Əlaqə Arxiv
news Image
2021.05.19
15:35
| A A A
Masallıda şəhidlərə həsr edilmiş “Şəhidlər zirvəsinin fatehləri” və “Murad ömrü” kitabların təqdimatı keçirilib

 Bu gün, 19 may 2021-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının  Bakının “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə, təbaşirli kağızda və qalın cildli yeni çapdan çıxmış “Şəhidlər zirvəsinin fatehləri” və “Murad ömrü” kitablarının təqdimat mərasimi olub.

Pandemiya qaydaları gözlənilmək şərtilə keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini  Aybəniz Qafarova açaraq rayon rəhbəri Şahin Məmmədovun salamlarını iştirakçılara çatdırmışdır.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Kitabın müəllifi,  tanınmış jurnalist Gülsüm Adilqızı 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən, müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin siyasi iradəsindən, şəhidliyin uca məqamından danışmış, kitabların nəfis şəkildə ərsəyə çatmasında ona dəstək verənlərdən söhbət açmışdır. Kitablarda rayonumuzun Viləş kəndindən olan şəhid qardaşlar – Aprel şəhidi Nurlan Əsgərli və Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında geniş yazı verilib. Kitab yazısında qardaşların həyat və döyüş yolu işıqlandırılıb, şəkillərdən geniş istifadə olunub.

Şəhidlərə həsr edilmiş  “Şəhidlər zirvəsinin fatehləri” və “Murad ömrü”  kitablarının hər biri 2000 tirajla nəşr edilib.

Rayon Ağsaqqallar şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, Masallıda   məskunlaşmış Şuşalı Rafiq Abbasov,  «Əlil qadınlar» cəmiyyətinin sədri, “Tərəqqi” medallı Aminə Abıyeva, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, «Vətən uğrunda» medallı şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova və bağqaları çıxış edərək kitabın yüksək amal, Vətən uğrunda şəhid olanların haqqında əsl vətənpərvərlik ruhu ilə yazıldığını qeyd ediblər.

İki şəhidin anası Ziba Əsgərli övladlarının döyüş yolundan, onların vətənpərvərliyindən danışmış, kitabların müəllifinə təşəkkür etmişdir.

Tədbiri yekunlaşdıran Gülsüm Adilqızı kitabların təqdimatı üçün yaxşı şərait yaradıldığına görə rayon rəhbərliyinə minnətdarlıq bildirmişdir.

Tədbirdə RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak etmişdir.
Qeyd edək ki, Aprel şəhidi Nurlan Əsgərli və Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli də daxil olmaqla “Şəhidlər zirvəsinin fatehləri” adlı 304 səhifəlik kitabı 2016-cı ilin aprel döyüşlərində Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət edərək qəhrəmancasına şəhid olmuş  zabit və gizirlərimizin həyat və döyüş yolundan bəhs edir.
Hər iki yeni kitablarda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri toplanmışdır.
Həmin kitablar müəllifinin Azərbaycan Ordusunun Vətənimizin ərazi  bütövlüyünün bərpası  uğrunda mübarzəsindən bəhs edən 27-ci və 28-ci cildləridir.

Əlihüseyn ŞÜKÜROV
Həsənağa ƏLİYEV

Sizin Reklam Yeriniz