Əlaqə Arxiv
news Image
2019.03.05
10:00
| A A A
Mədəni tərəqqinin yeni mərhələsi açılır
Fəzail İbrahimli: «Dövlət başçısı ilə görüş, oradakı o psixoloji ab-hava bu sahədə çalışanlar üçün böyük stimuldur»

Ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü  ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Səmimi bir ortamda baş tutan bu görüşdə nüfuzlu mədəniyyət və incəsənət xadimləri öz istək və təkliflərini səsləndirdi, Prezident tərəfindən bu təkliflərin həll olunması üçün göstərişlər verildi. Bu görüş dövlət başçısının Azərbaycan mədəniyyətinə, yaradıcı insanlarına olan qayğısının davamlı hal aldığını bir daha sübut etdi. Məlumatlara görə, artıq görüşdə səsləndirilən təkliflərin reallığa çevrilməsi istiqamətində işlərə başlanılıb.

Bəs görəsən, bu görüşdən sonra mədəniyyət və incəsənət sahəsində hansı dəyişikliklər baş verəcək? Mədəniyyət və incəsənət xadimləri bu qayğıya adekvat addım ata biləcəklərmi?

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fəzail İbrahimli deyir ki, ölkə başçısının mədəniyyət və incəsənət sahəsinin nüfuzlu simaları ilə görüşməsi həmin sahədə fəaliyyət göstərən şəxslər üçün böyük stimuldur: “ Prezidentin görüşdüyü şəxslər bizim mədəniyyətimizə, incəsənətimizə böyük töhfə verən şəxslərdir. Məsələn, elə götürək Zeynəb Xanlarovanı. Bu xanım vaxtıilə dünyanın diqqətini Azərbaycana yönəldən bir insan olub. Millət-Vətən qarşısında böyük xidmətləri olan şəxsdir. Eyni ilə digər sənətkarlarımız. Onların hər biri bu dövlətə və millətə xidmət etmiş  şəxslərdir.

Ora təsadüfi insanlar toplaşmamışdı. Pinsipcə, həmin insanlar Azərbaycan mədəniyyəti və incəsənətinin bütün hüdudlarını əhatə etməsə də, hər birinin müəyyən sahələrdə böyük xidmətləri var. Azərbaycan Prezidentinin onlarla görüşməsi mədəniyyətə böyük qayğı və diqqətdən xəbər verir. Onların hər biri bu görüşdə Prezidentdən, onun xanımından razılığını ifadə etdi, öz arzu və istəklərini dilə gətirdi. Mən güman edirəm ki, mədəniyyət işçilərinin dövlət başçısından umacaqları var. Eyni ilə dövlət başçısı da mədəniyyət xadimlərindən umur ki, bu millətin mədəniyyətlərinə xidmətlərini kifayət qədər istənilən səviyyəyə qaldıra bilsinlər. Bu qarşılıqlı anlaşma səviyyəsində keçən bu görüşün güman edirəm ki, çox müsbət nəticələri olacaq.

Dövlət  başçısı ilə görüş, oradakı o psixoloji ab-hava bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu, kifayət qədər əhəmiyyət kəsb edən bir görüşdür. Nəticəsinin hər iki tərəf üçün olacağına inanıram. Bu gün mədəniyyət və incəsənət adamları dövlət başçısının ətrafında sıx birləşiblər. Mədəniyyətimizin inkişafına rəvac verən addınların atılması sözsüz ki, müsbət nəticə verməlidir. Ən əsası da onlar hiss edəcəklər ki, Prezidentin qayğısı ilə əhatə olunmuşlar.

Mədəniyyət sahəsində ən böyük islahatlardan biri televiziya sahəsində səliqə-səhmanın yaradılmasıdır. Mədəniyyətimizə ən böyük xeyri verən də televiziyadır, təhlükəni yaradan da televiziyadır. Millətin, xalqın göz dağı olanlar bəzən televiziyaya çıxardılır. Bəzən belələrinə vəzifə də verilir. Onların təsir gücü bir romandan da itidir. Oxucu romanı oxuyub nəticəyə gəlincə, televiziya dərhal kütlənin psixologiyasının dəyişməsinə təsir göstərir. Televiziyalarla bağlı bir cavabdehlik olmalıdır.  Düşünürəm ki, bu görüş televiziyaların da fəaliyyətindəki mədəniyyətimizə qarşı olam nöqsanların aradan qalxmasına gətirib çıxardacaq”.

F. İbrahimli bildirir ki, ölkə başçısının mədəniyyət və incəsənət xadimləri ilə görüşü bu sahədə çalışan sənət adamlarının sosial rifahına müsbət təsir edəcək: “Amma gərək onlar da, ölkə başçısının bu qayğısından sonra öz xidmətlərini daha da artıralar. Daha səylə işləyələr. Mədəniyyətimizin və incəsənətimizin inkişafı üçün bütün səylərini ortaya qoyalar”.  

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz