Əlaqə Arxiv
news Image
2018.10.30
11:41
| A A A
Bakı dünya xalqlarının ümid çırağına çevrilir
VI Beynəlxalq Humanitar Forum qlobal inteqrasiya və humanizmin üfüqlərini genişləndirir

Bu günlərdə “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Forumuna 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. İki dost ölkənin – Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə 2010-cu ildən təşkil olunan Beynəlxalq Humanitar Forumu qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Sayca altıncı dəfə ərsəyə gələn Forum  gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsinin yeni  yollarının tapılması istiqamətində müzakirələr keçirib. 

Azərbaycan qədim tarixə malik yeni dünya ölkəsidir. Ölkəmizin müasirliyi, keçmişlə indinin gözəl vəhdətdə birliyinin timsalıdır. Müxtəliflik fonunda bütövlük ideyası hazırkı dövrdə bütün xalqların ehtiyac duyduğu böyük dəyərlər sistemidir. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasını təşviq edir. Belə bir cahanşümul və aktual mövzunu gündəmə gətirən VI Beynəlxalq Humanitar Forumda edilən çıxışların başlıca leytmotivi bu məsələlər idi.
Forumdakı nitqindən Prezident İlham Əliyev deyib: “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır”. 
Bu fikirlər dünyaya nümunə olan Azərbaycan multikulturalizminin mahiyyətində duran önəmli məsələlərdir. İnam insan zehniyyətinin ən həssas dəyəridir. Buna görə də dini dünyagörüşlərə diqqətli yanaşmaqla tolerant münasibətlərin inkişafına yardım etmək olur. Dözümlülük isə cəmiyyətdə dostluq və birlik anlayışlarını stimullaşdırır. Müxtəlif etnik mənsubiyyətə və konfessial baxışlara malik insanlar birgəyaşayış prinsiplərinin sülh və əməkdaşlıq formatında möhkəmlənmiş qaydalarını qəbul edir. Azərbaycan cəmiyyəti məhz bu yollq irəliləyir və inkişaf edir. Onun prinsipial fərqi və üstünlüyü də bundadır. Xüsusilə, dünyanın müxtəlif bölgələrində gedən və qlobal miqyasda siyasi və iqtisadi vəziyyətə mənfi təsir edən proseslər multikulturalizmi ön plana çıxarıb. 
Erməni işğalından və vandalizmindən əziyyət çəkən Azərbaycanın və politoloqların “siyasi bataqlıq” adlandırdıqları Suriyada Rusiyanın sülh uğrunda mübarizəsi məhz bu iki ölkə rəhbərlərinin humanitar forumun təşəbbüsçüsü olmağa vadar edib. Bəşəriyyət, xalqlar daim sülh istəyib, sülh arzusu ilə yaşatıb, sülh uğrunda mübarizə aparıb. Amma diqqət edəndə görürsən ki, daxili sabitliyi olmayan ölkə, xalqın xidmətində durmayan dövlət beynəlxalq münasibətlərdə də tarazlığa gəlmək imkanını tapa bilmirlər. Onlar müharibələr, başqalarının itkiləri hesabına, başqa sözlə, digərlərinin bədbəxtliyi üzərində öz xoşbəxtliklərini axtarırlar. Amma bu cür xöşbəxtlik kökü olmayan müvəqqəti qazancdır və onunla axıradək getmək mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti, Suriyanı qan çanağına döndərənlər, İsrail-Fələstin arasında, Kiprdə, Şimali və Cənubi Koreya arasında, Əfqanıstan, Cənubi Sudan, Somalidə sülhə mane olanlar və onlarla belə yerlə\rdə nizam-intizamı pozub müharibələri körükləyənlər nə qədər mənfi imic qazansalar da istəklərinə çatmağı bacarırlar. Çünki, insan şüuru hələ ki, öz əməllərinin mənfiliklərini elliklə anlamaqda acizdir. Ayrı-ayrı şəxslər, millətlər, xalqlar bu sahədə irəliyə getsə də, hələ qlobal miqyasda ümumi nəticə alınması üçün çox iş görülməlidir. Bu mənada VI Beynəlxalq Humanitar Forumu beynəlxalq aləmin zərurət duyduğu aktual problem statusundadır. Yer kürəsinin dörd bir yanından Bakıya toplaşan mütəfəkkir insanlar bu yolda əlamətdar işlər görürlər. Forum isə onların dayağına çevrilib. UNESCO-nun baş direktorunun müavini Çu SİN forumdakı çıxışında belə bir misal çəkib: “İkinci Dünya müharibəsindən sonra Eynşteyn bir çıxışında belə deyib ki, “Düşünmə modelindən başqa hər şeyi dəyişdik”. İndi Azərbaycan dünyanı yeni düşünmə modelinin tətbiqinə çağırır və öz modelini nümunə kimi təqdim edir. Beynəlxalq birlik isə bunu qəbul və təqdir edir. Bu da Azərbaycana olan mənəvi ehtiyacı ildən-ilə artırır. 
N.NOVRUZ     

Sizin Reklam Yeriniz