Əlaqə Arxiv
news Image
2021.01.15
18:00
| A A A
"Sapar Contemporary" İnkubatoru 14 yanvar – 16 fevral 2021-ci il tarixlərində Aida Mahmudova: PASTPRESENTFUTURE sərgisini təqdim edir

 

"Mən rahatlıq axtarmıram. Mən Tanrıya çatmaq istəyirəm, şeir istəyirəm, əsl təhlükə istəyirəm, azadlıq istəyirəm, Xeyirin qalib gəlməsini istəyirəm. Mən günah işləmək istəyirəm" – Oldos Haksli, “Cəsur yeni dünya”.
 
Aida Mahmudova,  "Immortality Series", 2020, Qarışıq texnika, 39 x 28 x 5 sm, "Courtesy the artist" və "Sapar Contemporary"
(Nyu-York) - "Sapar Contemporary" İnkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edir. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.
Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.
 
Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.
Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın öz sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq, və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir."
###
Rəssam haqqında
Aida Mahmudova (1982-ci ildə Bakı şəhərində doğulmuşdur) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Müqəddəs Martin adına İncəsənət və Dizayn Mərkəzi Kollecini (Central Saint Martins College of Art and Design) "Təsviri incəsənət" ixtisası üzrə bitirmişdir. Onun Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda qrup və fərdi sərgilər də daxil olmaqla, beynəlxalq səviyyədə böyük sərgiləri keçirilib. Seçilmiş fərdi sərgilərinə daxildir: "İşığı tuta bilmirəm", Deweer Gallery, Oteqem (2017); "Ötüb keçərkən", Leila Heller Gallery, Nyu-York (2015); və "Daxili sakitlik", Barbarian Art Gallery, Sürix (2013). Aida Mahmudova 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində (2013) və Artwise kuratorluğu ilə keçən VITA VITALE çərçivəsində 56-cı Venesiya Biennalesində (2015) təmsil olunub.
Sapar Contemporary Qalereyası haqqında
SAPAR Contemporary Qalereyası + İnkubatoru 3 nəsil və 5 qitəni əhatə edən beynəlxalq səviyyəli rəssamlarla çalışır. Onlar qlobal səviyyədə aparılan müzakirələrdə iştirak edir və Nyu-York, Berlin və Mexiko şəhərlərində olduğu kimi, Bakı, Almatı və İstanbulda da ciddi rezonans doğuran lüğətlər hazırlayırlar. Onların yaradıcılıq təcrübəsi meditasiya effekti verən ənənəvi kalliqrafiyadan tutmuş, proqram kodunun yazılmasına qədər müxtəlif sahələri əhatə edir; onları birləşdirən isə rəssamların empatiya qurmaq bacarığı, özünütənqidi və təxəyyülü, eksentrik və nəcib ruhu, habelə studiyada işləməyin çətinliyi və dərinliyidir.  Qalereyanın proqramı birbaşa və qlobal, gələcəkyönümlü və əlçatan, çoxsensorlu və çoxistiqamətli xarakter daşıyan unikal obyektiv təklif edir. SAPAR Contemporary, həmçinin xüsusi bir sahə üçün xarakterik olan, lakin rəssamların hissləri, xarakteri və keçmişdən gələn ənənələrinin xəmirində yoğrulmuş rəsm əsərlərini də təqdim edir.
SAPAR Contemporary, həmçinin Mərkəzi Asiyanın formalaşmaqda olan incəsənət qalereyası və mədəniyyət ənənələrinə yönəlmiş Neo-Nomad İnkubatorunu da yaradıb. İnkubator proqramının Baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. Neo-Nomad İnkubatorunun ilk nəşri köçərilik təcrübəsi ilə bağlı olan ənənəvi və rəqəmsal nomadizm və estetika anlayışı əsasında hazırlanmışdır. Layihə çərçivəsində Mərkəzi Asiya və Yaxın Şərqin ənənəvi köçəri mədəniyyətləri, habelə miqrasiya, qloballaşma və hipermobililik reallıqları arasındakı əlaqə araşdırılmışdır. Hazırda inkubatorun bütün səyləri Mərkəzi Asiya, Qafqaz, Rusiyanın cənub-şərqi və Monqolustanda unikal incəsənət sərgilərinin işıqlandırılmasına yönəlmişdir. İnkubator proqramı 2020-ci ildən bəri diqqətini bu regiondan olan qadın rəssamlara yönəltmişdir.
Redaktor üçün qeydlər 
Başlıq: Aida Mahmudova: PASTPRESENTFUTURE
Tarixlər: 14 yanvar - 16 fevral 2021-ci il
Ünvan: Nyu-York ş., Nort-Mur küç., 9, NY 10013
Vebsayt: www.saparcontemporary.com 
Sosial Media: Instagram @saparcontemporary / Facebook @saparcontemporary
Mətbuat üçün məlumat və ya sorğularla bağlı "Pelham Communications" əməkdaşları Emma Gilhuli və ya Elison Andrea Lopesə müraciət edin: [email protected] / [email protected] 

Sizin Reklam Yeriniz