Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 3 günlük fəaliyyətinə başladı. Açılış tədbirində zərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva a iştirak ediblər.
Forumda həmçinin 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur. Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilməsi də sıradan bir hadisə deyil. Siyasilər Forumu dünyada Azərbaycanın mövqelərinin daha da güclənməsi, beynəlaxlq nüfuzunun yüksəlməsi baxımından əhəmiyyətli hesab edirlər.
Politoloq Arzu Nağıyev bildirdi ki, tədbirin paytaxtımızda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü kimi qiymətləndirilməlidir: “Belə forumların Bakıda keçirilməsi son vaxtlar ənənəyə çevrilib. Həmin tədbirlərdə müzakirə olunan məsələlər isə dünya səviyyəsində həllini gözləyən problemlərdir.
Belə bir nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə təhlükəsizlik məsələlərinə dayanır. Bu gün Azərbaycan özünə qarşı olan təhdidlərin qarşısını ala bilirsə, deməli, dünya səviyyəli forumlara da ev sahibliyi etmək iqtidarındadır. Bu gün ölkəmiz dini inanclar, müxtəlif adət-ənənələr arasında multikultural dəyərlərə yüksək qiymət verdiyi üçün bu cür tədbirlərə ev sahibliyi edə bilir. Azərbaycanın iqtisadi, siyasi, mədəni çəkisi bu cür tədbirlərin keçirilməsində böyük rol oynayır. Belə bir Forumun paytaxtımızda keçirilməsinin ölkəmiz üçün müsbət cəhəti odur ki, dünyanın yüzdən artıq ölkəsindən siyasətçilər, dövlət başçıları ölkəmizə təşrif buyurublar. Bu cür tədbirlərdə Azərbaycanın Dağlıq Qarabağ probleminin pioritet istiqamət olması, ölkəmizdə mədəniyyətin, multikulturalizmin inkişafına dövlət dəstəyi, turizm sahəsinin inkişafı, iqtisadi islahatlar, Qərbin və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynaması qabarıq şəkildə birinci şəxslərin dilindən eşidilir. Bu isə bizim üçün çox mühüm və vacib bir nüansdır. Tədbir Azərbaycanın beynəlxalq arenada nüfuzunun güclənməsi baxımından da böyük əhəmiyyət daşıyr. Forumun əsas müsbət cəhəti ondan ibarətdir ki, həmin liderlər öz ölkələrinə qayıtdıqda, digər problemləri həll etdikdə istinad olaraq bu forumda eşitdikləri məsələlərə qayıdırlar”.
Digər siyasi şərhçi Tofiq Abbasov bildirdi ki, Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun məhz Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun artımının bariz təsdiqidir: “Bakıda təşəkkül tapmış formatlar elə burada da davam edir. Bununla da Azərbaycan sabit ölkə kimi bütün danışıqların, diaoqun aprılması üçün münasib bir məkan olduğu təsdiqlənir.
Digər tərəfən ölkəmizin elitası həmin prosesə əməli şəkildə dəstək verirlər. Dünyanın aparıcı simaları ölkəmizə təşrif buyurublarsa, bu, onların Azərbaycana böyük diqqətindən xəbər verir. Bizə inanıb Azərbaycana üz tutublar. Ən asası isə Azərbaycanda formalaşmış tolerant mühit buna səbəb olub.
Hazırda Azərbaycanın multikultural modeli dünya səviyyəsində tanınıb və ona böyük diqqət var. Dünyanın bir çox ölkələrində Azərbaycan modelinin tədqiqi istiqamətində tədbirlər keçirilib. Çünki ona böyük ehtiyac var. Azərbaycan bütün dini etiqadların birgə yaşam sistemini yarada bilib. Deməli, dünyada belə bir yaşam tərzi var və ona diqqət yetirməyə dəyər. Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT, YUNESCO səviyyəsində tanınır. Bunun Bakıda keçirilməsi ölkəmizə olan etibardır ki, Azərbaycanın gələcək mövqelərini gücləndirəcək. Forum dünyada yaşanan gərginliklərin həllində yeni formatların yaranmasına səbəb ola bilər”.
Mübariz BAYRAMOV