Əlaqə Arxiv
news Image
2021.06.01
16:25
| A A A
Tanınmış xoreoqraf Eldar Əliyev Bakıya yaradıcılıq ezamiyyətinə dəvət edilib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tanınmış xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət etmişdir. O iyunun 8-dən 17-nə kimi olan müddətdə gələcəkdə teatrımızın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə Teatrın balet truppası və truppanın solistləri ilə tanış olacaq, eyni zamanda ustad dərsləri keçirəcəkdir.

Opera və Balet Teatrının mətbuat xidməti Movqe.az-a bildirib ki, həmyerlimiz Eldar Əliyev Bakıda doğulmuş, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirmişdir. 1979-1992-ci illərdə Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olmuşdur. "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka","Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa etmiş, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olmuş və ən mötəbər səhnələrdə - Vaşinqtonda Kennedi mərkəzində, Nyu Yorkda Metropoliten-operada, Paris, Berlin, Sidney və Roma operalarında, Milandakı La-Skala Teatrında, Londonun Kovent-Qarden və Kolizeum teatrlarında və s. çıxış etmişdir. O həmçinin dəvətli solist kimi Rusiya Akademik Böyük Teatrında və Avstraliya baletində çıxış etmişdir.

1992-ci ildən ABŞ-da çalışır. Əvvəlcə "Ballet İnternationale" balet truppasının aparıı solisti olmuş, az sonra truppanın bədii rəhbəri təyin edilmişdir. 1992-2005-ci illərdə E.Əliyevin rəhbərliyi altında "Ballet İnternationale" 30-dan çox tamaşanı (F.Əmirov "Min bir gecə", P.Çaykovski "Şelkunçik" və "Yatmış gözəl", A.Adan "Jizel", L.Minkus "Don Kixot", İ.Stravinski "Korsar", "Simurq quşu" və s.) səhnəyə qoymuşdur.

2015-ci ildən E.Əliyev Primorsk Opera və Balet Teatrının baş baletmeysteri, 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir.

2021-ci ildə Rusiya Prezidenti V.Putinin sərəncamı ilə E.Əliyev "Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.

Sizin Reklam Yeriniz