Əlaqə Arxiv
news Image
2015.06.18
21:20
| A A A
Bakıda "Detroit Electric SP:01" elektrik avtomobilinin Avropa təqdimatı olub - VİDEO - FOTO

"Bakı 2015" birinci Avropa Oyunları çərçivəsində "Azərbaycan evi"ndə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.

Movqe.az Trend-in məlumatına əsasən xəbər verir ki, "GreenCar" MMC IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə istiqamətlənən təqdimat edib. Təqdimat Bakıda I Avropa Oyunlarına həsr edilib.

Tədbirin aparıcıları Leyla Quliyeva və Tural Əsədov "Detroit Electric" şirkətinin istehsal etdiyi dünyanın ən sürətli elektrikli idman avtomobili Detroit Electric SP:01 unikal cəhətlərindən danışıblar.

Tədbirdə Avropa Oyunlarının qalibləri və mükafatçıları səhnəyə dəvət olunublar. İdmançılar Bakıda yarışların yüksək səviyyədə keçdiyini və I Avropa Oyunlarının əsl idman, sülh və dostluq bayramı olduğunu bildiriblər.

Sonra çıxış edənlər - IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov, "Azərişıq" ASC-nin sədr müavini Sadıq Sadıqov, DETROİT şirkətinin Avropa və Orta Şərq üzrə korporativ satış müdiri Niltje Byujs, "GreenCar" MMC-nin nümayəndəsi Orxan Həbibov - Azərbaycanda ekoloji layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Sonra qonaqlara "Detroit Electric SP:01" idman avtomobili təqdim olunub.

"Detroit Electric SP:01" avtomobili 100 km/saat sürətə cəmi 3.7 saniyədə çatır və onun maksimal sürəti 250 km/saatdır. Kabriolet tipli 2 yerlik "Detroit Electric SP:01" idman avtomobili zəngin təchizatı və geniş imkanları ilə seçilir. 1907-cı ildə yaradılan "Detroit Electric" ilk elektrikli avtomobil istehsal edən şirkətdir. 2008-ci ildə "Detroit Elecric"in qurucusu Albert Lam şirkətdə yeni nəfəs yaradaraq bu markanı bərpa edib və 5 ildən sonra "SP:01: avtomobilinin istehsalına başlayıb.

Model kupe "Lotus Exige"-in platformasında yığılıb. Yenilik alüminium şassidə yığılıb və "SP:01"-in bütün ban panelləri karbondan düzəldilib. Modelin çəkisi 1070 kq-dır. Kupenin elektrik mühərriki oxların arasında yerləşdirilib. Mühərrik 203 a.g. və 225 Nm fırlanma anı verir. O, 37 kilovatt-saat həcmi olan litium-polimer akkumulyator dəstindən cərəyan alır və aldığı enerji ona 305 km məsafə qət etməyə kifayət edir. Batareyaları evdəki elektrik şəbəkəsində 10, 7 saata doldurmaq olar. "Detroit Electric" şirkətinin özünün hazırladığı "360 Powerback" qurğusundan istifadə etməklə yenidən yükləməyə 4,3 saat vaxt sərf olunacaq.

Modelin standart təchizatına "SAMI" multimediya sistemi daxil olacaq. Onun köməkliyi ilə audiosistemi, naviqasiyanı idarə etmək, salonun işıqlanmasını tənzimləmək və batareyada qalmış enerjini və nə qədər məsafə qət edə biləcəyinə nəzarət etmək olar. Sistemə smartfon qoşmaq olar və akkumulyatorun enerjisinə nəzarət etmək, avtomobili GPS vasitəsilə izləmək və klimat qurğusunu uzaq məsafədən qoşmaq olar.

Təqdimat çərçivəsində idmançılar bayram tortu kəsiblər. Sonra qonaqların diqqətinə əyləncəli proqram təqdim edilib. Bakıdan sonra "Detroit Electric SP:01" avtomobilinin Avropanın digər ölkələrində təqdimatı keçiriləcək.


Sizin Reklam Yeriniz