Əlaqə Arxiv
news Image
2013.07.18
16:48
| A A A
Azərbaycan səhnəsindən yoxa çıxan düşündürücü yumor

Fatma Mahmudova: "Hər kəs özünə cavabdehdir, hər dövrün də öz gülüş payı var"


Naibə Allahverdiyeva: "Ağızlarına gələni yazırlar, istədiklərini edirlər, belə olmaz axı"


Azərbaycan kino və teatr səhnəsində düşündürücü yumorun tədricən yoxa çıxması, onu bayağı gülüş səhnələrinin əvəz etməsi halı özünü getdikcə daha qabarıq formada büruzə verir. Bu da haqlı olaraq cəmiyyətdə narazılığa yol açır. 

Əməkdar artist Naibə Allahverdiyeva isə bildirir: "Bəli, bu gün bizdə düşündürücü yumorla bağlı film və səhnəciklər yoxa çıxıb və ya onları yüngül gülüş səhnələri əvəz edib. Bunun da müxtəlif səbəbləri var. Ən əsas səbəb komediya sahəsində durğunluq dövrü ilə əlaqəlidir. Bu durğunluq dövrü də indi yox, 10-15 il bundan əvvəl yaranıb və bu günə qədər də davam edir. Bu həmçinin madiyyatla bağlı problemlərdir. Aktyorlar nə etsinlər,  onlar da ailələrini saxlamalı idilər. İndi isə lap dəhşət olub. Artıq söz gülüşü meydana gəlməyə başlayıb. Bu gülüşdə heç bir dərin məna, satira yoxdur. Sadəcə, indiki gülüş  şit zarafatlarlardan ibarətdir. İndikilər gülüşün nə olduğunu bilmirlər. Yumor sadəcə gülüş, şit  zarafat demək deyil. Komediya, satira bu gün yoxdur. Cəmiyyətdə nöqsanları tənqid etmək lazımdır. Amma bu gün tənqid yoxdur.Lakin tənqid olunası o qədər şey var, amma tənqid olunmur. 

Nə qədər ər-arvad davasından yazmaq olar axı?. O vaxtlar "Mozalan" var idi, necə gözəl tənqidlər var idi. Amma indi yumor inkişafdan qalıb. Digər səbəb kimi isə qeyri-peşəkar ssenaristlərin, rejissorların, aktyorların bu sahəyə qədəm qoyması  ilə əlaqəlidir. Elə adamlar bu sahəyə pərçim oldu ki, hərdən düşünürəm ki, nə üçün mən bu qədər oxudum, əziyyət çəkdim və bu sənətə gəldim. Bunlar bu sənəti gözdən və qiymətdən saldılar. Gənclərdən bir az potensialı olanlar var, amma məktəbləri yoxdur. Ad çəkmək istəmirəm. Ağızlarına gələni yazırlar, istədiklərini edirlər, belə olmaz axı... Bu gün komediya janrında çəkilən seriallar komediya deyil, təlxəklikdir. Başa düşmürlər ki, təlxəkliklə komediya fərqli-fərqli şeylərdir. Bu təlxəkliklə camaatın zövqünü də korlayıblar. Deyirlər ki, "youtube"da  gülməli videolara  baxanlar çoxdur. Camaat axı nəyə baxsın? Heç nə yoxdur baxmağa, zövq almağa... Orta nəsil heç qəbul etmir, gənc nəsil də candərdi bu "yumor"ları izləyirlər. "Tomka maci" ifadəsi üstündən 17 il keçməsinə baxmayaraq, indi də dillərdədir. Adi yeni il şənlikləri olanda yumoristik səhnələr olurdu və bizim o tamaşalarımız indi də yaddaşlardadır.Bu gün  də məni tamaşalara, seriallara dəvət edirlər. Ancaq mən o rejissorların, kollektivin potensialına baxıram, inanın, depressiyaya düşürəm ki, nə vaxta kimi belə davam edəcək?! Depressiyadayam. Teatra yeni, yaxşı əsərlər gəlmir. Ancaq o dövrlərdə İlyas Əfəndiyev bütün günü teatrda idi. O, teatrın mətbəxini bilirdi, aktyorların potensialını bilirdi. İndikilərin yazdıqları isə 3 badam 1 qozdur, "şutka" üsulunda yazılan əsərlərdir. Heç bir məna kəsb etmir, insanları düşündürmür. Bu gün heç bir məna kəsb etməyən əsərlər yazılır. Cəmiyyətdə olan nöqsanları göstərəcək yumor ölüb bu gün, yoxdur daha....".


Sizin Reklam Yeriniz