Əlaqə Arxiv
news Image
2013.05.16
18:55
| A A A
Rasim Balayev: "Yaxşı əsərlər yoxdur"

Azərbaycan teatrlarında müəllif problemi var. Həmişə eyni dramaturqların əsərlərini səhnədə görməyə vərdiş eləmiş tamaşaçıda haqlı olaraq sual yaranır: Nə üçün dramaturq nəslində yenilənmə getmir?

Son illər Azərbaycan nəsrində kifayət qədər təzə imzalar və əsərlər meydana çıxıb. Şərif Ağayarın "Haramı düzü", Qan Turalının "Mustafa", Mirmehdi Agaoğlunun "Küləyi dişləyənlər", Cavid Zeynallının " Günəşi gözləyənlər" kimi əsərləri ədəbi camiədə həssaslıqla qarşılanıb. Bu nasirlərin teatrlarla əməkdaşlıq etməmələri, dram əsəri yazmamaları da sual doğurur.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Mövqe.az-a açıqlamasında dedi ki, teatrlar tamaşaçılara müasir tamaşalar təqdim edirlər: "Mən şəxsən Azərbaycan teatrlarında Qarabağla bağlı altı əsər hazırlamışam. Bu yaxında Gənc Tamaşaçılar Teatrında "Müharibə" tamaşası göstərildi və hələ də nümayiş olunur... Gənc və tanınmış nasirlər dram janrına müraciət etmirlər deyə, teatrlar özləri seçim etməli olurlar. Yaxşı əsərlər olsa, teatrlar onlardan imtina etməzlər".

Xalq artisti Rasim Balayev də baş rejissorun fikri ilə şərikdir: "Bəli, Osman müəllim düz deyir. Günün nəbzini tutan mövzular yazılmalıdır. Niyə yazılmır, niyə tamaşaya qoyulmur səbəbləri nasirlər, dramaturqlar, rejissorlar aydınlaşdırmalıdırlar. Mən dediklərimlə onlar oturub-durmurlar. Mən sadəcə bir aktyor kimi deyə bilərəm ki, yaxşı əsərlər yoxdur, profesional yazarlar yoxdur... Tamaşaçını cəlb edən maraqlı əsərlər olsa düşünürəm ki, teatr səhnəsinə çıxar. Dəyərli, istedadlı əsər təqdim olunsa, teatrda rejissorlar mütləq bu əsərlərdən istifadə edərlər. Ümumilikdə, bu gün istər keçmiş dövrə aid, istərsə də müasir dövrə aid əsərlərə maraq azdır. Tamaşaçılar teatra az-az gəlirlər. Getdikcə teatra maraq azalır".

"İtirilmiş əl yazma", Daha məni xatırlama" , "Öz ruhunun işığında", "Underground sevgilər" əsərlərinin müəllifi olan gənc yazar Cəlil Cavanşir aktyorların və rejissorların " indi yaxşı yazar yoxdu" fikirləri ilə razı deyil: " Mən bu fikirlərlə heç cür razılaşmıram. Bu gün kifayət qədər yaxşı yazan gənc yazarlar var. Gənc dramaturqlardan tanıdığım Şəbnəm Xeyrullanın, Eyyub Qiyasın bir neçə əsərləri var ki, onları teatrda səhnəyə qoymaq mümkündür. Gənclər arasında həm müasir, həm də maraqlı dramaturqlar var. Sadəcə teatrlar Elçin Əfəndiyevin intizarındadır. Ancaq özünün və atasının əsərləri tamaşaya qoyulur. Gənclərə maneə yaradırlar. Gənc yazarlarımız beynəlxalq festivallarda yer tutublar. Əgər teatrlar şərait yaratsalar gənclər çox yaxşı dram əsərləri yazarlar. Təəssüf ki, teatrlar köhnə repertuar seçirlər, təzələrlə heç maraqlanmırlar. Əslində bəlkə də bu heç teatrlarında günahı deyil. Sadəcə onlara bu şəraiti yaratmırlar..."

Sizin Reklam Yeriniz