Əlaqə Arxiv
news Image
2013.10.23
16:08
| A A A
Sevilib seçilən aktyorlar daha yetişmir?!
Tariyel Qasımov: «O cür sevilən aktyorlarımızın müəllimləri də peşəkar, sözünü demiş sənətkarlar olub»

Zərnigar Atakişiyeva: "Bəli, bu gün istər teatrda, istərsə də kinoda boşluq hiss oluna bilər"

Tamaşaçıların teatrlara cəlb olunması, çəkilən filmlərə daha geniş auditoriyanın baxması xeyli dərəcədə aktyor aktrisalardan da asılıdır. Məhz tamaşçı auditriyasının tələb etdiyi aktyorların mövcudluğu burada daim öz sözünü deyib. O da birmənalı həqiqətdir ki, Azərbaycanın tamaşaçıları teatrlara cəlb edən, çəkildikləri filmləri dillər əzbərinə çevirən korifey sənətkarları kifayət qədər olub. Lakin belə sənətkarların sayı indi çox azdır sıraları seyrəlir. Onları əvəzləyənlər isə təəssüf ki, yox dərəcəsindədir.

Xalq artisti, sevilən aktyor Tariyel Qasımov bu xüsusda Mövqe.az-a açıqlamasında bildirir: "Bilirsinizmi, o cür sevilən aktyorlarımızın müəllimləri də peşəkar, sözünü demiş sənətkarlar olub. Ona görə, o cür aktyorlarımız sevildi, seçildi. O zaman sənətə nadir şəxslər gələrdi. O zaman qadınlara icazə verilmirdi ki, aktrisa olsunlar. Kişi aktyorlara da müəyyən məhdududiyyət qoyulurdu. Kimlər ki sənətə gəlirdi, istedadlarına güvənirdilər, heç kimdən aslı olmayaraq sənətə gəlirdilər. Ona görə elə böyük sənətkarlar Hüseyn Ərəblinski, Rza Təhmasib, Ədil İsgəndərov, Ələsgər Ələkbərov, Siyavuş Aslan kimi sənətkarlar olub. Sonra bizim nəsil gəldi. Biz də 2-3 nəfər qalmışıq. Ancaq indi dövlət qayğısının bu sənətə də yönəldiyini görən gənclər Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə üz tuturlar. İstedadı olan da gedib sənətlərini verir, olmayanda… Axı belə olmaz. Həmin universitetedə isə heç kinodan anlayışı olmayan, ömür boyu teatrda oynamayan şəxslər dərs deyir. O cür müəllimlərin yetişdirdikləri axı sabahsı gün kim olacaq, nə olacaq?! Həm belə olanda gənc nəsil çox özündən müştəbeh olur. Düşünürəm ki, ADMİU-nə və ya Konservatoriyaya daxil olmaq üçün test lazım deyil. Tələbədə əsas istedad olmalıdır. Testi əla yazan tələbənin səsi və ya aktyorluq bacarığı yoxsa, o necə müğənni və ya aktyor ola bilər axı?! Bizim vaxtda elə idi ki, biz qabiliyyət imtahanı verirdik və qəbul olunurduq. Test filan yox idi. Ona görə o cür yadda qalan, xalq tərəfindən sevilən aktyorlarımız oldu. İndi isə yoxdur".

Xalq artisti, məhşur aktrisa Zərnigar Atakişiyeva isə qeyd edir: "Bəli, bu gün istər teatrda, istərsə də kinoda boşluq hiss oluna bilər. Bəlkə də yeni əvəzolunmaz aktyorları hələ zaman yetişdirməyib və ya dünyaya gətirməyib. Bu, sadəcə, həyatın qanunudur. Aktyorluq çox çətin sənətdir. Elə insanlar olub, teatra gəlib və çox gözəl də istedada malik olublar. Ancaq sonradan onlar başqa sənət sahibi olublar. Bu məsələ bir az qismətdən də aslıdır. Aktyorluq fədakarlıq deməkdir. Aktyor və ya aktrisa bu yolu seçirsə, mütləq nəyisə qurban verir. Bu o demək deyil ki, aktyor olan şəxs özünü və ya şəxsiyyətini sənətə qurban verir. Elə peşəkarlar olub ki, başa düşüb aktyorluqla ailə saxlaya bilməyəcək və sənəti sakitcə tərk edib. Bəlkə onlar da bu sənətdə qalsaydı, indi sevilən aktyorlar sırasında ola bilərdilər. Bunlar da itkidir. Ancaq müasir dövrümüzdə də gənclərimiz sırasında istedadlılar var.

Amma onları Nəsibə Zeynalovayla, Siyavuş Aslanla, Məlik Dadaşovla, Hökümə Qurbanova ilə müqayisə etmək və ya niyə onlar qədər sevilmirlər demək düzgün olmaz. Hər dövrün öz yetişdirdikləri var. Bu məsələlər bir az da zamanla, dövrlə bağlı olan məsələlərdir"


Sizin Reklam Yeriniz