Əlaqə Arxiv
news Image
2020.11.12
07:00
| A A A
Şuşaya qayıdanda ilk tamaşamız "Arşın mal alan" olacaq

“Şuşa işğal olunda keçirmədiyim həyacanı Şuşanın işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidəndə yaşadım, sevincdən ağladım, uşaq kimi sevinib atılıb-düşdüm”  
“Həmişə deyirdim ki, hansı Prezident mənim Qarabağımı, mənim Şuşamı işğaldan azad etsə ölənəcən onun qulu olacağam”
Xalqımızın dövlətçilik, mədəniyyət, ictimai fikir tarixində xüsusi çəkisi olan Qarabağın, əfsanəvi Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən işğaldan azad olunmasının, qələbəmizin sevincini yaşadığımız günlər içindəyik. Sevinc paylaşılanda daha da aynayıb-artıq, daha çox ürəkləri güldürür. Sevinci dərya olan insanlar sırasında qarabağlıların boyu xüsusilə seçilir. Müsahibimiz qarabğlıdı- hamımızın Aşıq Yediyar kimi  tanıdığımız Şuşa Dövlət Musiqli Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovdur...
- Yadigar müəllim, müqəddə Şuşa şəhəri də daxil olmaqla Qarabağ işğaldan azad edilib. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz? 
- Sualınıza cavabı bir atalar misalı ilə vermək istəyirəm: haqq nazilər, üzülməz. Allaha inanan adamam. İnanırdım ki, Allah heç vaxt bu haqsızlığı yerdə qoymayacaq, nə zamansa haqq-ədalət bərqərar olunacaq. Haqq-ədalət bərpa olundu və Qarabağımız düşmən tapdağından azad olundu. 
- Həyatınızın, yaradıcılığınızın böyük hissəsi Şuşa ilə bağlı olub. Şuşa artıq işğalda deyil, Şuşa bizimdi. Şuşanın azad olunacağına inanırdınızmı? 
- Mənim həmişə bir şüarım olub. Həmişə deyirdim ki, hansı Prezident mənim Qarabağımı, mənim Şuşamı işğaldan azad etsə ölənəcən onun qulu olacağam. Bu günü də Allah bizə qismət etdi. Tez-tez yuxularımda gördüyüm Şuşamız və digər rayon və şəhərlərimiz işğaldan azad edildi. Bayaq dediyim kimi həmişə Qarabağın işğaldan azad ediləcəyinə inanmışam və bunu günü həmişə gözləmişəm. Şuşa işğal olunda keçirmədiyim həyacanı Şuşanın işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidəndə yaşadım, sevincdən ağladım, uşaq kimi sevinib atılıb düşdüm.  Kim də mənə zəng vurub “özünü necə hiss edirsən” soruşanda isə Əlibaba Məmmədovun 
“Bu gün elə xoşbəxtəm ki
Sanki qanadlı quşam
Elə bil ki, anadan
İndicə doğulmuşam” mahnısını oxuyurdum. Şuşanın işğaldan azad edilməsi xəbəri elan ediləndən sonra mənə bəlkə də minə yaxın zəng gəldi, sonra baxıram ki, bu zənglərin 200-ə yaxınına cavab verə bilməmişəm. Görün, nə qədər xoşbəxtəm ki, Şuşanın işğaldan azad edilməsi xəbərini eşidən adamların çoxunun yadına mən düşürəm. Çox adam deyir ki, bu xəbəri eşidən kimi yadıma birinci sən düşdün, sənə zəng vurdum. 
- Bu təsadüfi deyil, sizin rəhbərliyinizlə Şuşanın ünvanına çevirilən teatra rəhbərlik etmisiniz, bu teatrın çox peşəkar, eyni zamanda da cəfakeş bir kollektivi var. Ən çətin vaxtlarda belə siz teatrı yaşatmısımız, bununla da Şuşanı yaşatmısınız. 
- Şuşa Teatrını yaşatmaqla əslində Şuşanın özünü yaşatmışıq. Bu bizim borcumuzdur. Şəhriyar demişkən, bizdən irəlidədi avropalılar, işi iş bilənə tapşırır onlar. Bizim də bacardığımız iş budur, namusla, vicdanla Şuşa Teatrına xidmət edirik. Allah da bizim Şuşaya qovuşmaq arzumuzu ürəyimizdə qoymadı və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı, möhtəşəm ordumuz  Qarabağı, Şuşanı işğaldan azad etdi. Xalqımızın cənab Prezidentin ətrafında birləşməsi, milli həmrəyliyə nail olmağımız nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu. Cənab Prezident çıxışında gözəl bir söz dedi:”Bizdə bir nəfər də olsun fərari yoxdu”. Bundan gözəl nə ola bilər.
- Səhv etmirəmsə oğlunuz da cəbhədədir.
- Bəli, ortancıl oğlum Üzeyir cəbhədədir. İnanın Şuşanın işğaldan azad edilməsi xəbəri mənə Üzeyirin cəbhədə olmasını unutdurdu, nigarançılığıma son qoydu. Oğlum Amerikada oxuyurdu, amma müharibə başlayan kimi könüllü şəkildə cəbhəyə getdi. Bu başqa cür də ola bilməzdi, oğlum heç kəsin oğlundan, heç bir şəhiddən, heç bir yaralanandan artıq deyil. Hamımızın borcudur ki, Vətən uğurunda bacardığımızı edək. Oğlum Üzeyir və bacımın nəvəsi Məmməd (atamın adını qoymuşam) müharibəyə gedəndə dedim ki, Üzeyir, Məmməd, qarşınıza əlində ağ bayraq olan yaralı erməni əsgəri çıxsa birdən öldürməzsiniz ha, öldürün, qoymayın sağ qalsın, bizim intiqamımız alınmalıdır. Onları müdafiə edənlər də ölsün.  
