Əlaqə Arxiv
news Image
2014.02.21
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Gəncə inkişafının intibah dövrünü yaşayır

Aparılan son araşdırmalar bu gün ölkəmizin sosial-iqtisadi inkişafında regionların xüsusi çəkisinin getdikcə daha dinamik şəkildə artıdığını qabarıq surətdə meydana qoyur. Proseslərin gedişi bundan sonra da ölkənin sosial-iqtisadi həyatında regionların xüsusi rol oynamaqda davam edəcəyini söyləməyə əsas verir. Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan şəhərlərdən biri qismində isə Gəncə şəhəri çıxış edir.

Ötən ildə də şəhərdə sosial-iqtisadi sahədə böyük nailiyyətlərə imza atılıb. Gəncə Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il ərzində şəhərdə istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artıb. Ümumi daxili məhsulun 23,8 faizi sənayenin, 0,4 faizi kənd təsərrüfatının, 41,7 faizi tikinti-quraşdırma işlərinin, 9,3 faizi nəqliyyatın, 0,6 faizi informasiya və rabitə sahələrinin, 24,2 faizi ticarət və xidmət sahələrinin payına düşüb. Nəticədə 2013-cü ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 300,8 manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz çoxdur.

2013-cü ildə şəhər sənayesində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 173 milyon 864 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu əvvəlki dövrlə müqayisədə 5,7 faiz çoxdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,6 faizini təşkil edib, ümumi istehsalın 88,4 faizi sənaye mallarının istehsalı, 11,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Ümumi istehsalın 88,4 faizi sənaye məhsulu istehsalının, 11,6 faizi sənaye xarakterli xidmətlərin hesabına olub.

Şəhər İcra başçısı Elmar Vəliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi nəticəsində şəhər sürətlə inkişaf edib, həyata keçirilən yenidənqurma və abadlıq-quruculuq işləri geniş miqyas alıb. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 329,3 milyon manat və ya əvvəlki ildən 2,5 dəfə çox vəsait yönəldilib.

Şəhərin sosial-iqtisadi həyatında müşahidə olunan davamlı və sürətli inkişaf, əlverişli investisiya mühiti investorlar tərəfindən əsas kapitala yönəldilmiş ümumi sərmayənin məhsul istehsallı obyektlərin inşasında 83,1 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 246,2 milyon manat vəsaitdən istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin hamısı daxili vəsaitlərdən ibarət olub. 2013-cü ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 10,2 faiz üstələyib. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 60,5 milyon manat təşkil edir.

Hesabat dövründə bir sıra sosial yönümlü obyektlər istifadəyə verilib, 2013-cü il ərzində ümumi sahəsi 29715 min kvadrat metr fərdi yaşayış evləri, 2 min 310 şagird yerlik ümumtəhsil məktəbləri, mədəniyyət ocaqları və digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib, 270-ə yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası isə davam etdirilib. Ümumi ərazisi 450 hektar olan parkda Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, 3800 yerlik "Amfiteatr" "Şəlalələr" Kompleksi, ümumi sahəsi 70 min kvadratmetr olan "Gəncə göl", Gənclər və Çinarlar Alleyası, "Zəfər Tağı" inşa edilib.

Gəncənin simasını nəzərə çarpacaq dərəcədə dəyişmiş bu parkın ərazisində 7 km-dən çox avtomobil yolu asfaltlanıb, 60 min kvadratmetrə yaxın sahəyə qranit, metlax, tamet döşənib, 224 ədəd müxtəlif işıqlandırma sistemi quraşdırılıb, 18 fəvvarə tikilib, minlərlə dekorativ gül və ağac kolları, tinglər əkilib, 300 hektardan çox sahədə yaşıllıq sahəsinin suvarılması məqsədi ilə 30 ədəd subartezian quyusu istifadəyə verilib. Heydər Əliyev Parkının girişində möhtəşəm "Zəfər tağı"ı ucaldılıb. Buraya gələn qonaqlar "Zəfər tağı"nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir.

Parkdakı Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb. Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Prezident İlham Əliyev də parkda görülən işləri yüksək dəyərləndirib: "Bu parkın və Mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm Mərkəz Ulu Öndərin xatirəsinə gözəl abidədir, burada Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır. Demək olar ki, bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Cəmi iki il ərzində demək olar ki, yeni gözəl bir məhəllə yaradılmışdır. Əminəm ki, bu parkın ətrafında gələcəkdə yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır. Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, Mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir".

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində inşa edilmiş "ASAN xidmət" Mərkəzinin fəaliyyəti də yerli sakinlər tərəfindən böyük məmnunluqla qarşılanır. Gəncədəki "ASAN xidmət" mərkəzi ötən il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə "ASAN xidmət" mərkəzi şəhərin və bir neçə ətraf rayonun əhalisinə xidmət edir. Binanın qarşısındakı park əsaslı surətdə yenidən qurulub. Parkda qurulmuş led-paneldə "ASAN xidmət" mərkəzində göstərilən xidmətlər, rüsumlar, mərkəzin əhatə etdiyi rayonlar və s. haqqında informasiyalar daim nümayiş olunur. "ASAN xidmət" yaradıcılığa dəstəklə bağlı müxtəlif sosial aksiyalar da keçirir. Mərkəzin həyətində "YARAT" Müasir İncəsənət Məkanının guşəsi də qurulub.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı çərçivəsində isə Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılıb və çayın məcrasının yenidən qurulması işləri davam etdirilir. Sahil boyu park salınır, mövcud parklar yenidən qurulur, sosial obyektlər inşa edilir.

Dövlət başçısının Sərəncamı ilə yeni yaradılmış 5 qəsəbəni Gəncə şəhəri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə 186 min 574 kvadratmetr asfalt örtüyü salınıb, 44 min 46 perimetr bort daşları, 400 ədəd işıq dirəyi və müasir işıqlandırma sistemi quraşdırılıb, yol kənarına həmişəyaşıl ağaclar əkilib, qəsəbənin ictimai nəqliyyat işləyən küçələrində dayanacaqlar quraşdırılıb. Şıxzamanlı qəsəbəsində, Aeroport yolu istiqamətində və digər ərazilərdə 365-dən çox fərdi yaşayış evinin, 250-ə yaxın yüksəkmərtəbəli binanın dam örtüyü dəyişdirilib, çoxmənzilli binalarda 70-dən çox istismar müddətini bitirmiş liftlər müasir sərnişin liftləri ilə əvəz edilib.

Ötən müddətdə səhiyyə ocaqlarında aparılan yenidənqurma və təmir-tikinti işlərinin davamı olaraq Abbas Səhhət adına 1 saylı Şəhər və Yoluxucu Xəstəliklər xəstəxanalarında, 6 nömrəli şəhər poliklinikasında əsaslı təmir işləri sürətləndirilib, Təcili Tibbi Yardım Xəstəxanasında və 2 saylı poliklinikada yeni istilik sistemi quraşdırılmış, Təcili Tibbi Yardım Stansiyasının, 2 saylı Uşaq Xəstəxanasının dam örtüyü və Uşaq Stomatoloji Poliklinikasının binası əsaslı təmir olunub. Gəncə şəhərinin Şərq istiqamətindən giriş hissəsində Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Abidə Muzey kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi inşa edilib. Nizami Gəncəvi Muzeyinin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulub. Birmənalı həqiqətdir ki, Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bütün bunları nəzərə aldıqda Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti olduqca böyükdür. Prezident İlham Əliyev tərəfindən təməli atılan Gəncə Olimpiya Parkı isə böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə belə idman obyekti olacaqdır. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaqdır. Olimpiya Parkı son illərdə sürətlə inkişaf edən Gəncənin ümumi görünüşünə əlavə yaraşıq verəcək. Bütün bunlar bir daha Gəncənin sürətli tərəqqi yolunda olduğunu aydın nümayiş etdirir.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

Sizin Reklam Yeriniz