Əlaqə Arxiv
news Image
2013.01.24
08:19
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionların tərəqqisi bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəməyə imkan verir

Tədqiqatlar göstərir ki, bu gün əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəyən Azərbaycan artıq sözügedən sahədə ixrac imkanlarını da genişləndirir. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərdən aydın olur ki, ixrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra xarici ölkələrə ən çox meyvə-tərəvəz (264,3 milyon dollar), həmçinin bitki və heyvan mənşəli yağlar (221,7 milyon dollar) satılıb.

Son bir il ərzində meyvə-tərəvəzin ixracı 14,3%, bitki və heyvan mənşəli yağların ixracı isə 27,6% artıb. Ümumilikdə isə 2012-ci ildə kənd təsərrüfatında təxminən 7% artım olub. Bu göstərici isə ölkə üçün yaxşıdır. Gələcəkdə bu artımın daha da çox olması üçün isə zəruri addımlar atılır. Bütün bunlar isə kənd təsərrüfatının uğurlu inkişafından xəbər verir.

Dövlət tərəfindən isə bu il ərzində də fermerlərə yardımlar göstəriləcək. Qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 2 milyon 917 min manat ayrılıb. Belə ki, 11 422 nəfər istehsalçıya 50 faiz güzəştlə satılmış 11860,7 ton mineral gübrə üçün 2 milyon 917 min manat dövlət büdcəsi vəsaitinin verilməsi barədə qərar qəbul edilib. Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələri güzəştli qiymətə "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "İ.E.R. LTD" MMC, "Azər Şəkər İstehsalat Birliyi" MMC, "MKT İK" MMC, "AQRO NUR" MMC, "Aqrolayn QRUP" MMC və "CTS AQRO" MMC və "Mikro Az Feed" MMC satacaq. Bu isə məhsuldarlığın daha da artmasına təkan verəcək. Bundan başqa 58 rayondan daxil olmuş 1399 kənd ərazi komissiyasının sənədlərinə baxılıb. 622 262 hektar sahədə əkilmiş buğda üçün 24 milyon 890 489 manat vəsaitin ödənilməsi üçün müvafiq qərarı qəbul olunub.

Əslində, kənd təsərrüfatı sahəsində vaxtında aparılan özəlləşdirmə prosesi belə yüksək nəticələrin əldə olunmasına imkan verib. Məlumdur ki, ölkəmizdə həyata keçrilən özəlləşdirmə prosesinin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqdır. Uzunmüddətli perspektivdə isə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.

İqtisadi islahatların dərinləşməsində böyük əhəmiyyət kəsb edən özəlləşdirmə prosesi getdikcə daha məhsuldar olub. Bunu özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə statistikası da təsdiq edir. Hesablamalar gösətrir ki, 2003-cü ildə özəlləşdirilən belə obyektlərin sayı 1609, 2004-cü ildə 1934, 2005-ci ildə 2468, 2006-cı ildə 3121, 2007-ci 2148, 2008-ci ildə 1781, 2009-cu ildə 668 olub. Son 4 il ərzində də xeyli sayda müəssisə özlləşdirilib və müəyyən hissəsi kənd təsərrüfatı ilə bağlı belə müəssisələrin əksəriyyəti məhz regionlarda yerləşir. Ötən illər ərzində dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin sayı isə yüzlərlədir və bunlar aqrar, sənaye, xidmət, tikinti, ticarət, nəqliyyat və səhiyyə sferalarını əhatə edib. Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən böyük həcmdə vəsait əldə edilib.

Özəllşədirilən müəssislərdə minlərlə yeni iş yerləri yaradılıb. Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan özəlləşdirmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycan iqtisadiyyatının dinamik templərlə inkişafında özünəməxsus vacib rol oynayıb və oynamaqdadır.

Dünya təcrübəsi sübut edir ki, azad bazar münasibətləri şəraitində sosial-iqtisadi inkişafı sürətləndirən və tərəqqi prosesində əsas rol oynayan amillərdən biri də aqrar sferada yaradılan münasibətlərdir. Çünki aqrar sahə və onun davamlı inkişafını təmin etmək üçün zamanla həyata keçirilən islahatlar təkcə torpaq münasibətlərini əhatə etməyərək, istehlak bazarına, investisiya siyasətinin formalaşmasına, sosial inkişafa, kənd təsərrüfatı resurslarının reallaşmasına da təsirsiz ötüşmür. Bu mənada elmi əsaslara söykənən aqrar siyasətin hazırlanması və onun uğurlu tətbiqi hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi çıxış edir.

Kənd təsərrufatının idarə olunmasında iqtisadi metod və stimullaşdırıcı tədbirlərin güclənməsində, bu sahədə fərdi və müəssisə təşəbbüslərinin genişlənməsində, təsərrüfat hesabının təkmilləşməsində, istehsal kollektivlərinin fəaliyyətlərində maddi maraq və məsuliyyətlərinin yüksəlməsində düzgün qurulmuş aqrar siyasət müstəsna rola malikdir. Təkmil aqrar siyasət isə öz növbəsində zamanla ayaqlaşan, inkişaf prosesini daha da sürətləndirən islahtlar tələb edir. Belə islahatların əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artımı təmin etmək, bu zaman iqtisadi səmərəlilik əmsalını yüksəltmək, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmininə, kənd yerlərində sosial şəraitin yaxşılaşmasına nail olmaqdır. Bu məqsədlərə çatmaq üçün kənd təsərrüfatında çalışanların sosial fəallığının yüksəldilməsi, onların təsərrüfat müstəqilliyi əsasında təşəbbüs və işgüzarlıqlarının inkişaf etdirilməsi, istehsal vasitələri və digər maddi formada yardımlar edilməsi vacib şərtlər kimi çıxış edir.

Qeyd edilənlər ətraflı düşünülümş aqrar siyasətin hazırlanması, onun uğurlu nəticələrə gətirib çıxracaq formada həyat keçirilməsinin olduqca vacib, lakin bir o qədər də mürəkkəb proses olduğunu bariz şəkildə nümayiş etdirir. Bu, xüsusən də inkişaf etməkdə olan dövlət sırasında yer alan ölkələrə, o cümlədən 1991-ci ildə Sovetlər İttifaqının dağılmasından sonra müstəqillik əldə edən respublikalara şamil olunur. Azərbaycan da ötən əsrdə ikinci dəfə olaraq dövlət müstəqilliyini qazandıqdan sonra qarşıda duran həlli vacib problemlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, aqrar sferada bazar iqtisadiyyatının tələblərinə cavab verən islahatlarının aparılması idi. Çünki bu, iqtisadiyyatın qısa müddət ərzində yeni əsaslarla yeni şəraitdə inkişafına yol açan ən əsas və həlledici əhəmiyyətə malik məqamlardan sayılırdı. Müstəqil Azərbaycanın yeni tərəqqi yoluna qədəm qoyması üçün vacib olan bütün digər məsələlər kimi torpaq islahatlarının aparılması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, ulu öndərin fəaliyyətində aqrar-iqtisadi siyasət hər zaman özünəməxsus yer tutduğundan Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə sözügedən sahə mütəmadi inkişaf yolunda olub. Hələ Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə köməkliyi sayəsində aqrar sahənin inkişafına dair mühüm tarixi qərarlar qəbul edilib, genişmiqyaslı işlər görülüb. Məsələn, 1970-ci ildə "Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında", 1975-ci ildə "Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında", 1976-cı ildə "1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında" qərarlar bu qəbildəndir. Bununla yanaşı, 1969-1982-ci illərdə məhz respublika üçün mühüm əhəmiyyət kəsb edən Sərsəng, Madagiz, Araz, Arpaçay, Baş Mil, Yuxarı Mil, Yeni Xan qızı, Caqar-Cibir magistral kanalları, Naxçıvan MR-də üç pilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi, Mərkəzi-Muğan və Cənub-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və digər bu kimi yüzlərlə obyektlər tikilib istifadəyə verildi. Həmin müddətdə meliorasiya və su təsərrüfatı kompleksinə sovet hakimiyyəti dövrünün əvvəlki illəri ərzində qoyulan vəsaitdən 2 dəfə artıq vəsait yönəldildi. Bu illərdə aparılmış geniş quruculuq işləri sayəsində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artdı.

Aqrar sahəyə xüsusi diqqəti və qayğı sayəsində kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərin miqyası durmadan genişləndi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1983-cü ildə Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə, bitkiçilik üzrə isə bu göstərici 2,6 dəfə, heyvandarlıq sahəsində isə 1,7 dəfə artdı. Kənd təsərrüfatının ayrı-ayrı sahələrində yaşanan davamlı tərəqqi məcmu istehsalın illər üzrə yüksələn xətt üzrə inkişafına gətirib çıxardı. Nəticədə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqladı. Bu dövrdə Heydər Əliyevin tez-tez kənd təsərrüfatı rayonlarına getməsi, görüşlər keçirməsi, insanların qayğıları ilə yerində maraqlanması, eyni zamanda onların əməyinin yüksək şəkildə qiymətləndirilməsi də inkişaf prosesinə özünəməxsus töhfələr verirdi.

Elşən BAYRAMOV

(ardı var)

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.
Sizin Reklam Yeriniz