Əlaqə Arxiv
news Image
2017.12.19
14:10
| A A A
Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı

Qazaxda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə İkinci Şıxlı kənd məzarlığında Xalq şairi Osman Sarıvəllinin və şair Eldar Nəsiblinin qəbrlərini ziyarət ediblər. Sonra poeziya bayramı Ədəbiyyat Muzeyində davam etdirilib. Qonaqlar öncə muzeylə, Xalq şairinin kitablarından ibarət sərgi ilə tanış olublar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramını giriş sözü ilə açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb, Osman Sarıvəlli poeziyasının gözəlliyindən söz açıb. Qeyd edib ki, “Hər kim yüz il yaşamasa, günah onun özündədir” misralarını milyonları düşündürən sətirə çevirən görkəmli şair Osman Sarıvəlli Azərbaycan ədəbiyyatına böyük töhfələr verib, Azərbaycan dilinin inkişafında xüsusi xidmətləri olub. Düzdür, onun özü də yüz yaşaya bilmədi, lakin yaratdığı əsərlər, qazandığı sevgi heç şübhəsiz, bundan sonra da hələ çox yüz illər yaşayacaq və onu xoş xatirələrlə yad edəcəklər.

Sonra Xalq şairinin həyat və yaradıcılığından bəhs edən, onun haqqında söylənmiş  fikirlərin yer aldığı film nümayiş olunub. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal Xalq şairinin həyatı, yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, bildirib ki, Osman Sarıvəlli Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdrikliyi, klassik poeziyamızın incəlikləri onun yaradıcılığının mənəvi qidasına çevrilib.

Poeziya bayramında akademik Teymur Bünyadov, Milli Məclisinin deputatlarından Nizami Cəfərov və Ülviyyə Ağayeva, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, filologoya elmləri doktoru Rüstəm Kamal, “Şur” nəşriyyatının direktoru, şair Musa Ələkbərli, şair-jurnalist Məmməd Əfşan, filologiya elmləri üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, AYB-nin əməkdaşı Gülamayıl Murad çıxış edərək Osman Sarıvəlli yaradıcılığı haqqında öz ürək sözlərini söyləyib, şairlə bağlı xatirələrini danışıblar.

Xalq şairinin oğlu, Türkiyədə çalışan professor Babək Qurbanov çıxış edərək atasına verilən yüksək dəyərə görə təşkilatçılara ailəsi və Osmansevərlər adından dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün bizim ailə üçün əsl bayramdır. Biz sevinirik ki, atama bu cür dəyər verilir, onun adı yüksəklərdə tutulur. Mən şairin oğlu və bir elm adamı kimi Ölkə Başçısı İlham Əliyevə sonsuz təşəkkürümü çatdırıram ki, ədəbiyyat adamlarına hər zaman böyük önəm verir, diqqət və qayğı göstərir. Bu gün atam Osman Sarıvəllinin həyatına, yaradıcılığına həsr olunmuş poeziya bayramı da bunun ən bariz nümunəsidir.

Poeziya bayramı Eldar Nəsiblinin “Bura Qazaxdı” şeirinin sədaları altında başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Xalq qəzeti”



 

 

 

 

 

 

 

Sizin Reklam Yeriniz