“Azərbaycanın Robertinosu” Avropanı yenidən fəth edəcək - FOTO
Onun yeni albomu hazırlanacaq
Gənc vokal ifaçısı,
15 yaşlı "Azərbaycanın Robertinosu" Emin Eminzadənin albomu işıq
üzü görəcək. Bu barədə Movqe.Az xəbər portalına gənc vokalçının
atası Xəzər Emin məlumat verdi. X.Emin bildirdi ki, albomda
Emininin son iki ildə yaradıcılıq fəaliyyətinin və beynəlxalq
festivallarındakı çıxışları yer alacaq. O, alboma daxil olacaq
mahnıların müxtəlif dillərdə ifa olunmasını da dedi: "Alboma 13
mahnı və həmin mahnılar arasında ingilis, alman, rus, italiya və
doğma Azərbaycan dilində mahnılar yer alacaq. Alboma Emin
Eminzadənin son 2 ildə Avropa səhnəsindəki (İtaliya, Rusiya,
Türkiyə və s.) uğurlu çıxışlarının video görüntüləri və
fotosessiyası daxil olacaq. Bundan başqa, o da nəzərdə tutulub ki,
albomda Azərbaycanın məşhur mədəniyyət və incəsənət, ictimai
xadimlərinin Emin haqqında fikirləri dərc olunacaq", - X.Emin
söylədi.
X.Emin onu da qeyd etdi ki, gənc vokalçı E.Eminzadə
keçən il İtaliyada keçirilən "Elia Catalano" festivalındakı uğurlu
çıxışının davamı olaraq, bu il Avropanın müxtəlif ölkələrində
təşkil olunan beynəlxalq festival və müsabiqələrə dəvət
olunub.
Qeyd edək ki, keçən il dünya şöhrətli vokal ifaçısı
Robertino Lorettinin Bakıda keçirilən solo konsertində Eminin
çıxışı oldu və canlı əfsanə gənc vokalçını "Azərbaycanın
Robertinosu" adlandırdı.
Fuad Mədətov
Movqe.Az