Əlaqə Arxiv
news Image
2014.03.14
07:46
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Salyanda uğurlu inkişafın davam etdirilməsi üçün möhkəm zəmin yaradılıb

Azərbaycan regionlarının inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti artıq möhtəşəm nəticələrin əldə olunması ilə müşayiət olunmaqda, bölgələrin simasının sürətlə yenilənməsi ilə xarakterizə edilməkdədir. Digər tərəfdən, artıq ölkə regionlarının ümumi sosial-iqtisadi inkişaf prosesində rolunun daha sürətlə artması da özünü qabarıq formada büruzə verir. Bütün bunlar təbii ki, regionların dinamik tərəqqəsi məqsədilə həyata keçirilən dövlət proqramlarının və digər müvafiq addımların öz müsbət və uğurlu nəticəsinin bariz nümunəsi kimi çıxış edir. Ümümiyyətlə, məlum həqiqətdir ki, azad bazar münasibətləri şəraitində sürətli sosial-iqtisadi tərəqqisini uğurla davam etdirən Azərbaycan üçün əsas xarakterik xüsusiyyətlərdən biri ən müxtəlif sahələr üzrə yaşanan inkişafın konkret dövlət proqramı təminatının hazırlanması və böyük müvəffəqiyyətlə icrasıdır. Real tərəqqinin mərkəz və regionlar üzrə proporsional qaydada paylanmasına xidmət edən məqsədyönlü siyasət tarix üçün o qədər böyük olmayan bir zaman kəsiyində Azərbaycanın simasını əhəmiyyətli dərəcədə dəyişdirərək onu bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib. Bu kontekstdə ölkə iqtisadiyyatının inkişaf tempinin daha mütəhərrik hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət həm də ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması, həcmi ildən-ilə sürətlə artmaqda olan strateji valyuta ehtiyatları və onlardan səmərəli istifadə, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər və bu qəbildən olan digər hallar əldə olunmuş nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Qeyd olunanların real təsdiqini Salyan rayonunun nümunəsində də görmək olar.

Ötən ilin sosial-iqtisadi yekunları da uğurlu inkişafın mühüm təsdiqidir. Bu barədə danışmazdan öncə xatırladaq ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 4-də Salyan rayonuna səfər edib. Səfəri zamanı dövlət başçısı yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, Rayon İcra Hakimiyyəti üçün inşa edilmiş inzibati bina və Bayraq Meydanı ilə tanış olub. Burada görülən işlər Prezident tərəfindən yüksək qiymətləndirilib. Onu da qeyd edək ki, "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində rayonda çox böyük işlər görülüb. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ümumi məhsul buraxılışının həcmi 2012-ci ilə nisbətən 8 milyon 388 min manat yəni, 3,8 faiz artaraq 230 milyon 919 min manat, sənaye məhsulunun ümumi həcmi 246 min manat yəni, 0,5 faiz artaraq 52 milyon 744 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 7 milyon 361 min manat yəni, 6 faiz artaraq 130 milyon 312 min manat, rabitə işlərinin həcmi 51 min manat yəni, 11,6 faiz artaraq 491 min manat, nəqliyyat işlərinin həcmi 272 min manat yəni, 24,1 faiz artaraq 1 milyon 400 min manat, pərakəndə ticarət dövriyyəsi 4 milyon 900 min manat yəni, 3,8 faiz artaraq 133 milyon 435 min manat, əhaliyə göstərilən pullu xidmət 2 milyon 70 min manat yəni, 5,9 faiz artaraq 37 milyon 165 min manat çox olub. Əsas kapitala yönəldilən investisiya 76 milyon 543 min manat təşkil edib.

