Movqe.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın "Seltik"lə dünən keçirilən ilk oyundakı kiçik hesablı məğlubiyyətindən sonra cavab matçının Bakının yeni – 70 minədək azarkeş tutumu olan Olimpiya Stadionunda təşkili məsələsi müzakirə olunmağa başlayıb.
"Qarabağ" avrokuboklarda rəqiblərini bir qayda olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir. Amma "Seltik"lə cavab matçına marağın indidən böyük olduğunu nəzərə alsaq, qarşılaşmaya Respublika stadionunun tamaşaçı tutumundan (31 min 200) daha artıq insanın gələcəyi şübhə doğurmur. Belə olan halda, ilk ağla gələn oyunun Olimpiya stadionunda təşkili məsələsidir.
"Qarabağ" (eləcə də bu mövsüm avrokuboklara qoşulan digər klublarımız) UEFA-ya göndərdiyi ərizədə Olimpiya stadionunun sifariş etməyiblər. Bundan başqa, hətta bu arena sifariş olunsa belə, indiki halda oyunun həmin arenada keçirilməsinə UEFA icazə verməyəcək. Çünki Olimpiya stadionunun istənilən nəhəng idman yarışını qəbul etməyə hazır olmasına baxmayaraq, hələlik arena UEFA-dan müvafiq lizenziyanı almayıb. Yəni qitənin futbol qurumu ilk növbədə stadionunun beynəlxalq səviyyəli yarışları təşkil etməyə hazır olmasını rəsmi şəkildə təsdiqləməlidir. Yalnız bundan sonra orada rəsmi səviyyətli beynəlxalq futbol yarışları keçirilə bilər.
UEFA nümayəndələri Olimpiya Stadionuna baxış keçirərkən
Beləliklə, indiki halda "Qarabağ" "Seltik"lə cavab matçını Olimpiya Stadionunda keçirə bilməyəcək.Bununla belə, yaxın gələcəkdə ("Qarabağ" bu mövsüm qrupa düşəcəyi halda) Ağdam təmsilçisinin həmin arenanı UEFA-ya sifariş edəcəyi istisna olunmur.
Qeyd edək ki, bu günlərdə UEFA nümayəndələri Olimpiya stadionuna baxış keçiriblər. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar.
UEFA rəsmilərinin səfərində məqsəd "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan - İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.