Əlaqə Arxiv
news Image
2021.08.11
12:39
| A A A
Şəhidlərin cənnətdən qoxusu gəlir
Masallının Hüseynhacılılı kəndində şəhid Elçin Novruzovun ad günündə “Şəhidlər bulağı” istifadəyə verilib

 
 

Masallı rayonunun Hüseynhacılı kəndində şəhid Elçin Novruzovun xatirəsinə ucaldılan abidənin açılışı olub. Əlamətdar gün şəhid Elçin Novruzovun doğum gününə təsadüf edib.

“Şəhidlər bulağı” abidə kompleksi Hüseynhacılı kəndində inşa olunub. Abidə kompleksi Vətən müharibəsində canını fəda edən kəndin qəhrəman oğlu Elçin Qismət oğlu Novruzovun xatirəsinə tikilib.

“Şəhidlər bulağı”nın açılışında Masallı Rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, kənd ictimaiyyəti iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı RİH başçısı Ş.Məmmədov geniş nitqində qəhrəman oğullarımızın şücaətindən bəhs edib, 44 günlük Zəfər yürüşündə qəhrəman oğulların igidliyindən söhbət açıb. Bildirilib ki, Ulu Öndərin siyasi varisi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmçinin şəhidlərimizin qisası alındı. Əyilən belimiz dikəldi. Başımız dik oldu… Bunları bizə şəhidlər yaşatdı, qəhrəmanlıqlarını nəsillərdən-nəsillərə əbədi ötürdülər...
Çıxış edən Hüseynhacılı kənd ümumi orta məktəbinin direktoru Yadigar Şəmmədov bildirib ki, Vətənin qəhrəman oğulları Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı döyüşərək torpaqlarımızı azadlığa qovuşdurdu. Elçinin də ən böyük arzusu torpaqlarımızı azad görmək idi. -O, 1996-cı ildə Hüseynhacılı kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2005-ci ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin onuncu sinfinə daxil olub və 2007-ci ildə həmin məktəbi bitirib. Orta təhsilini başa vurduqdan sonra, çağırışçı kimi 2007-ci ilin oktyabr ayında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, «N» saylı Hava Hücumundan Müdafiə hissəsinə hərbi xidmətə yollanıb və həmin hərbi hissədən tərxis olunub, — deyə Yadigar müəllim qeyd edib. 
Qeyd edək ki, Azərbaycan Ordusunun könüllü əsgəri Elçin Novruzov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq üçün həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı könüllü əsgər kimi döyüşlərdə iştirak etmişdir. Füzuli istiqamətində düşmən səddinin yarılmasında Elçin və döyüşçü yoldaşları qəhrəmanlıqları ilə seçilib. Həmin döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirə toplaşan şəhid anaları adından çıxış edən Viləş sakini,  iki şəhid anası Ziba Əsgərova isə dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı icra başçısına minnətdarlıq bildirib.
Hüseynhacılı kənd məktəbinin şagirdləri Çingiz, Səlahətdin, Bəsti, Çinarə, Türkanə və Xədicə şəhidləri vəsf edən şeirlər söyləyirlər.
Masallı RİH başçısı Ş.Məmmədov tədbirdə iştirak edən əsgər və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Tədbir iştirakçılar “Şəhidlər bulağı” abidəsini ziarət edib, üstünə təzətər çiçək dəstələri düzür, tort qoyurlar.
Axırda 16 noyabr 2020-ci il tarixdən kənd qəriristanlığında uyuyan Elçinin məzarı ziyarət olunub.
Cənnətdəki ilk ad günün mübarək olsun, Elçin!


Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz