Əlaqə Arxiv
news Image
2020.03.04
13:14
| A A A
Aktrisa Xuraman Hacıyeva yad ediləcək (FOTO)

7 mart Azərbaycanın xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Xuraman Hacıyevanın yubileyidir. Mərhum aktrisanın 75 yaşı tamam olur.

Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşalarıyla, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır. O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib.

Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.

1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan aktrisa teatrdakı fəaliyyətinə görə 1979-cu ildə əməkdar artist, 1999-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) akrisanın yaradıcılığında xüsusi yer tutur.

Ömrünün son illərində ürək xəstəliyindən əziyyət çəkən Xuraman Hacıyeva 2005-ci il fevralın 15-də qəflətən vəfat edib.

Gənc Tamaşaçılar Teatrının kollektivi martın 7-də aktisanın xatirəsini yad edəcəklər. Belə ki, həmin gün “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” tamaşası aktrisanın anadan olmasının 75 illiyinə ithaf olunacaq. Həmçinin tamaşadan əvvəl Xuraman Hacıyevanın həmkarları, teatrın sevilən aktyorları ona aid xatirələrini, düşüncələrini tamaşaçılarla bölüşəcəklər, aktrisanın fəaliyyətini əks etdirən buklet və yazılı materiallar da gənclərə təqdim ediləcək.

Sizin Reklam Yeriniz