Əlaqə Arxiv
news Image
2018.09.11
15:48
| A A A
Qaxda antik dövrə aid abidə aşkarlandı - FOTOLAR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı rayon ərazisindəki tarixi-arxeoloji abidələrin xəritələri və GPS koordinatları hazırlanıb, bəzi abidələrdə çöl-tədqiqat işləri həyata keçirilib.
İnstitutdan AzVision.az-a verilən məlumata görə, cari mövsümdə elmi ədəbiyyata yeni bir arxeoloji abidənin gətirilməsi mühüm yenilik kimi qeyd olunmalıdır. Belə ki, ekspedisiya tərəfindən Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış sağ hissəsində, yerli əhali tərəfindən “Əyrinin tapı” (Əyriçayın təpəlikləri) deyilən ərazidə, çayın sağ sahilində Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.



Qıpçaqtəpə abidəsi dörd hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Müvafiq arxeoloji kəşfiyyat sahələrində aparılmış tədqiqat nəticəsində abidənin mədəni təbəqələri müəyyənləşdirilib və üst təbəqələrdən madd-mədəniyyət nümunələri kameral şəkildə işlənilib. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı hazırlanıb.



İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə, şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərb istiqamətində genişləndirdiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali “Sarı pir” adlanan hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.



Qıpçaqtəpə abidəsinin qərbindəki “Sarı pir” qəbristanlığına da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərindəki yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.

Zərnə kəndindəki ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb.



Tədqiqat mövsümündə Qax rayonu ərazisindəki ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.




Sizin Reklam Yeriniz