- Şuşaya getməyinizi necə təsəvvür edirsiniz?
- Şuşaya getməyimi dəfələrlə xəyalımda canlandırmışam. Bizim teatrın ilk tamaşası Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası olub. Baxmayaraq, Şuşa Teatrının binasını söküb yerində park salıblar, amma bu bizim Şuşada tamaşa oynamağımıza mane ola bilməz. Biz Şuşada tamaşa oynayacağıq. Şuşaya qayıdanda ilk tamaşamız “Arşın mal alan” olacaq. Tamaşanı bütöv oynaya bilməsək də ordan parçalar oynayacağıq. Şuşada olan həm “Arşın mal alan”ın quruluşçu rejissoru idim, həm də Əsgər rolunda oynayırdım. Amma indi xarici görkəmim Soltan bəy obrazına uyğundur. Hazırda Akademik Opera və Balet Teatrının solistiyəm, bu teatrda mən “Arşın mal alan”da Soltan bəyi, Gülsan Əliyeva isə Cahan xalanı oynayır. Şuşada da Soltan bəyi oynayacağam. Bundan başqa Şuşaya qayıdanda vətənpərvərlik, müharibə və tarixi mövzularda olan tamaşalarımızı təqdim edəcəyik. Hələ belə bir ideyam var ki, Şuşa Dövlət Musiqli Dram Teatrını Xankəndində Maksim Qorki adına teatrın binasında yerləşdirək...
- Nə üçün Şuşada yox?
-  Bunun da səbəbi var. Çünki Üzeyir bəy rəhmətə getdikdən bir il sonra, 1949-cu ildə ermənilər  Şuşadakı Üzeyir Hacıbəyov adına Musiqili Dram Teatrı bağlatırıb özlərinə teatr açmışdılar. Bizim teatrı da bağlamağın adını “maliyə çətinliklərinə görə teatrın fəaliyyətinə xitam verilsin” qoydular. O vaxt bizim Nazirlər Sovetində oturan “başbilənlər” Şuşa teatrını bağlayıb ermənilərə teatr açdılar. Bu gün haqq-ədalət öz yerini tutdu. Allah Prezidentimizin ömrünü uzun etsin. Mən heç vaxt kiməsə yarınmamışam, heç bir rəhbəri tərifləməmişəm. Ancaq bu gün ürəklə deyirəm ki, Allah Prezidentimizin canını sağ eləsin, o bizim əbədi prezidentimizdir. 
- Şuşanın işğaldan azad edilməsi sizə əlavə bir yaradıcılıq stimulu verir yəqin ki?
- Allah bizə yaşatdığı o 28-30 ili silsin və onu yenidən ömrümüzə hesablasın, biz də yaşayaq, yaradaq, gözəl günlər içində ömür sürək. 
- Şuşa, Qarabağ böyük tarixi mədəniyyət mərkəzidir. Yəqin Şuşaya qayıtdıqdan sonra orada Şuşa beynəlxalq teatr festivalı, digər əhəmiyyətli mədəniyyət tədbirlərinin keçirilməsini arzulayırsınız. Bu baradə siz nə düşünürsünüz?
- Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilk dəfə Şuşada oynanılıb. Mənim fikirim var ki, Bakıdakı kimi böyük olmasa da, Şuşada da opera və balet teatrı açaq. Şuşanın adına layiq bir teatrımız olsun, biz də yaşayaq, yaradaq. Vaxtilə Şuşada ənənəvi bayramlar vardı. Hər yay Şuşada Vaqif poeziya bayramı, mahnı bayramı keçirildi. Polad Bülbüloğlu nazir olanda onun təşəbbüsü ilə Qarabağda “Xarı bülbül” və digər mahnı bayramları, festivalları keçirilirdi. Allah bizə ömür versin ki, Şuşaya, Qarabağa qayıtdıqdan sonra bütün bu ənənəvi bayramları keçirək.
- Artıq sizin doğulduğunuz Ağdam rayonunun Novruzlu kəndi də işğaldan azad edilib, düşmən qüvvələrinin oradan çıxmasına çox az qalıb. Novruzluda nəyiniz qalıb?
- Sizinlə danışdıqca uşaqlığım kino lenti kimi gözlərimin qarşısında canlanır, kəndimə qayıdıram. Novruzluda bizim birmərtəbəli evimiz vardı. 1958-ci ildə o evdə doğulmuşam. İşğal dövründə ermənilər evimizi yandırıb darmadağın edib. Arzum budur ki, kəndimizə qayıdanda dövlətdən heç bir kömək istəməyib və doğulduğum o üçotaqlı evi öz vəsaitim hesabına yenidən bərpa edib. O evdə mənim rəhmətlik atamın, anamın, bacımın və qardaşımın ruhu yaşayır. 
- Şuşanı bizə bizim igid oğullarımız qaytarıb. Şuşaya bayraq sancan igidlərimizə nə demək istəyirsiniz?
-  Şuşanı işğaldan azad edib Şuşaya bayraq sancan oğullarımızın hamısı qəhrəmandır, hər birinin qadasın alım. Bu böyük qəhrəmanlıqdır. Bizim əsgər və zabitlərimizin qəhrəmanlığından bütün dünya danışır. Rus jurnalisti yazır ki, Azərbaycan əsgərləri erməni hərbiçilərini öldürürdülər, öz yaralılarını isə çiyinlərinə alıb üzü yuxarıya qalxırdılar. Görün necə igid oğullarımız var.
Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz