Əlaqə Arxiv
news Image
2019.03.24
18:05
| A A A
Əsərlərində qadınlardan intiqam aldı?
İspan rəssamlıq məktəbinin şah əsəri Pablo Pikassonun həyatı qadınlar üzərində qurulmuşdu. Sənətşünaslar uzun illər sonra Pablonun ən dəyərli 7 qadınının adını açıqlayıblar. Movqe.az Milli.Az-a istinadən dahinin 7 qadını haqda yazını təqdim edir: Bəli, bir-birindən gözəl qəhrəmanlar rəssamın yaradıcılıq fəzasını daha da genişləndirməyə nail oldular. Amma Pikasso onlara adi qadın xoşbəxtliyini qıymamaqla da qalmadı, çəkdiyi portretlərdə simalarını bədheybətə tay tutdu. Rəssamın bütün münasibətlərinin sonu ilham pərilərinin süi-qəsdə təşəbbüsü, psixoloji xəstəlikləri ilə sonlanırdı. Pablonun boyu cəmi 158 santimetr idi, amma fantastik enerjisi, əsil kişi xarizması minlərlə qadını maqnit kimi özünə çəkirdi. Çünki bu maqnitin xəmiri alov kimi isti ispan temperamentindən yoğrulmuşdu. Təəssüf ki, rənglər kralının 92 illik ömrü qırıq qadın qəlblərinin çiliklərindən toplanmış pazla bənzəyir. Fernanda Olivye O, qadınları iki cəbhəyə bölürdü - ilahələr və ayaq silmək üçün əsgilər. Di gəl ki, həyatına ilahə cildində girən məşuqələrinə ayaqlarını silib atırdı. Pikassonun ac-yalavac gəncliyinin ən parlaq xatirəsi Fernanda Olivyedir. Fernanda keçmişi taleyindən də qaranlıq olan naturaçı idi. Bir rəssamın ağuşundan digərinin yatağına qonan gənc model 10 il boyunca Pablonun mələyinə çevrildi. Fernanda Pablonun boz ac dünyasını çılpaq, ilıq çəhrayıya boyadı. Olivye bəzən saatlarla eyni pozada çılpaq durub rəssamın əsərlərinin yaranmasına vəsilə olurdu. Hətta ayaqqabı almağa pulları olmadığından aylarla evdən çıxa bilmirdi. Yenə də səfil rəssamına sitəm etmirdi. Bir qarnı ac, bir qarnı tox cütlüyün yeganə təsəllisi seks idi. Amma alovlu ehtiras da bir gün iki yol ayrıcında sönür. Pablo özünə Marsel Umber adlı daha gənc gözəlçə tapır. Fernanda isə polşalı rəssama aşiq olur. Marsel Umber (Yeva) Marsellə Pablo 1911-ci ildə Parisin "Ermitaj" kafesində tanış olmuşdular. Zərif Marseli görən kimi Pablo onu Yeva (Həvva) adlandırır. Bununla həm də həyatının ilk qadını olduğunu vurğulamaq istəyir. Artıq Pablo Pikasso imzası kifayət qədər tanınır, rəssam yüksək məbləğə sifarişlər götürürdü. Marsel bəstəboy, sakit təbiətli, incə qız idi, yəni Fernandanın tam əksi...Rəssam bütün əsərlərində onu hava kimi yüngül, hətta çəkisiz təsvir edirdi. Hətta çox vaxt skripka və gitara obrazına da bənzədirdi. Pikassonun Yevaya həsr etdiyi əsərlərdə qadın gözəlliyi olduqca şəffaf və su kimi təmizdir. Marsel rəssamın səmasında parlayıb, tez sönən ən parlaq ulduz idi. Elə gənc ikən vərəmə yoluxan Yeva dünyasını dəyişməklə qalmayıb, sevimli rəssamının da dünyasını büsbütün yeniləyir. Olqa Xoxlova - ilk rəsmi arvadı Bəli... Pablonun ilk rəsmi xanımı rus əsilli Olya olub. Olya ona Həvva məhəbbətini də unutmağa yardım edib. Onların tanışlığının da qəribə tarixçəsi var. Belə ki, Pablo yazıçı Jan Kokto ilə yaxın dost idi. Günlərin bir günü Kokto gənc dostuna "Parad" baleti üçün dekorasiya qurmağı təklif edir. İş əsnasında özünün "Koklova" adlandırdığı rus balerina ilə tanış olur. 27 yaşlı balerina nikahı sənətindən üstün tutaraq səhnədən gedir. 1918-ci ildə cütlük ailə qurur. Bir müddət sonra Pablo evlilik qərarına, xüsusən də pravoslav məbədində əbədi sevgiyə and içməyinə özü də təəccüblənirdi. Toydan sonra Pablo Olqanı İspaniyaya aparıb valideynləri ilə tanış edir. Qısa müddətdə həyat yoldaşına Parisdə çox gözəl ev alır. Pablo arvadına elə heyran idi ki, onu tanrının hədiyyəsi adlandırır, hətta bohem həyat tərzi ilə vidalaşmağa qərar vermişdi. İlahi sevginin əsas səbəblərindən biri də Olyanın ailə quranda bakirə olması idi. Pablo bakirə qızla evləndiyi üçün duyduğu qüruru hər kəslə paylaşırdı. Amma hadisələr öz axarından başqa məcraya yönəlir. Xoxlova ərini nümunəvi həyat yoldaşı, bahalı salonların tələb olunan sifarişli rəssam obrazında görmək istəyirdi. Hətta bunun üçün əlindən gələn hər şeyi edirdi. Dahi ərinin barmaqlarından axan kubizmini inkar edirdi. Pikasso xanımının bakirəliyi ilə qürurlansa da, onu qəfəsə salıb açarını gizlətməyini lənətləyirdi. Bəli Olqa Pabloya maddi təminat, qızıl kisəsi nəzərində baxırdı. Bu məqam onları bir-birindən uzaqlaşdırırdı. Hətta 1921-ci ildə doğulan övladları cütlüyün can verən eşqini dirildə bilmir. Amma atalıq hissi Pablonun damarına işləmişdi. Günlərlə fasiləsiz arvadını və körpəsini təsvir edə bilərdi. Darıxdırıcı, ölümcül həyat dahini tez bezdirdi. Uğursuz ittifaqa görə arvadını günahlandıran rəssam onu bədheybət qarı obrazında çəkir, bununla da ürəyi soyumurdu, uzun iti dişlər, sallanan döşlər, böyük cinsiyyət orqanı ilə də bəzəyirdi. Pablo bu qəbildən olan silsilə portetlər çəkib. Hər biri Olqaya olan nifrətinin bir zərrəsidir.
Sizin Reklam Yeriniz