Əlaqə Arxiv
news Image
2013.06.19
13:33
| A A A
“Virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik”

Müasir dövrdə dünyada davamlı inkişaf texnologiyalarla, internet məkanı ilə bağlıdır. Mövqe.az-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən Ombudsmanların XI beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib.

 

O bildirib ki, davamlı inkişaf haqqında danışarkən artıq yeni bir situasiyanın yarandığı dərk edilməlidir. Nazirin sözlərinə görə, texnologiyaların, internetin imkanlarından istifadə etməklə hər hansı mədəni prosesi əks etdirmək olar: "Bir tərəfdən, bu məkan açıqdır və ora daxil olaraq öz mədəni prosesimizi əks etdirə bilərik. Lakin burada çox incə bir xətt var. Bu xətt o birilərinin hüquqlarının tapdanması, onlara hörmətlə yanaşılmasının nəzərə alınmasıdır. Biz bu gün mədəniyyətdən danışarkən festivallar keçiririk, konsertlər, sərgilər, teatr tamaşaları təşkil olunur. Amma artıq daim rastlaşdığımız, öyrəşdiyimiz bu üsullar cəmiyyətin və bəşəriyyətin heç 10-15%-ni də əhatə etmir".

 

Mədəniyyət və turizm naziri vurğulayıb ki, bu gün gənclərin böyük əksəriyyəti öz mədəniyyətini internet şəbəkəsində görür. Onun sözlərinə görə, onlar bu şəbəkə vasitəsilə prosesləri necə qavraması, bunun əks-sədasının necə olacağı və ona təsir etmək yolları təsir göstərməyin mümkünlüyü böyük sual doğurur: "Söhbət hər hansı ayrılıqda götürülmüş dövlətdən getmir. Söhbət ondan gedir ki, biz internetə, virtual məkana daxil olmaqla öz mədəniyyətimizi, insan hüquqlarımızı nə qədər müdafiə edə bilərik? Bu gün hər hansı bir qonşu dövlətin nümayəndəsi internet vasitəsilə istədiyini yaza, Azərbaycan mədəniyyətinə xələl gətirə, təhqir edə bilər. Bunun cavab mexanizmi necə olmalıdır? Bunu cəmiyyət, yoxsa fərdlər etməlidir? Düşünürəm ki, bu gün bizim əsas düşündüklərimiz və aparılan işlərin istiqaməti bu məkanda yaşayan cəmiyyətin mədəni hüquqlarını necə müdafiə edə biləcəyimizə yönəlməlidir. Bu böyük sualdır. Əfsuslar olsun ki, nə mən, nə də bu şəbəkəni yaradan insanların heç özləri bu suala cavab verə bilməz. Çünki bu mexanizmlər yoxdur. Müxtəlif ölkələr internetlə bağlı müxtəlif qanunlar tətbiq edir, müdafiə sistemini təkmilləşdirir. Amma onlar çox cüzi miqdarda bunu təmin edə bilir. Ona görə də insan haqları, davamlı inkişaf haqqında danışarkən ilk öncə yeni məkanda, virtual dünyada öz hüquqlarımızın qorunması haqqında düşünməliyik".

Sizin Reklam Yeriniz