliyev Mərkəzi inşa olunaraq istifadəyə verilib. Hazırda şəhər Bələdiyyəsinin və Polis şöbəsi üçün yeni inşa olunan inzibati binada tikinti işləri davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən ilə 2 yaşayış məntəqəsini birləşdirən 6.8 km uzunluğunda olan Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun əsaslı təmirinə başlanılıb, qurunt sularının ötürülməsi üçün suötürücülər tikilib. . Ümumilikdə, Naftalanın kurort zonası olmasını nəzərə alaraq kurort iqliminin yaxşılaşdırılması məqsədilə şəhərdə geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2013-cü ildə də davam etdirilib.

Heydər Əliyev Mərkəzinin ideoloji mərkəz kimi işinin təşkili, Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə yeni Heydər Əliyev Mərkəzi istifadəyə verilib. Mərkəz iki mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində Heydər Əliyev irsinin xalqa çatdırılması, maraqlı tədbirlərin həyata keçirilməsi üçün 135 nəfərlik akt zalı, muzey və iki personal otağı, ikinci mərtəbədə isə elektron kitabxana, kompüter otağı, rəsm studiyası və xarici dil kursları otağı mövcuddur. Mərkəzdə illik iş planı əsasında ardıcıl iş aparılmış, ötən dövr ərzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanışlıq və oyrənilməsi məqsədi ilə 4500 nəfər yerli və xarici vətəndaş mərkəzə ekskursiya edib.

Vətəndaşları narahat edən məsələlər isə operativ qaydada həll olunur. Məlum olduğu kimi, hazırda 2014-2018-ci illəri əhatə edəcək yeni regional dövlət proqramının layihəsi hazırlanır. Bu layihədə Naftalan kurort şəhərinin daha da inkişafı məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən təklif edilən və mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tədbirlər də yer alır. Onların icraya yönləndirilməsi isə Naftalanın tərəqqisini daha dinamik hala gətirəcək.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz