Əlaqə Arxiv
news Image
2020.03.06
14:40
| A A A
Xaçmazda “Yenə o bağ olaydı” adlı səyyar sərgi olub (FOTO)

“YARAT” Müasir İncəsənət Məkanı martın 5-də Xaçmaz Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına “Yenə o bağ olaydı” adlı səyyar sərgisini təqdim edib.
Mədəniyyət Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, sərgidə tanınmış italyan rəssamı Mikelancelo Pistolettonun və perspektivli yerli rəssamların əsərləri nümayiş olunur.
Açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova çıxış edərək, bundan əvvəl ölkəmizin digər regionlarında təşkil olunan səyyar sərgilərin incəsənət həvəskarlarının böyük marağına səbəb olduğunu bildirib. Budəfəki sərginin proqramına “YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev belə bir sərginin təşkilinin xaçmazlılar üçün əlamətdar hadisə olduğunu vurğulayaraq, “YARAT”ın rəhbərliyinə sənətsevərlər adından minnətdarlığını bildirib.

Sərginin kuratoru Anna Fech sərgi haqqında ətraflı məlumat verib:

"Məşhur italyan rəssamı Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” sərgisi dahi rəssam tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” nəzəriyyəsini müzakirə etməklə “Cittadellarte Fondazione Pistoletto” Fondunun (Biella, İtaliya) bədii rəhbəri Paolo Naldini tərəfindən keçirilmiş ustad dərsin nəticəsidir. “Üçüncü cənnət” nəzəriyyəsi müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə, texnologiyalar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır".

Bildirilib ki, sərginin adı Mikayıl Müşfiqin ən məşhur şeirindən götürülüb. Bağ ot-alaqdan təmizlənən, əkilib-becərilən, insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Şair bu şeirində bağı arzuolunan sevgi, sülh, azadlıq və xoşbəxtliyin vəhdət təşkil etdiyi nostalji məkan kimi təsvir edir.

Sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Merzedes Sturm-Lie və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən video skrininq proqramı ilə müşayiət olunur.

YARAT səyyar sərgi çərçivəsində “Nargis” jurnalının “Çeşidləmə Layihəsi – 2019”la (Recycle Project) birgə əməkdaşlıq nəticəsində Rəşad Ələkbərovun "Yenidən istifadə et. Azalt. Çeşidlə." ("Reuse. Reduce. Recycle.") instalyasiyasını özündə əks etdirən ictimai incəsənət proqramını təqdim edir.

Sərgi Xaçmaz Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin nəzdindəki Xaçmaz Dövlət Qalereyasının dəstəyi ilə həyata keçirilir.

Sizin Reklam Yeriniz