Əlaqə Arxiv
news Image
2017.05.09
10:17
| A A A
İslamafobiya, ksenofobiyaya qarşı mədəniyyətlərarası dialoq
Elman Nəsirov: “Bu gün dünyanın gündəliyində dayanan ən mühüm məsələlər sırasında mədəniyyətlərarası dialoq öncül mövqe tutur”

Bakıda keçirilən 3 günlük IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum başa çatdı. Əvvəlkilərindən fərqli olaraq budəfə Forumda daha çox nümayəndə iştirak etdi. Bundan başqa, Forum müzakirə edilən məsələlərin çoxluğu ilə tarixə yazıldı.  Ümumiyyətlə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun getdikcə əhəmiyyətinin artırması müşahidə edilir. Siyasilərin sözlərinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada ziddiyyətlərin aradan qaldırılması, sülhün bərqərar olması istiqamətində əhəmiyyətli rol oynayacaq.

Millət vəkili Elman Nəsirov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun böyük siyasi əhəmiyyətə malik olan hadisə adlandırdı: “O səbəbdən ki, bu gün dünyanın gündəliyində dayanan ən mühüm məsələlər sırasında mədəniyyətlərarası dialoq öncül mövqe tutur. Çünki mədəniyyətlərarası dialoq sahəsində böhran yaşandıqca alternativlər daha da güclənməyə başlayır. Alternativlər də islamafobiya, ksenofobiya, irqçilikdir”.
Millət vəkili əlavə etdi ki,  Bakıda keçirilən bu tədbirə ölkə Prezidenti İlham Əliyev yüksək qiymət verdi: “O, bildirdi ki, belə tədbirlər təckə müzakirə olunan məsələlərin mövzusu ilə deyil, eyni zamanda tədbirdə iştirak edən iştirakçıların sayı ilə müəyyən edilir. Qeyd edək ki, tədbirə dünyanın 120 ölkəsindən 800-ə qədər nümayəndə qatılmışdı. Həmçinin 50-dən artıq beynəlxalq təşkilatın  yüksək səviyyədə təmsilçiləri iştirak edirdilər. Bütün bunlar beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin iştirak etdiyi Forumda mədəniyyətlərarası dialoq sahəsində mövcud olan problemləri araşdırmağa və yollar göstərməyə imkan verir. 
Eyni zamanda, bütün bunlar  Azərbaycan nümunəsini göstərmək üçün şansdır. Tədbirin ən böyük məqsədi isə mədəniyyətlərarası dialoqun əhəmiyyətini təşviq etməkdir. Hazırda dünyada buna ehtiyac var. Tədbir yüksək səviyyədə keçdi. Təşkilatçıların da sayı əvvəlkilərlə müqayisədə xeyli genişlənib. Bu dəfə dünyanın nəhəng altı beynəlxalq qurumu da tədbirdə iştirak etdi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq qurumuların iştirakı tədbirin əhəmiyyətini daha da gücləndirmiş oldu. Cənab Prezidentin çıxışı da mədəniyyətlərarası dialoqun təhlili və çıxış yolları göstərməsi baxımından proqram xarakterli oldu. 
Cənab Prezident beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin təmsil olunduğu bu tədbirdə bir çox həqiqətləri dilə gətirdi. O bildirdi ki, Azərbaycanda multikulturalizm bir həyat tərzi, dövlət siyasətidir: “Bu, bizim həm də zənginliyimizdir. Eyni zamanda bizim məsuliyyətimizdir. Bu məsuliyyətdən çıxış edərək belə tədbirləri keçiririk”. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu da onu göstərir ki, dünyada Azərbaycanın timsalında multikulturalizm yaşamaqdadır. Cənab Prezident məsuliyyət məsələsinə toxunarkən həm də onu vurğuladı ki, bu gün ictimaiyyət və dövlət xadimləri, dövlət başçıları bir çox hallarda davranışlarında məsuliyyətdən yayınırlar: “Bu da nəticə etibarı ilə təhlükəsizlik sahəsində ciddi problemlər yaradır. Multikulturalizmin yayılması imkanlarını məhdudlaşdırır”. Cənab Prezident eyni zamnanda QHT və medianın bu sahədə məsuliyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, ümumbəşəri, mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin qorunması məsələsində cəmiyyətin bütün üzvləri ortaq məxrəcə gəlməlidir. Forumda hər zaman olduğu kimi Dağlıq Qarabağ məsələsi də diqqətdə saxlanıldı. Ölkə rəhbəri təəssüflə qeyd etdi ki, BMT-nin qətnamələri hələ də icra olunmur. Bizi ən çox narahat edən məsələlərdən biri də həmin qətnamələrin yerinə yetirilməsinin vahid mexanizminin formalaşmamasıdır. Bir çox hallarda BMT-nin qətnanələri bir neçə saat ərzində yerinə yetilir. Lakin Qarabağla bağlı qətnamələr 26 ildir kağız üzərində qalıb.  Bu da birbaşa ikili standartın göstəricisidir”.
Elamn Nəsirov sonda onu da qeyd etdi ki, Azərbaycan multikulturalizm, dünyada birgəyaşayışın, əmin-amanlığın təminatı sahəsində böyük tədbirlərə ev sahibliyi edib:  «Artıq 5 dəfə beynəlxalq humanitar forum, 2010-cu ildə dünya liderlərinin Bakıda Zirvə görüşü keçirilib. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansı 7-ci qlobal Forumuna ev sahibliyi etdik. İndi də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edirik. Bütün bunlar onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib. Yəni, Azərbaycan dünyaya təkcə neft və qaz yox, eyni zamanda multikulturalizm, birgəyaşayış, hormoniya dəyərlərini ixrac edən dövlətə çevrilib”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz