Əlaqə Arxiv
news Image
2021.05.25
19:32
| A A A
“Mədəni kənd – mədəni mühit” adlı yeni layihə

Sabirabad Regional Mədəniyyət İdarəsi kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd – mədəni mühit” adlı layihəyə start verir.

Rayon Mədəniyyət Mərkəzindən Movqe.az-a bildirilib ki, layihə aşağıdakı məqsədləri özündə ehtiva edir:

- əhalinin mədəni tələbatının ödənilməsində kənd mədəniyyət müəssisələrinin fəallığının və cəlbediciliyinin artırılması;

- kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması;

- kəndlərdə mədəni mühitin daha da inkişaf etdirilməsi;

- kənd əhalisinin asudə vaxtının daha səmərəli təşkil olunmasının təmin edilməsi;

- kənd mədəniyyətinin rayon və şəhər mədəniyyətinə inteqrasiyası;

- kəndlərdə yaradıcı potensialın aşkar olunması və inkişaf etdirilməsi;

Qeyd olunan layihənin ilk tədbiri olaraq, 25 may 2021-ci il tarixdə Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin Kürkəndi və Qalaqayın kənd kitabxanaları tərəfindən həmin kəndlərdə müxtəlif mövzuları əhatə edən sərgilər təşkil olunmuş, kompozisiya nümayiş etdirilmişdir.

Kürkəndi kənd kitabxanası tərəfindən təşkil olunan sərgiyə ilk baxışda idarə rəisi Fərid Qurbanzadə, idarənin digər əməkdaşları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Kitabxananın azyaşlı oxucuları tərəfindən səsləndirilən şeirlərdən sonra sərgi açıq elan olunmuşdur.

Sərgidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət «Xalqa bağışlanan ömür», dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ibarət «Ədəbiyyat və əbədiyyət günəşi», 28 may — Respublika Gününə həsr olunmuş «İstiqlaliyyətin mübarək, Azərbaycan!» adlı guşələr yaradılmışdır.

Kitabxananın fondunda yer alan Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan, həmçinin Azərbaycan tarixinə və uşaq ədəbiyyatına dair müxtəlif kitablardan əlavə, istedadlı uşaqların əl işlərindən ibarət nümunələr də sərgidə nümayiş olunmuşdur.

Tədbirin davamında Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasından «Kərpickəşən kişinin dastanı»nan həsr olunmuş kompozisiya da iştirakçıların marağına səbəb olmuşdur.

Daha sonra Qalaqayın kənd kitabxanası tərəfindən təşkil olunan sərgiyə baxış keçirilmiş, sərgidə nümayiş olunan kitablar haqqında iştirakçılara ətraflı məlumat verilmişdir. Sonda kitabxananın oxucuları tərəfindən müxtəlif mövzularda şeirlər səsləndirilmişdir.

Qeyd edək ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki digər kəndlərdə də “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində tədbirlər davam etdiriləcəkdir.

Sizin Reklam Yeriniz