“Azərbaycan multikulturizm dəyərlərinin inkişaf etdiyi bir mərkəzdir” - bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 41-ci Dünya Skaut Konfransına təbrik məktubunda səsləndirib. Mahiyyətinə görə skaut hərəkatı mutikultural dəyərlərin tərkib hissəsidir. “Hər gün bir yaxşılıq et” devizi ilə çalışan skaut hərəkatının üzvləri insanları humanizmə, qonaqpərvərliyə, dostcanlılığa, xeyirxahlığa səsləyir.
Konfransın ilk çıxışlarından görünürdü ki, Azərbaycanın bütün dünyada formalaşmış multikultural və multikonfessial imici iştirakçılara yaxşı tanışdır və bu konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Dünya skautlarının nəzərələrinin Azərbaycana yönəlməsi də ölkəmizin malik olduğu yüksək bəşəri dəyərlərdən qaynaqlanır. Dünya Skaut Hərəkatının baş katibi Əhməd əl-Hindavi çıxışında Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını xatırladaraq bu əsərin müxtəlifliyi nümayiş etdirmək baxımından gözəl nümunə olduğu fikrindədir. O tövsiyə edir ki, ayrı-ayrı ölkələrdən gələn skautlar da öz fəaliyyətlərində bunu hər zaman nəzərə almalı və birgə işləməlidirlər.
Qeyd edək ki, Azərbaycanda və bütövlükdə Avrasiya regionunda ilk dəfə keçirilən bu konfrans iştirakçıların və dünyanın hər yerindən təmsil olunan milli skaut təşkilatlarının rekord sayına görə əvvəlkilərdən fərqlənib və tarixə düşüb. Bunun da səbəbi yenə müxtəlif inancların və etnik qrupların Azərbaycan cəmiyyətində sıx birləşərək ümumi dil tapıb yaşamasının qeyri-adi füsunkarlığına olan maraqdan irəli gəlirdi. Dünyanın hər yerindən olan ictimai xadimlər ölkələrin hazırda ən çox əziyyət çəkdikləri bu tip problemlərin həlli yollarının cavabını Azərbaycan təcrübəsində tapmaq arzusundadır. Bunun nəticəsində konfrans iştirakçıları son bir neçə ildə skaut hərəkatının inkişafı ilə tanış olmaqla yanaşı, həm təcrübə mübadiləsi aparıb, həm də Dünya Skaut Hərəkatı Təşkilatının beynəlxalq aləmdə gənclərin əsas təhsil hərəkatına çevrilməsi üçün vacib qərarlar qəbul edib.
Prinsipcə, Bakı konfrası skaut hırıkatıının tarixində müasirlik baxımından dönüş nöqtəsi rolunu oynayıb. Konfransda iştirak edən BMT-nin sabiq baş katibi Pan Gi Mun deyib: “Ümidvaram ki, dünyanın hər yerindən bu mühüm tədbirə gəlmiş skautlar Azərbaycanın bəşəriyyət naminə, ümumi sülhün bərqərar olması naminə səyləri barədə daha çox məlumat əldə edəcəklər. Bu prinsiplər dünya vətəndaşları olmağı arzu edən gənc skautları ruhlandırmalı və onların bu istəyini gücləndirməlidir”.
Bütün milli, regional və qlobal skaut təşkilatlarının liderlərini bir yerə toplayn Bakı konfransı təşkilatın əsas konsepsiyası olan “Baxış–2023” layihəsini daha da inkişaf etdirməyə güclü təkan olacaq. Layihə 2023-cü ilədək dünyada skautların sayının 200 milyona çatdırılmasını nəzərdə tutur.
Konfrans iştirakçıları yüksək səviyyəli təşkilatçılığa, iştirakçıların çoxluğuna, müzakirələrin səmərəliliyinə görə təşkilatçılara dərin razılıqlarını bildiriblər. Rəyini bildirən hər bir iştirakçı Azərbaycan xalqının yüksək dəyərlərindən danışıb. Əhməd əl-Hindavi Azərbaycan haqda təəssüratlarını belə bölüşüb: “Mən bir neçə dəfə Bakıda olmuşam. Hər dəfə də Azərbaycan xalqının qonaqpərvərliyindən aldığım təəssüratlarla qayıdıram. Mən şadam ki, konfrans Azərbaycanda - Odlar Yurdunda keçirilir. Bu da konfrans iştirakçılarına müzakirələr üçün əlavə enerji verəcək. Konfransın keçirildiyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi arxitekturanın şedevr nümunələridir. Bu da öz növbəsində keçirilən tədbirlərin uğuruna yüksək əhval-ruhiyyə qatır”. Finlandiyalı skaut Johanna Nyuman deyib ki, Bakı konfransında çox səmərəli fikir və təcrübə mübadilələri aparırdıq, müxtəlif təqdimatlar dinlədik, skautların gələcək inkişaf strategiyalarını müzakirə etdik, ən əsası yaxşı ünsiyyətlər qurduq. Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik.
Beləliklə, Azərbaycan daha bir ilkə imza atdı və dünyanın heyranlıqla qəbul etdiyi multikulturalizm dəyərlərini daha da zənginləşdirdi.
N.NOVRUZ