Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, teatr səfərə hazırlaşır. Kollektiv bu dəfə Respublikamızın bölgələrinə səfər edəcək. Hər il olduğu kimi, bu il də GTT-nin kollektivi növbəti yay məzuniyyətinə getməzdən əvvəl "Azərbaycan Teatrlarının inkişafı haqqında" Respublika Prezidentinin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq, eyni zamanda Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 140 və Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubiley ili çərçivəsində bölgələrimizdə yaşayan tamaşaçıların görüşünə gedəcək.
Yaradıcı heyət Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə iyul ayının 1-dən 7-ə dək Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında səfərdə olacaq.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edəcəklər.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 85-ci teatr mövsümünü 2013-cü il iyulun 6-da Sabirabad rayonunda başa vuracaq.