Əlaqə Arxiv
news Image
2020.11.24
11:17
| A A A
“Can Qarabağ” deyən uşaqlar
Şanlı ordumuzun Qarabağ zəfəri hər bir azərbaycanlı kimi bizim də qəlbimizi qürur hissi ilə doldurdu, yeni yaradıcı planlar üçün mövzu zənginliyi yaratdı. Fəaliyyətində, repertuar seçimi və mədəni-sosial aksiyalarında vətənpərvərlik mövzusunu daim diqqət mərkəzində saxlayan, yetişən nəsillərin bu ruhda formalaşmasında öz missiyasını layiqincə davam etdirməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti layihəsini də sənətsevərlərin ixtiyarına verdi. Belə ki, teatrın nəzdindəki "Oyuq" teatr-studiyası özünün hərbi-vətənpərvərlik ideyalı növbəti klipini ərsəyə gətirib. "Qarabağ Azərbaycandır" şüarı ilə bundan öncə də bir neçə klip və videoçarx hazırlayan teatr təmsilçiləri bu dəfə sözləri və musiqisi Bəhram Nəsibova məxsus "Qarabağ" ("Can Qarabağ" adı ilə tanınan) mahnısına klip çəkiblər. İstedadlı uşaq və yeniyetmələrin toplandığı studiyanın vokalçı yetirmələri dillər əzbərinə çevrilən bu mahnıya yeni nəfəs verməklə zəfər sevinclərini bölüşməyə çalışıblar. "Qarabağ Azərbaycandır" layihəsinin davamı olan klipin ideya müəllifi Səidə Haqverdiyeva, rejissoru Tofiq Teymuroğlu, operatoru Mərdan Məmmədovdur. Xatırladaq ki, bu mahnı və ona çəkilən klip teatrın "Uşaq və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi"nə yönələn çoxşaxəli fəaliyyətinin bir istiqamətidir. Mövzu ilə bağlı daha bir klip və videotamaşa da hazırlanacaq.
Sizin Reklam Yeriniz