Bilindiyi kimi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası nəticəsində əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib və keçrilməkdədir. Bunu nəticəsində son 10 ildə ölkədə 1,2 milyondan çox iş yeri yaradılıb. Bu fonda əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması prosesi də özünüqabarıq büruzə verir. Eyni zamanda, regionlarda məşğulluğun artırılması məqsədi ilə inzibati rayon və şəhərlərin iqtisadi xüsusiyyətlərinə uyğun yeni istehsal və emal müəssisələrinin yaradılması və fəaliyyətini dayandırmış müəssisələrin bərpası da xüsusi diqqət mərkəzində yer alır. Yeni iş yerlərinin yaradılması üçün regionlara investorların cəlb edilməsi məqsədi ilə investisiya imkanlarının araşdırılması, konkret investisiya təkliflərinin hazırlanması istiqamətində müvafiq tədbirlərin görülməsi də öz müsbət nəticələrini verir. Bütün bunlar regionlarda məşğulluq səviyyəsinin artmasına, insanların sosial rifah halının yüksəlməsiən rəvac verir. Salyanda da əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2013-cü il ərzində 571 daimi iş yeri yaradılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramılarnın icra olunduğu müddətdə, yəni 2004-cü ildən bəri rayonda 22080 iş yeri açılıb ki, onlardan 12500-ü daimi iş yeridir. 2013-cü ilin sentyabr ayının 19-da isə rayonda Əmək Yarmarkası keçirilib, yarmarkada 34 müəssisə tərəfindən 345 boş iş yeri vətəndaşlara təqdim edilib. Nəticədə 93 nəfər peşəsinə və ixtisasına uyğun münasib işlə təmin edilib. 11 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən il ərzində 132 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin edilib. Əhaliyə göstərilən xidmət səviyyəsi də ildən-ilə yaxşılaşır və bu hal regionlarda da özünü qabarıq formada büruzə verir. Elə Salyanda 2013-cü ildə əhaliyə 42 milyon 966 min manatlıq və ya 2012-ci ilə nisbətən 1 milyon 578 min manatlıq, yəni, 3,8 faiz çox ticarət, 491 min manatlıq müvafiq dövrə nisbətən 51 min manatlıq yəni, 11,6 faiz çox rabitə, 1 milyon 400 min manatlıq və ya 2012-ci ilə nisbətən 272 min manatlıq yəni, 24,1 faiz çox nəqliyyat və 4 milyon 532 min m və ya 2012-ci ilə nisbətən 70 min manatlıq yən,i 1,5 faiz çox məişət xidməti göstərilib.

2013-cü ildə rayonun yerli büdcəsinin gəlirləri 7 milyon 348 min manata qarşı, 7 milyon 629 min manat yəni, 103,8 faiz, büdcənin xərcləri 23 milyon 584 min manata qarşı 22 milyon 943 min manat yəni 97,3 faiz icra edilib. Büdcənin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 16 milyon 236 min manat dotasiya alınmalı idi. Lakin gəlir planı dolduğuna görə 15 milyon 689 min manta, yəni 96,6 faiz dotasiya alınıb. Rayonun büdcə təşkilatlarında çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlər vaxtında tam ödənilib.

Bilindiyi kimi, iqtisadi inkişafında sosialyönümlülük prinsipini əsas götürən dövlət qarşısında duran əsas vəzifələrdən biri bu istiqamətdə dəqiq düşünlümüş, qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqarını nəzərə alan siyasətin həyata keçirilməsidir. Əhalinin həyati mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi kimi də nəzərdə tutulan sosial siyasət həm də çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malik olması ilə xarakterizə edilir. Çünki burada həm konkret götürülmüş fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların yaranmasının qarşısının alınması, mövcud ola biləcək ziddiyyətlərin münaqişələrsiz həlli və ədalətliliyin daim gözlənilməsi vacib şərt kimi çıxış edir. Bu kontekstdə tam aydın görünür ki, fərd, toplum, ən nəhayət cəmiyyətin maraqlarını təmin edən sosial siyasətin hazırlanması, həmçinin onun uğurlu icrası heç də asan proses olmayıb dəqiq elmə yanaşma, hərtərəfli düşünülmüş strategiya, məqsədyönlülük tələb edir.

Hələ ötən əsrin 90-cı illərində bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Aparılan təhlil və analizlər kifayət qədər aydın bir formada göstərir ki, ulu öndərin rəhbərliyi altında həyata keçirilən sosial siyasət elmi-nəzəri əsasları özündə əks etdirərək ən qabaqcıl dünya təcrübəsinə söykənib. Həmçinin, bazar iqtisadiyyatının tələblərinə cavab verərək sosial sferada reallaşdırılan inkişaf strategiyasının bu müstəvidə tərəqqisini şərtləndirib. Bu proses indi də uğurla davam etdirilməkdədir.

