Ölkənin lider mobil operatoru “Azercell Telekom” xalqımızın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində müxtəlif uğurlu layihələr keçirib. Ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “Nizami İli”ninelan olunması ilə əlaqədar şirkətin həyata keçirdiyi innovativ layihə də diqqətsiz qalmadı. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azercell-in prezidenti Zərinə Zeynalova ilə görüş keçirərək 2021-ci il ərzində dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına xüsusi yanaşmasına görə şirkətin prezidentinə təşəkkürünü bildirdi.
Qeyd edək ki, 2021-ci il ərzində Azercell-in dəstəyi ilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audiomateriallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq “Bookmate” əlavəsinə yüklənilib. Rəqəmsal xidmətləri hər kəs üçün əlçatan etməyi hədəfləyən Azercell bu layihəsilə həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən mədəni irsimizin daha rahat şəkildə mənimsənilməsinə şərait yaratdı.
Təqdimat mərasimində Elnur Əliyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami İli” elan edilməsi dövlətimizin, Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Daha sonra Elnur Əliyev “Azercell" şirkətinin prezidenti Zərinə Zeynalovaya “Nizami Gəncəvi-880” xatirə nişanını təqdim etdi.