Faiq Sücəddinov: "Bu gün gənclərimizdə klassik musiqiyə maraq tamamilə ölüb"
Bu gün gənc nəsil arasında klassik musiqiyə o qədər də böyük maraq olmadığı artıq birmənalı həqiqətdir. Xüsusən də klassik Azərbaycan musiqisinə gənclərin elə də böyük maraq göstərməməsi musiqişünaslar arasında narahatlıqla qarşılanır.
Mövqe.az-a açıqlamasında məsələyə münasibət
bildirnə bəstəkar Aygün Səmədzadə bildirir: "Klassik musiqi zamanın
hüdudlarını aşan, aktuallığını qoruyub saxlayan, mükəmməl əsərlərə
deyilir. Bu əsərləri nəinki ifa etmək, həmçinin dinləmək üçün də
geniş dünyagörüşü, daxili musiqi tərbiyəsi, dinləmək mədəniyyəti
lazımdır. Klassik musiqi kütləvi musiqi deyil ki, ona hər kəsin
mənəvi tələbatı olsun. Hamının yüksək sənət nümunələri dinlədiyi
bir mühitə yəqin "musiqi cənnəti" deyərdilər. Amma təəssüf ki, belə
bir mühit yoxdur və yəqin ki, heç vaxt olmayacaq. Çünki zövqlər
müxtəlifdir. Heç kəsə zorla anlamadığı və ya anlamaq istəmədiyini
dinlətmək mümkün deyil. Dinləmək mədəniyyəti kiçik yaşlardan
tənzimlənməlidir, fundamental olmalıdır. Çünki, insanın formalaşma
prosesi hamar keçmir. Keçid mərhələrində onun zövq anlayışınında da
sıçrayışlar olur. Bu dövrlərdə hər şüur özünü rahat bildiyi
musiqinin içinə aparır. Kimi cazı seçir, kimi muğamı, kimi xalq,
kimi estrada, kimi də simfonik əsərləri, opera, baleti...
Sadaladıqlarım ən yaxşı halda baş verir. Məhz bu sahələrin ən
maraqlı əsərlərini sevərək, anlayaraq dinləyənlər yüksək zövqə
malik insanlar sayıla bilər. Mən düşünmürəm ki, maraq azalıb. Bəlkə
də əksinə, kllasikaya maraq 10-15 il əvvəlkindən daha
böyükdür. Bir də ki, konsert salonlarını küçədən keçənlərlə də
doldurmaq olar. Amma klassik musiqinin nisbətən az da olsa, öz
fərqli publikası var və bu hər küçədən keçən deyil! Bu halı da mən
normal qiymətləndirirəm. Sadəcə mən, bütün gənclərin maraq
dairəsini bilmirəm, sorgu statistikasından xəbərim olmadıgından
dəqiq deyə bilməsəm də, bugünkü gəncliyin klassik musiqiyə marağına
5 ballıq şkala üzrə təxminən 3 qiyməti verərərm. (əlbəttə,
təhsilli musiqiçi gəncləri çıxmaq şərtilə) Yüksək sənət əyilə
bilməz, ona doğru getməlisən. Cəmiyyətdə, mədəni mühitdə haqq və
ədalət yolu ilə özünə status qazanmaq istəyən gənclər bunu anlaya
bilsə, musiqi zövqünü formalaşdıra bilər. Təkcə musiqi
məktəblərində deyil, orta məktəblərdə də elementar musiqi savadı
bir fənn kimi keçirilməlidir. Musiqi fənninin statusu qalxmalıdır.
Nə qədər ki, musiqi, məktəblərdə 3-cü dərəcəli fənn kimi tədris
olunur, efirlərdə səssiz, sözsüz, müğənni tipli məxluqlar yarışır,
yaxşını pisdən ayırmaga savadı çatmayan aparıcılar sənət haqqda
mühazirələr aparır, bu, bir az çətin olacaq".
Bəstəkar Faiq Sücəddinov isə məsəəlyə belə
münasibət bildirir: "Mən deyərdim ki, bu gün gənclərimizdə klassik
musiqiyə maraq tamamilə ölüb. Burada azalıb demək doğru deyil. Bu
gün oxumaq və qulaq asmaq mədəniyyəti yoxdur. Bu gün gənclərə sual
verirlər ki, "Koroğlu" kimin operasıdır və 3 müəllif adı qeyd
edirlər. Gənc buna doğru cavab vermir. Üzeyir Hacıbəylini
tanımırlar. Bu dəhşətdir. Düzdür, bu, bütün gənclərə şamil olunmur.
Ancaq klassik musiqini sevməmək elə savadsızlıq deməkdir.
Savadsızlıq da bayağı mahnılara gətirir. Bu gün avtomobillərdə elə
mahnılara yüksək səslə qulaq asan cavanları görəndə adamın əti
ürpəşir. Onun biliyi nə səviyyədədirsə, qulaq asdığı mahnı, musiqi
də o səviyyədədir".
Bəstəkar bu problemin bu dərəcəyə çatmasında televiziyanı günahlandırdı: "Baxın, televiziya kanalları axşamlar nələri, hansı musiqiləri verir?! Təbii ki, hər şey televiziyadan başlamalıdır. Televiziya klassik musiqilərimizi təbliğ etməlidir. Elə bir söz bilirlər: "reytinq, reytinq" vəssalam… İntellektual səviyyənin artmasına, zövqün formalaşmasına televiziya şərait yaratmalı, köməkçi olmalıdır. Ancaq bu gün gənclər heç bizim kllasiklərimiz tanımırlar. Əgər tanımırlarsa, necə sevə və dinləyə bilərlər?! Necə ruhlarını qidalandıra bilərlər?!".