Elə Salyanda da rayon əhalisinin sosial problemlərinin həll edilməsi daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Belə ki, "Ünvanlı sosial yardım haqqında" Qanunun icrası ilə əlaqədar 3422 ailənin 15048 nəfər üzvü sosial yardım alır. Bir nəfər ailəyə düşən sosial yardımın orta məbləği 132,8 manat, hər bir ailə üzvünə düşən sosial yardımın məbləği 30,2 manatdır. Bu sahədə aparılan tədbirlər daim təkmilləşdirilir.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırda 5152 nəfərə sosial müavinət ödənilir. Bilindiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının təmin edilməsi siyasəti uğurla həyata keçirilir. Bu fonda qeyd edək ki, Salyanda 15942 nəfər pensiyaçıya xidmət olunur, ondan yaşa görə 10391, əlilliyə görə 4013 nəfər və ailə başçısını itirməyə görə 1538 nəfər olan pensiyaçılardır. Cəmi pensiyaçılardan 14658 nəfər işləməyən, 1284 nəfəri isə işləyən pensiyaçılardır. Pensiya və müavinətlərin ödənilməsi üçün 28 milyon 230 min manat vəsait xərclənib.

Rayonda qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Burada badlıq və quruculuq işləri davam etməkdədir. Rayonun sosial-iqtisadi tərqqisi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına rayonda xeyli işlər görülüb və görülməkdədir. Bu vəsait hesabına şəhər küçələri təmir olunaraq 9300 kvadratmetr üzlük daşları döşənib, səki kənarına 17494 metr bordurlar düzülüb, 5940 metr küvet qazılıb, 7822 kvadratmetr sahəyə tamet-plitə döşənib, 350 metr uzunluğunda istinad divarı çəkilib, 700 kvadratmetr mişar daşı ilə hörgü işləri aparılıb. Eyni zamanda, şəhərdə 30 çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir olunub. Rayon ərazisində 45 min ədəddən çox ağac, o cümlədən 3 min ədəddən çox dekorativ ağac və gül kolları əkilib. Əkilən ağacların əksər hissəsini həmişə yaşıl ağaclar (eldar şamı, sərv, küknar) təşkil edir. Rayonun Qarabağlı ərazisində ticarət mərkəzi tikilib istifadəyə verilib, şəhər ərazisində 5 mərtəbəli yaşayış binasının və ticarət mərkəzinin tikintisi davam edir.

Onu da xatırladaq ki, Salyan-Şirvan avtomobil yolunun bərbad vəziyyətdə olması həmin yoldan istifadə edən 17 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisi müəyyən problemlərlə qarşılaşırdı. Sakinlər 15-20 km yolu keçmək əvəzinə məcburiyyət qarşısında Kürsəngi yolundan istifadə edərək əlavə ən azı 40 km məsafə getməyi daha münasib hesab edirdilər. Sevindirici haldır ki, Prezident İlham Əliyev rayona son səfəri zamanı əhalinin problemlərini öyrənərək bu yolun 2013-2014-cü ildə əsaslı təmirinə göstəriş verib və ilkin olaraq 1 milyon manat vəsait ayrılıb. Eyni zamanda, şəhər sakinlərini çoxdan narahat edən ən böyük problemlərdən də biri öz həllini tapıb. Kür çayının iki yerə bölmüş olduğu şəhərin ən müasir körpü ilə birləşdirilməsi üçün də ilkin olaraq 1 milyon manat vəsait ayrılıb və bu işə başlanıb.

Hazırda rayonda ən çox diqqət tələb edən sahələrdən biri əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsidir. Rayonda enerji təchizatını yaxşılaşdırmaq üçün 91 ədəd transformator əsaslı, 326 ədəd yarımstansiyalar cari təmir edilib, elektrik qurğularına 5,7 ton transformator yağı əlavə olunub. Eyni zamanda, şəhərin SİP kabelə keçməsi ilə əlaqədar 11 ağac dayaq, 25 dəmir-beton dayaq, 37 ədəd dəmir dayaq quraşdırılıb. Rayon ərazisində ötən ildə ümumilikdə 16,8 km məsafədə qüsurlu məftillər SİP kabellə əvəz olunub.

