Əlaqə Arxiv
news Image
2013.06.27
15:12
| A A A
"Özümdən sonra davamçım yalnız özüməm" -Səyavuş Aslanın son müsahibəsi
Müsahibəyə çətinliklə razılaşdı. Bütün yolu "onu səhnədəki kimi görə biləcəyəmmi?" – deyə düşünürdüm. Qapı açılanda korifey sənətkar otaqdan boylandı.Qeyri-ixtiyarı içimdən onu alqışlamaq keçdi. İlk təəssürat belə idi. İki ildən çoxdur səhhətində ciddi problemlər yaşayan Xalq artisti Səyavuş Aslanla elə bu barədə danışırıq:

– Səyavuş müəllim, necəsiniz?


– Yaxşıyam. Özümü çox yaxşı hiss edirəm. Sözün düzü, indi çox həyəcanlıyam. Nəyə görə? Çünki çox ağır bir dönəm yaşamışam, bu dərəcədə çətin günlər keçirdiyimi bilmirdim, indi bu barədə mənə deyəndə çox həyəcanlanıram. O günlərin necə keçdiyini xatırlamıram. Sevinirəm ki, indi sizin vasitənizlə yenidən tamaşaçılarımla görüşəcəyəm.

– Çətin günlərin öhdəsindən necə gəldiniz?

– Artıq heç bir çətin günü xatırlamaq istəmirəm, hər şey geridə qaldı. Məni necə görmüsünüzsə yenə də eləyəm. Çalışacam ki, hər zamankı kimi olum.

– Gününüzü necə keçirirsiniz?

– Mənim o qədər qohum-əqrəbam var ki, nə televiziyaya baxmağa, nə də gəzməyə vaxtım olur (gülür). Onlar həmişə çalışırlar ki, yanıma gəlib-getsinlər, məni darıxmağa, tək qalmağa qoymurlar. Dost-tanış, qonum-qonşu tez-tez gəlib-gedirlər.

– Sizi həmişə şəhəri, xüsusən bulvarı piyada gəzən görmüşük. Bu ənənəni davam etdirirsinizmi?

– Gəzməyi sevirdim. Amma indi evdəkilər çox gəzməyə qoymurlar, ehtiyat edirlər. Qoysalar yenə də gedib gəzərəm (gülür). Buna baxmayaraq yenə şəhərə çıxıram.

– Sənət yoldaşlarınızdan yanınıza gələn, zəng vuran varmı?

– Var. Ümumiyyətlə, çox adam yanıma gəlir.

Bu məqamda S.Aslanın baxıcısı olan gənc qadın söhbətə müdaxilə edib, 7 aydır sənətkara qulluq etdiyini, lakin bu müddət ərzində aktyorlardan heç kimin onun yanına gəlmədiyini dedi.

Sənətkar isə ona acıqlanaraq "gəlirlər, sadəcə olaraq sən aktyorları tanımırsan", – deyə etirazını bildirdi...


– Teatra qayıtsaydınız yenidən hansı tamaşada oynamaq istərdiniz?

– Hamısında. Bütün tamaşalarım üçün darıxmışam. Gərək tamaşalar arasında ayrı-seçkilik salmayasan.

– Ən sevimli tamaşanız və rolunuz hansı olub?

– Camaat sevən tamaşaları mən də sevmişəm. Onlar sevib gəliblər, mən də sevə-sevə oynamışam. Amma təəssüf ki, indi yaşa dolmuşam, artıq o cür ifa edə bilmərəm. Səhnədə bütün istəklərimə nail olmuşam. Necə nail olmuşam onu artıq tamaşaçılar deyə bilər.

– Səhnədə ən sevimli tərəf-müqabiliniz kim olub?

– Demək olar ki, aktyorların çoxu ilə tərəf-müqabili olmuşam, onların arasında istədiyim insanlar da olub, istəmədiyim də, amma səhnədə hər şeyi unutmuşam, heç birinə fərq qoymamışam.

– Özünüzdən sonra kimi davamçınız olaraq görürsünüz?

– Özümdən sonra davamçım yalnız özüməm. Özümü yalnız özümə bənzədirəm.

– Sənətə gələndə bu qədər seviləcəyinizə və tanınacağınıza inanırdınız?

– Bəli. Çünki bu peşəni sevib gəlmişəm, gərək sənəti sevəsən. İstəyinə nail olmaq üçün çalışmaq lazımdır.

– Sənətə gələndə ən böyük arzunuz nə idi?

– Sənətə gələndə ən böyük arzum alqış qazanmaq və sevilmək idi. İndi deyə bilmərəm arzuma nə dərəcədə çatdım.

– Teatrdan ayrılandan sonra tamaşalara gedib baxırdınız?


– Öz tamaşam olmasa da, həmişə teatra gedib tamaşalara baxmışam. İndi də teatra getmək, tamaşalara baxmaq istəyirəm, amma elə halım yoxdur ki, özüm tək gedim.

– Azərbaycan teatrına neçə qiymət verərsiniz?

– Teatra qiymət verməzlər, teatr gərək özü o qiyməti alsın. Hər bir aktyorun öz məqamı, öz dövrü olub. Biz də vaxtımızda çox sevilmişik. Vaxtında çox insanlar mənimlə oturub-durub, danışmaq istəyib. İndi kənardan teatra baxanda qiymət verə bilmirəm. Çox çətindir.

– O vaxtkı aktyor yoldaşlarınızdan kimləri xatırlayırsınız?

– Hamısını, daha çox da Nəsibə Zeynalova yadıma düşür.

– Musiqili Komediya və Akademik Milli Dram Teatrında çalışmısınız. Ən doğma kollektiv hansı olub?

– Hər ikisi mənim üçün doğmadır, onları heç vaxt bir-birindən ayırmamışam, onlar məni sevib, mən də onları.

– Ən böyük arzunuz nədir?

– İstədiyim vaxt harasa gedib gəzmək. Səhhətimin yaxşı olması.

– Kiməsə demək istədiyiniz, ürəyinizdə qalan sözünüz varmı?

– Yox, hər kəsə vaxtında hər şeyi demişəm. İstədiyim odur ki, hər kəs öz istəyinin arxasınca getsin. Ürəyimdən keçən odur ki, kimin ürəyindən nə keçirsə, Allah onu yerinə yetirsin.

"Baku Post" qəzeti
Sizin Reklam Yeriniz