Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəşri olan "Ailə Qadın Uşaq" jurnalının yeni – (11-12-ci) sayı çapdan çıxıb. Mövqe.az-ın məlumatına görə, dərginin bu sayı Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmolaq-alim Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunub. Jurnal "Ön söz" yazısı ilə açılır. Burada Komitə sədri, eyni zamanda jurnalın baş redaktoru Hicran Hüseynovanın fikir və düşüncələri verilib.
Redaksiya heyəti tərəfindən təqdim olunan "Ülvi məhəbbət dastanı" yazısı iki görkəmli İnsanın - Ulu Öndər Heydər Əliyev və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın təmiz və saf məhəbbətindən, şərəfli ömür yollarından bəhs edir.
Komitənin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynovanın "Böyük alim, sədaqətli ömür-gün yoldaşı" yazısı görkəmli alim və gözəl ana olan Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunub.
Milli Məclisin sədr müavini Bahar Muradovanın, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun müsahibələri, habelə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin üzvü Aqiyə Naxçıvanlı, millət vəkili Hadı Rəcəbli, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva, Milli Məclisin deputatı Aytən Mustafayevanın, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, professor Paşa Qəlbinurun məqalələri də Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunub.
"Görüşlər, səfərlər" rubrikasında Komitə rəhbərliyinin xarici səfərləri, "Komitə xəbərləri"ndə isə Komitənin xəttilə respublika daxilində görülən işlər və təşkil olunan tədbirlərdən xəbərlər əks olunub.
Oxucular həmçinin Azərbaycan Qadınlarının IV Qurultayına həsr olunmuş "Azərbaycan Qadınlarının IV qurultayı qarşısında" məqaləsi ilə də tanış ola bilərlər.