Hazırda rayonda qaz təsərrüfatında da ardıcıl tədbirlər görülməkdədir. Salyan şəhərinin və kənd yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması üçün ümumilikdə rayon üzrə bir neçə ildə 830 km iri diametrli, 16 km kiçik diametrli qaz xətləri əsaslı təmir edilmiş və ya yenisi ilə əvəz olunub. 2013-cü ildə 3026 ədəd yeni qaz sayğacları quraşdırılıb, 1531 ədəd qaz sayğacı yeniləri ilə əvəz edilb, 3400 ədəd qaz sayğacının yeni çəkilmiş qaz kəmərlərinin üzərinə köçürülməsi təmin olunub. 1970 yeni mənzil qazlaşdırılaraq qeydiyyata alınmış və istismara verilib.

Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə xeyli işlər görülüb. Rayonda əhaliyə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması üçün 171 ədəd yeni telefon abunəçiləri istifadəyə verilib, 6724 ədəd telefon abunəçisinə genişzolaqlı internet, 21 növ servis xidməti və görüntülü telefon xidməti olmaqla müxtəlif multimediya xidmətləri göstərilib. Əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatını nəzərə alaraq ötən ildə əlavə olaraq rayonun Mərkəzi EATS-də 256 port, Plasmas yaşayış massivində 196 port, Qalalı yaşayış massivində 72 port, Qaraçala qəsəbəsində 24 port, Marışlı kəndində 24 port, Yenikənd kəndində 48 port, Qarabağlı kəndində 96 port, Şorsulu kəndində 24 portluq, Sarvan kəndində 24 portluq, Qızılağac kəndində 24 portluq, Noxudlu kəndində 24 portluq "DESLAM" avadanlığı quraşdırılaraq istifadəyə verilməklə sürətli internet istifadəçilərinin sayı 2065-ə çatdırılıb. Eyni zamanda, rayon ərazisində özəl internet provayderlər "Data Plus", "Azer ON Line", "AvirTel" və Qlobal network"-in fəaliyyəti üçün də şərait yaradılıb. Telekommunikasiya Qovşağının telefon şəbəkəsində 7620 metr iri tutumlu magistral kabellərdə, 9600 metr məsafədə kiçik tutumlu kabellərdə əsaslı təmir işləri aparılıb, 11800 metr məsafədə paylayıcı kabellərdə və hava rabitə xətlərində əsaslı və cari təmir işləri görülüb. Rayonun Qaraçala qəsəbəsində yeni poçt binasi tikilib əhalinin istifadəsinə verilib.

Məlum olduğu kimi, ölkədə su problemi olan yerlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə genişmiqyasıl işlər görülür. Bu məqsədlə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın şəhər və kəndlərinin su və kanalizasiya təchizatı sistemlərinin yenidən qurulması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Salyanda da bu istiqamətdə müvafiq addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı 20 iyun 2007-ci il tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Salyan rayonunda 26 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurulub əhalinin istifadəsinə verilib. Quraşdırılmış sutəmizləyici qurğular ümumilikdə 58 min nəfərdən çox kənd əhalisini ekoloji cəhətdən təmiz içməli su ilə təmin edib. Hazırda rayonun Cəngan kəndində sutəmizləyici qurğunun tikintisi aparılır. Birinci Varlı, İkinci Varlı, Peyk, Yeni Uluxanlı, Düzənlik, Seyidan, Qardili və Bəşirbəyli kəndlərində də qurğunun tikintisi nəzərdə tutulub, bu məqsədlə həmin kəndlərin ərazisinə müxtəlif avadanlıqlar gətirilib. Xıdırlı kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pilot layihə həyata keçirilib, ayrılmış 5 ha torpaq sahəsində dəniz suyunun duzsuzlaşdırılması zavodu və örtüklü kök sistemli tingliklər yaradılıb. Həmçinin, "Azərsu" ASC tərəfindən Xıdırlı kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Kür-Bakı magistral su kəmərindən 15,7 km uzunluğunda su xətti çəkilib və kəndin hər bir sakini içməli su ilə təmin edilib. Təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələr üzrə də rayonda sürətli inkişaf qeydə alınır.

R.BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz