Əlaqə Arxiv
news Image
2013.01.30
08:06
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatının xüsusi çəkisi artır

Regionların inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti bu gün ölkəmizdə həm də kənd təsərrüfatının dinamik tərəqqisi ilə müşayiət olunmaqdadır. Bu isə Azərbaycanın ümumi sosial-iqtisadi yüksəlişində kənd təsərrüfatının xüsusi çəkisini davamlı surətdə artırmaqdadır. Eyni zamanda proseslər ölkəmizin daha etibarlı şəkildə ərzaq məhsulları ilə təminatına gətirib çıxarır.

Ümumiyyətlə, kənd təsərrüfatının başlıca vəzifəsi əhalinin ərzaq məhsulları, emal sənayesini isə xammal ilə təchiz etməkdən ibarətdir. Bu mühüm taleyüklü vəzifənin yerinə yetirilməsi istiqamətində Azərbaycan regionlarında genişmiqyaslı işlər görülür. Bu sahədə strateji planlaşdırma və stimullaşdırma metodları, təsərrüfatların potensial imkanlarından daha səmərəli istifadə edilməsi, kənd təsərrüfatnın intensivləşdirilməsi və ixtisaslaşdırılması, kəndin sosial infastrukturunun inkişafı, məhsulun itkisiz yığılması, onun saxlanılması və emal edilməsində kompleks tədbirlərin həyata keçirilməsi, işsizlik probleminin aradan qaldırılması ilə bağlı məsələlər uğurla öz həllini tapır.

Bundan başqa xalq təsərrüfatının mühüm sahəsi olan kənd təsərrüfatı həmçinin sənayenin xammala olan ehtiyaclarının ödənilməsində də böyük rol oynayır. Məlumdur ki, xalq təsərrüfatının bir çox sahələrinin inkişafı kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrüfatı ilə sənaye sahələri, xüsusilə yüngül və yeyinti sənayesi müəssisələri arasında sıx əlaqələr var. Respublikada yeyinti sənaye məhsulları istehsalının çox qismi kənd təsərrüfatı məhsulları hesabına təmin edilir. Sənaye sahələri də öz növbəsində kənd təsərrüfatına zəruri vasitələr, yəni maşın və avadanlıqlar, yanacaq, kübrə, ehtiyat hissələri və s. verir, məhsul istehsalını artırmaq üçün istehsal prosesinin səmərəli olmasını və ahəngdarlığını təmin edir. Beləliklə, ərzaq və digər sənaye təmayüllü məhsulların istehsalında qarşılıqlı vəhdətdə olan sənaye sahələri ilə kənd təsərrüfatı və xalq təsərrüfatının digər sahələri arasında əlaqələr yaradılır, məhsul istehsalının artırılmasında və onun istehlakçılara çatdırılmasında birgə səy göstərilir. Ölkəmizdə bu sahədə böyük uğurlar əldə olunub.

Məlumdur ki, kənd təsərrüfatında əkin dövriyyəsinin həyata keçirilməsi torpaqlardan istifadənin yaxşılaşdırılmasında və əkinçilik mədəniyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Təsərrüfatların çoxillik təcrübəsi göstərir ki, əkin dövriyyəsi sisteminə düzgün əməl edilərsə, hər hektardan məhsul 35-45% artar. Səmərəli əkin dövriyyəsinin tətbiq edilməsi torpağın münbitliyini yüksəldir, kənd təsərrüfatına yararlı torpaqlardan məhsuldar istifadə edilməsinə, maddi əmək məsariflərinin azaldılmasına və istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə həlledici təsir göstərir. Bu istiqamətdə də mühüm nailiyyətlər qazanılıb.

O da aydındır ki, kənd təsərrüfatının inkişafı iki yolla həyata keçirilə bilər: ekstensiv və intensiv yollarla. Ekstensiv inkişaf yolu dedikdə istehsalın keyfiyyətcə yenidən qurulması deyil, əvvəlki bazaya əsaslanaraq yalnız kənd təsərrüfatına yararlı torpaq sahələri və əkin yerinin genişləndirilməsi hesabına istehsal ediləcək məhsulun ümumi həcminin artırılması başa düşülür. İntensiv inkişaf yolunda isə elmi-texniki tərəqqinin yeni nailiyyətlərinin istehsalda tətbiq etməklə, kənd təsərrüfatına əlavə xərc qoymaqla torpaq sahəsinin hər hektarından məhsuldarlığın artırılmasına, ümumi istehsalın həcminin çoxaldılmasına nail olunur. Kənd təsərrüfatının intensivləşdirilməsinin əsas məqsədi cəmiyyətin bütün üzvlərinin yüksək keyfiyyətli və ucuz istehsal olunan məhsullara artmaqda olan tələbatının ödənilməsindən ibarətdir. Ölkəmizdə əhalinin sayı artdıqca hər nəfərə düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi və əkin yeri artmır, əksinə olaraq getdikcə azalır. İlbəil artmaqda olan əhalinin ərzaq məhsullarına və sənayenin isə xammala olan tələbatı da artır. Məhz buna görə də kənd təsərrüfatının inkişaf etdirilməsi əsasında məhsul istehsalı həcminin ildən-ilə artırılması tələb edilir. Becərilən torpaq sahəsindən yüksək məhsul götürülməsini təmin etməkdən ötrü ilk növbədə, torpağın münbitliyi, onun məhsulvermə qabliyyətinin yüksəldilməsi, istehsalın ardıcıl olaraq təkmilləşdirilməsi ön planda durur. Hazırda ölkəmizdə kənd təsərrüfatında intensivləşdirilmənin başlıca istiqamətləri aşağıdakılardır: kimyalaşdırma, meliorasiya, kompleks mexanikləşdirmə, ixtisaslaşdırma, torpaqdan istifadənin yaxşılaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi, əkinçilikdə yüksək məhsuldar toxum sortlarının yaradılması və s. Kənd təsərrüfatı istehsalının inkişafı onun düzgün ixtisaslaşdırılması və yerləşdirilməsindən də asılıdır. Bu torpaq fondundan, əmək ehtiyatlarından və istehsal vasitələrindən daha səmərəli istifadə olunmasına şərait yaradır. Buna ayrı-ayrı məhsul növləri istehsalının təsərrüfat, rayon və zonalarda təmərküzləşdirilməsi, bunun üçün əlverişli təbii iqtisadi şərait yaradılması, məhsul istehsalının istehlakçılara və əlveşli nəqliyyat yollarına yaxın olması nəticəsində nail olunur. Ölkəmizdə bu məqamlara da böyük diqqət yetirilir.

Kənd təsərrüfatının yerləşdirilməsi və ixtisaslaşdırılması ölkəmizin ayrı-ayrı zonaları üzrə həyata keçirilir; bu halda dövlət ehtiyacları və təbii iqtisadi şərait nəzərə alınır, bunlara müvafiq olaraq ayrı-ayrı təsərrüfatlarda ixtisaslaşdırılmış istehsal təşkil edilir. Hazırda respublikamızda təbii və iqtisadi xüsusiyyətlərə müvafiq olaraq taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, üzümçülük, tütünçülük, çayçılıq, meyvəçilik və digər istiqamətli kənd təsərrüfatı zonaları əmələ gəlmişdir. Qarabağ-Mil, Şirvan və Muğan-Səlyan zonalarının təsərrüfatları pambıqçılıq; Şəki-Zaqatala və Naxçıvan zonalarının təsərrüfatları əsasən, Qarabağ-Mil zonasının bir sıra təsərrüfatları tütünçülük; Lənkəran-Astara zonasının təsərrüfatları tərəvəzçilik; Quba-Xaçmaz zonasının təsərrüfatları meyvəçilik və tərəvəzçilik; Lənkəran-Astara zonası təsərrüfatlarının bir qismi isə yaşıl çay yarpağı istehsalı üzrə ixtisaslaşdırılmışdır. Taxılçılıq respublikanın əsasən Qarabağ-Mil, Şirvan, Muğan-Səlyan və Şəki-Zaqatala zonalarında inkişaf etdirilir.

Kənd təsərrüfatının inkişafında elmi-texniki tərəqqinin də müstəsna rolu vardır. Bu isə əsasən texnika və texnologiyanın təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsala tətbiqi sahəsində baş verir. Elmi-texniki tərəqqinin nailiyyətləri kənd təsərrüfatında da geniş tətbiq olunur.

Onu da bildirək ki, aqrar sahədə istehsalı stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Həmin Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulurdu və bu istiqamətdə görülən tədbirlər kifayət qədər yüksək nəticələr əldə olunmasına gətirib çıxarıb.

Bu gün ölkəmizdə aqrar - sənaye kompleksi özünün sürətli yüksəliş dövrünü yaşayır. Kənd təsərrüfatında ona xidmət edən və onun məhsullarını emal edərək istehlakçılara çatdıran sahələrlə iqtisadi əlaqələrin genişlənməsi aqrar-sənaye komplekslərinin inkişafını daha da sürətləndirir. Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanılması və istehlakçılara çatdırılması ilə məşğul olan xalq təsərrüfatı sahələrinin məcmusunda yaşanan bu inkişaf ümumi daxili məhsulun artımında özxüsusi çəkisini getdikcə artırmaqdadır. Bununla yanaşı ölkədə aqrobiznes də genişlənməkdədir. Belə ki, artıq iri şirkətlərin kənd təsərrüfatı istehsalında birbaşa təsərrüfatçılıq etməsi yükslən xətt üzrə inkişaf edir. Belə şirkətlər geniş torpaq sahələrinin mülkiyyətçilərinə, iri kənd təsərrüfatı istehsalının təşkilatçısına və idarəedicisinə çevrilir. Bununla yanaşı, aqrar sahədə koopertiv təsərrüfatların yaranması istiqamətində atılan addımlar, müvafiq qanunvericilik bazasının formalaşdırılması ümumilikdə həm kənd təsərrüfatının inkişafında, həm də burada istehsal həcminin artımında əhəmiyyətli rol oynayır.

Bu gün aqrar bölmə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşmasında, yüngül, yeyinti, toxuculuq və digər sənaye sahələrinin səmərəli fəaliyyətinin təmin edilməsində və ölkəmizin iqtisadiyyatının möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən respublikanın aqrar bölməsində davamlı inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi və aqrar islahatların dərinləşməsi Prezident İlham Əliyevin hər zaman xüsusi diqqət mərkəzində yer alan məsələlər sırasındadır. Bu kontekstdə aqrar islahatların dərinləşməsi, mülkiyyət münasibətlərinin inkişaf etməsi, iqtisadi mexanizmin təmilləşdirilməsi aqrar bölmədə mövcud olan xüsusi təsərrüfatların və sahibkarların səmərəli fəaliyyət göstərməsi üçün zəruri olan real istehsal-iqtisadi şəraiti daha təkmil və dövrün tələblərinə uyğun bir hala gətirib.

Hazırda aqrar sahədə prioritet istiqamətlər aşağıdakılardan ibarətdir: torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi; rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması; aqrar bölmənin hüquqi normativ bazasının təkmilləşdirilməsi; aqrar bölmənin elmi-metodiki təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi.

Bundan başqa 2009-2013-cü illəri əhatə edəcək və regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramında aqrar sahənin miqyaslı inkişafını təmin etmək üçün də konkret tədbirlər nəzərdə tutularaq həyata keçirilir.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Sizin Reklam Yeriniz