Əlaqə Arxiv
news Image
2021.05.20
15:43
| A A A
"YARAT" yaratmaqda davam edir

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi mayın 20-dən Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində  Jan-Mark Karaççinin (Fransa) “Homo Urbanus Europeanus” adlı fərdi sərgisini  təqdim edir. Sərgi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və YARAT Müasir İncəsənət Məkanı tərəfindən, 27 Avropa paytaxtını təmsil edən “Avropa günləri” çərçivəsində təşkil edilir.

Movqe.az-ın məlumatına görə, sərgi mayın 29-dək davam edəcək. Sərginin açılışında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas çıxış edərək bildirib ki, “27 Avropa paytaxtı haqqında sərgi fərqlilikdən daha çox eyniliyə, avropaçılıqdan çox müxtəlifliyə önəm verməsini nümayiş etdirir. Bizdən "Biz kimik? Avropa nədir? Harada başlayır və bitir?" deyə soruşur. Jan-Mark Karaççi'nin "Homo Urbanus Europeanus" sərgisi, Avropa Gününü mükəmməl formada qeyd edərək "Avropaya hə" fikrini çatdırır.”

“Homo Urbanus Europeanus”sərgisi şəhər fonunda çəkilmiş tənha simaları və ayrı-ayrı şəxsləri nümayiş etdirir. Sərginin müəllifi, fotoqraf-rəssam Jan-Mark Karaççi şəhər mənzərələrini sanki bir arxeoloqun müşahidə etmək, axtarmaq, qazmaq və müəyyən primitiv məkanları rekonstruksiya etmək səyləri kimi təsvir etmişdir. O, şəhər sakinlərini və onların ətrafını sanki hansısa bioloqun müəyyən hüceyrəni araşdırdığı kimi müşahidə etmişdir.

“Homo Urbanus Europeanus” silsiləsinə daxil olan hər bir şəkil, öz dəqiq çərçivəsi və səliqəli üslubuna görə, nümunəvi vətəndaş üçün dövlət himni kimi səslənir. Bu personaj bir qayda olaraq, tək-tənha bütün şəhər boyunca gəzir, dayanır və uzaqdan salamlaşır. Tənha olmasına baxmayaraq, o, son dərəcə qürurlu və qətiyyətlidir, heç bir özgəlik nümayiş etdirmir, özünü daha çox əzmkar fateh kimi aparır.

Karaççinin dediyi kimi, “həmişə lazımi zaman lazımi yerdə olan, incəliklə həkk olunmuş bu insan varlığı, bu siluet, şəhərə gözlənilməz gözəllik və əzəmət verir”.

“Homo Urbanus Europeanus” layihəsinə2007-ci ilin iyununda Bratislava şəhərində start verilib. İndiyə qədər bu layihə çərçivəsində artıq 43 Avropa paytaxtı və metropoliyalara səfər edilib...

2022-ci ildə, Jan-Mark Karaççi Bakıya səfər etməyi və Azərbaycanın paytaxtını “Homo Urbanus Europeanus” silsiləsinə daxil etməyi planlaşdırır. “Homo Urbanus Europeanus” sərgisi indiyə qədər 27 ölkədə, o cümlədən Polşa, Fransa, İspaniya, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Avstraliya, Estoniya, Çexiya, Finlandiya, Makedoniya, Çin, Cənubi Koreya, Sloveniya, Slovakiya, Ukrayna, Xorvatiya, Avstriya, Macarıstan, Qazaxıstan,
Burkina-Faso, Kipr, Braziliya, Kot d’İvuar, Zimbabve, Trinidad və Tobaqo, habelə Peruda keçirilib.

***

Jan-Mark Karaççi (d.1958, Tunis) Parisdə yaşayır və işləyir. Erkən uşaqlıq dövründə,böyük qardaşının köməyi və dəstəyi ilə fotoşəkil çəkməyə başlayıb və ilk dəfə 15 yaşında fotolaboratoriyadan istifadə edib. 20 yaşında ikən o, ordu sıralarına qəbul olub və burada ona alayın rəsmi fotoqrafı olmaq qismət olub. Öz-özünə öyrənən fotoqraf kimi, orduda xidmət edərkən, insanların fotoşəkillərini çəkməklə, öz bacarıqlarını və texniki biliklərini inkişaf etdirib. Jan həmişə insana mənsubiyyətin reprezentasiyası, nadir hallarda isə sosial obyekt kimi yanaşıb. Onun yaradıcılığı həmişə Anri Kartye-Bresson, Elliott Ervitt, Raymon Depardon kimi fotoqraflar, həmçinin amerikalı rəssam Edvard Hopperdən ilhamlanıb.

Sizin Reklam Yeriniz