Əlaqə Arxiv
news Image
2013.03.14
12:17
| A A A
“Folklorumuz və Qobustan” seminarı keçirilib

"MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2013-cü il martın 13-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qobustan Milli Tarix və Bədii Qoruğunda "Folklorumuz və Qobustan" mövzusunda mədəni irs seminarı keçirib.

Azərbaycan folklorunda Axır çərşənbə və Novruz ənənələrinin araşdırılması və təbliğinə həsr olunmuş seminar Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərovanın çıxışı ilə başlayıb. Könül Cəfərova həm Qobustan abidəsinin, həm də Novruz bayramının YUNESKO-nun mədəni irs siyahısına daxil edilmiş incilər olduğunu vurğulayaraq onlar arasındakı qarşılıqlı əlaqələrdən danışıb.

Daha sonra Qobustan Milli Tarix və Bədii Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova qoruq haqqında ətraflı məlumat verib. Azərbaycan ərazisində 4 yerdə - Qobustanda, Dübəndidə, Kəlbəcərdə və Naxçıvanda (Gəmiqaya) qayaüstü təsvirlərə rast gəlindiyini vurğulayan Məlahət Fərəcova Qobustanın onlardan ən qədimi olduğunu bildirib və bunu sübut edən faktlardan danışıb. Eyni zamanda, Novruz bayramı ilə bağlı milli adət-ənənələrin burada rast gəlinən təzahürlərini diqqətə çəkib.

AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin əməkdaşı, sənətşünaslıq doktoru Nailə Rəhimbəyli Novruz ənənələri, çərşənbələr haqqında ətraflı məlumat verib.

"MİRAS" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə, birliyin fəaliyyəti, o cümlədən folklorumuzun araşdırılması və təbliği istiqamətində gördüyü haqqında geniş danışıb. O, birliyin "Tərəkəmə çərşənbəsi" festivalı layihəsi haqqında qısa məlumat verib və Mədəniyyət və Turizm Nazirliyinin bu layihəni dəstəkləyəcəyinə ümid etdiklərini bildirib.

Seminarda "MİRAS" İctimai Birliyinin və Aktiv Medianın birgə istehsalı olan Azərbaycanın türk obalarının Axır çərşənbə ənənələrindən bəhs edən "Tərəkəmə çərşənbəsi" filmi nümayiş olunub.

Tədbirin sonunda "MİRAS" Musiqi qrupunun muğam ifaçıları (xanəndə Ruslan Adgözəlov, tarzən Ruslan Zərbəliyev və kamança ustası Canəli Rəhimov, saz ifaçısı Rəna Quliyeva) Novruz ab-havasını canlandıran muğam parçaları ifa ediblər.


Sizin Reklam Yeriniz