Əlaqə Arxiv
news Image
2013.03.28
16:44
| A A A
Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş miniatürlər Gəncəyə gətirilib

Dahi  Azərbaycan  şairəsi   Məhsəti  Gəncəvinin 900  illik yubiley tədbirləri  ərəfəsində  şairənin  həmyerliləri   çox qiymətli  hədiyyə  almışlar. İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya   Nizami  Gəncəvi  Beynəlxalq  Mərkəzinə   dahi Azərbaycan şairəsinin rübailərinə və qəzəllərinə  çəkilmiş  qədim miniatürlər,  illüstrasiya və  əlyazmaları  bağışlamışdır.  Hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir. Bu  nadir  sənət  nümunələri  son  vaxtlar  Nizami  Gəncəvi  Beynəlxalq Mərkəzi  tərəfindən  şairənin ədəbi  irsinin toplanması məqsədilə həyata  keçirilmiş  tədbirlər  nəticəsində əldə edilmiş  eksponatlar  xəzinəsini  daha  da  zənginləşdirmişdir. Ümumiyyətlə,  Məhsəti Gəncəvinin  dünyanın müxtəlif kitabxanalarında gətirilmiş  110-ə yaxın nadir  nümunələr   bu  eksponatlar sırasındadır. Bu  qiymətli  incilərin hər  biri  üzərində  geniş  elmi-tədqiqat  işləri  aparılacaqdır. Heç  şübhəsiz,   əldə  olunacaq  elmi  nəticələr   yaradıcılığının  900  illiyini  qeyd etməyə  hazırlaşdığımız  dahi  həmyerlimizin  ölməz  irsinin  öyrənilməsinə  sanballı  töhfələr  verəcəkdir. Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Gəncə  Bölməsinin  elmi  işlər üzrə  direktor  müavini  Samir  Pişnamazzadə  söhbət  zamanı  demişdir  ki,  mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var. Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur.  

Samir Pişnamazzadə sözünə  davam  edərək  demişdir  ki,  Məhsəti  Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan   110-dək miniatür, illüstrasiya və rübaisinin  Gəncəyə  gətirilməsi   Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi sayəsində  mümkün olmuşdur. Şairənin 900  illik yubileyi münasibətilə məşhur  ingilis  tədqiqatçısı  Paul  Smitin  Məhsəti  Gəncəviyə  həsr  lunmuş 6  monoqrafiyası da  ölkəyə gətirilmişdir.  Onların  tərcüməsi  üzərində iş  gedir. Hazırda  Gəncədə  qarşıdakı  yubileyə  geniş  hazırlıq  işləri  aparılır. Məqsəd  Məhsəti  Gəncəvinin  yubiley  tədbirlərini onun  ölməz ədəbi  irsinə  uyğun  keçirməklə 900  il  bundan  əvvəl  yaşayıb-yaratmış  dahi şairə,    demokratik fikirli qadın  və   şahmatçı  haqqında  dünya  xalqlarında   daha zəngin  təəssürat  yaratmaqdır.      



Sizin Reklam Yeriniz