Əlaqə Arxiv
news Image
2021.10.14
16:43
| A A A
MİLLİ QƏHRƏMAN KƏNDİNDƏ XATIRLANDI...
Azərbaycanın ilk milli qəhrəmanı Səfəralı Məmmədovun doğum günü

 

Bu gün, 14 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Sərçuvar kənd S.Məmmədov adına tam orta məktəbində Azərbaycanın ilk milli qəhrəmanı Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.

Milli Qəhrəmanin abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə qəhrəman polisin həyatı və keçdiyi döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verilib və daha sonra şagirdlər əbədi-bədii şeir kompazisiya ilə çıxış etiblər.

Tədbirdə Masallı rayon Icra başçısının müavini Aybəniz Qafarova, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı, Sərçuvar kənd ərazi nümayəndəliyinin rəhbərliyi və digər əməkdaşları, qəhrəmanın ailə üzvləri iştirak etdilər. Tədbirdən sonra məktəbin Milli Qəhrəmanin ev muzeyi və məzarı ziyarət olundu.

Tədbir məktəbin gənc müəllimləri İlahə Əlili və Oruczadə Həsənin təşkilatçılığı ilə hazırlanmışdır.

Qeyd edək ki, Səfəralı 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.

 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır.

 1983-cü ildə ordudan tərxis edilir.

RF Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur.

 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür.

Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Səfəralı Qurban oğlu Məmmədova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.

Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı orta məktəb qəhrəmanımızın adını daşıyır.

İllər bundan öncəö Milli Qəhrəman Səfəralı Məmmədova həsr edilmiş “Qəhrəman polis” adlı sənədli filmi Masallı rayon Mədəniyyət mərkəzində təqdimatı olmuşdur...

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz