Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi" layihəsinin yekun təqdimatı keçirib. "Qarabağ" QHT koalisiyasinin mənzil qərargahında keçirilən tədbirdə QHT və KİV təmsilçiləri, həmçinin muzey əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan SAMF-ın icraçı direktoru Vüqar Tofiqli layihə çərçivəsində beş rayonun mədəniyyət şöbəsində, səkkiz muzeydə keçirilən görüşlərdən danışmış, layihənin yekunu olaraq "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı artıq oxucuların ixtiyarına verildiyini bildirmişdir. Onun sözlərinə görə, Şuranın maliyyə dəstəyi ilə gerçəkləşən layihənin əsas məqsədi icra planında işğal altında qalmış, tariximizin ayrılmaz parçası olan maddi-mədəni irsimizin dərindən öyrənilməsi, Qarabağda fəaliyyət göstərmiş muzeylərdəki, eləcə də onların qaçqınlıq dövründəki fəaliyyətləri barədə məlumat və fotoların toplanılması, maddi-mədəniyyət eksponatlarının siyahılaşdırılması, sonucda toplanılan məlumatlar əsasında müvafiq toplunun çap edilməsindən ibarət idi. Qeyd edək ki, SAMF-ın kollektivi həmçinin çap olunan toplunun ictimailəşdirilməsi vasitəsilə işğal nəticəsində ölkəmizə, tariximizə, xalqımıza dəymiş maddi-mənəvi itkilər haqqında məlumatların ölkədə və xaricdə yaşayan soydaşlarımızın, dünya xalqlarının, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq niyyətindədir. "Qarabağ muzeyləri" ensiklopedik-məlumat kitabı SAMF kollektivinin axtarışları, əslən qarabağlı ziyalılarla, muzey əməkdaşları ilə, mütəxəssislərlə, ölkənin hər tərəfinə səpələnmiş Qarabağ əhalisi ilə paytaxtda və rayonlardakı təmaslar nəticəsində mümkün olub. Kollektiv xalqımız və dövlətimiz üçün taleyüklü məsələ hesab olunan bu tarixi məqamların araşdırılması məqsədilə hər bir eksponatın, hər bir muzeyin özünü və ya haqqında olan məlumatları toplayıb. Bakıda, Ağdamda, Ağdaşda, Gəncədə, hətta Göranboy rayonunun Ağcakənd kəndində yerləşən Xocalı Tarix-diyarşünaslıq Muzeyinin rəhbərliyi ilə təmaslar qurub, layihəyə dəxli olmasa da belə Bakıdakı Musiqi Tarixi Muzeyində qorunub saxlanan, məşhur tarzən Qurban Pirimovun ecazkar tarını tapıb bu tarın şəklini də kitaba daxil edib. SAMF əməkdaşlarının apardığı araşdırmalar zamanı işğal altında 31 muzeyin və 4 rəsm qalereyasının olduğunu müəyyən edib. Onların hər biri haqqında əldə olan məlumatların hamısı bu kitaba daxil edilib. Tədbirdə kitabın redaktoru Nəzirməmməd Zöhrablı, Qubadli Tarix-diyarşünaslıq muzeyinin direktoru Vaqif Babayev, Cəbrayıl Tarix-diyarşünaslıq muzeyinin direktoru Taryel Abbaslı və "Karabaxinfo.com" beynəlxalq elektron jurnalının baş redakroru Zaur Qəruboğlu mövzunun aktuallığından danışmış, o cümlədən gələcəkdə kitabın daha təkmil formada müxtəlif dillərə tərcümə edilərək yenidən nəşr edilməsini təklif etmişlər. Xatırladaq ki, kitabın ərsəyə gəlməsində SAMF kollektivinin bütün üzvləri iştirak ediblər. Kitabın "Həqiqətlər kitabı" adlanan ön sözünün müəllifi SAMF-ın sədri, şair Musa Yaqub, ideya müəllifi Vüqar Tofiqli, redaktoru Nəzirməmməd Zöhrablıdır. Kitabın texniki işlərinin əziyyətini isə Gülbahar Qurbanova, Murad Həsənov və Zaur Qəriboğlu çəkmişlər.