Əlaqə Arxiv
news Image
2021.05.20
15:03
| A A A
Mədəniyyət paytaxtımız – Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır!

Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.

Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

08 may 2021-ci il!

Bizi 1992-ci ilin bu günündən düz 29 il ayırır. Bu illər ərzində çox şeylər dəyişdi, Bu gün Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğalından 29 il keçir. Amma bu il əvvəlki illərdən fərqli olaraq Şuşanın tezliklə yağı düşməndən azad edilməsini arzu etmədik, çünki 2020-ci il noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan, İlham Əliyev Şuşa şəhərinin düşmən işğalından azad edildiyini elan etdi. Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşməni döyüş meydanında ağır məğlubiyyətə düçar etdi. Əzəli və əbədi torpaqlarımızın 30 ilə yaxın davam edən işğaldan sonra düşmən tapdağından azad edilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Aparılan hərbi əməliyyatlar istər seçilmiş taktikaya, istərsə də hərbi qulluqçularımızın göstərdiyi şücaətə görə dünyanı lərzəyə saldı. Xüsusilə də qəhrəman oğullarımızın çətin və sıldırımlı qayalardan, dağlardan aşaraq Şuşa şəhərini əlbəyaxa döyüşlə işğaldan azad etməsi müharibənin taleyində misilsiz rol oynadı.

Şuşa şəhərinin işğaldan azad edilməsi ilə şanlı tariximizə daha bir parlaq hadisə daxil oldu və tarixi ədalət bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandan, İlham Əliyev “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək xalqımızı təbrik etməsi heç zaman unudulmayacaq.

Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, tariximizdə çox böyük və xüsusi əhəmiyyəti olan bir şəhərdir. Çünki Şuşa şəhəri xalqımızın zəngin mədəniyyətini, memarlığını dünyaya tanıtdırmışdır. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən 1977-ci ildə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilərək Şuşa şəhərində olan tarixi abidələrin qorunması, mədəniyyət və incəsənət xadimlərinin, habelə görkəmli şəxslərin abidələrinin abadlaşdırılması təmin edilmişdi. Bu cür gözəl şəhər, təəssüflər olsun ki, Erməni vandalizminin qurbanı olmuş, erməni barbarları şəhərdə olan 170-dən çox memarlıq abidəsi sayılan yaşayış binasını, mədəniyyət və tarixi abidələri, təhsil müəssisələrini, muzeyləri dağıtmış, məbədgah və məscidləri təhqir etmişlər. Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş və orada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilmişdir.

Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

İşğaldan azad olunduqdan sonra Müzəffər Ali Baş Komandan, İlham Əliyev göstərişinə əsasən, işğal altında olan bütün ərazilərə vurulmuş ziyanla bərabər, Şuşaya dəymiş ziyan da hesablanmış, şəhərdə çox böyük sürətlə abadlıq-quruculuq işlərinə başlanmış, hazırda da uğurla davam etdirilir. Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərini sürətlə davam etdirmək məqsədilə şəhərə dövlətimizin başçısının ilk xüsusi nümayəndəsi təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması heç də təsadüfi deyildi. Çünki son 29 il ərzində ermənilər hər il 8 may tarixini xüsusi təntənə ilə qeyd edir və Şuşanı 1992-ci il mayın 8-də işğal etməklə öyünürdülər. Düşmənlərimiz müxtəlif ölkələrdə lobbiçilik fəaliyyəti ilə məşğul olaraq, işğala beynəlxalq dəstək qazandırmaq məqsədilə Şuşanın tarixini təhrif edərək onu “Şuşi” kimi təqdim etməyə çalışırdılar, lakin onlar Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı olaraq qəbul etməyə və qarşılamağa məcbur oldular. Tarixi ədalət gec də olsa nəhayət bərpa olundu, Şuşa işğaldan azad edildi, 1989-cu ildə Cıdır düzündə keçirilmiş və Şuşanın rəmzi olan “Xarıbülbül” musiqi festivalı 32 ildən sonra ilk dəfə Heydər Əliyev Fondu tərəfindən yenidən Şuşada təşkil olunacaq.

Tam əminliklə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tezliklə Şuşa şəhərində bütün mədəni abidələr bərpa ediləcək, yeni binalar, evlər tikiləcək və bu şəhər dünyanın ən gözəl mənzərəli, turist şəhərlərindən birinə çevriləcəkdir.

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Sonda fikrimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır.”

Kamal TƏHMƏZOV

Masallı rayon Xırmandalı kənd Xıdır Məmmədov adına tam orta məktəbinin direktoru

Sizin Reklam Yeriniz