Sovetlər dönəmində Azərbaycanın demək olar ki, bütün rayonlarında və əksər kəndlərində kinoklublar fəaliyyət göstərirdi. Bu isə həm kinoya olan marağı artırırdı, həm də filmlərin daha çox tamaşaçı auditoriyası toplamasına gətirib çıxarırdı. Lakin indi bölgələrdə olan klubların böyük əksəriyyəti sadəcə fəaliyyətsiz qalıb. Əslində, eyni sözü paytaxt Bakının bir sıra kinoklubları barədə də söyləmək olar.
Yazıçı, kinosenarist Əyyub Qiyas Mövqe.az-a açıqlamasında bu xüsusda bildirir: "Mənim uşaqlığım, yeniyetməliyim və gəncliyim kinoteatrların fəaliyyət dövrünə təsadüf edir. Birmənalı olaraq deyə bilərəm ki, bəlkə də mənim yazıçı, kinodramaturq olmağımın əsas səbəblərindən biri elə Sumqayıtdakı evimizin "Kosmos" kinoteatrının yaxınlığında olması olub. Kinoteatrlar sözün həqiq mənasında kino təbliğatı və kino yayımı üçün əsas obyektdir. Bu gün kino bazarının olmamasından çoxlu şikayətlər var. Təbii ki, kino bazarı ola bilməz, çünki çəkilən və alınan filmlərin yayımı üçün məkan yoxdur.
Əgər biz Azərbaycanda kino sənayesini inkişaf etdirmək, sevdirmək istəyiriksə, ilk olaraq kinoteatrların bərpasından başlamalıyıq. Bütün dünyada kinoteatrlar fəaliyyətini davam etdirir. Yadınızdadırsa, ötən il Türkiyədən olan kinematoqrafının istehsal etdiyi "Fetih 1453" filmi ekranlara çıxdı və eyni gündə, eyni saatda onlarla dövlətlərin yüzlərlə kinoteatrında nümayiş olundu. İstehsalçı elə premyera günü böyük məbləğdə vəsait qazana bildi. Bu vəsait gələcək filimlərin istehsalı üçün stimuldur. Çəkilən filmlər satış üçün nəzərdə tutulur. Kino sənayesi üçün əmtəə çəkilən filmdir. Onu satmadan kinonu inkişaf etdirmək olmaz. Mütləq müasir tələblərə cavab verən kino evləri yaradılmalıdır.
İnsanlar asudə vaxtlarını orada keçirməlidir.Televizorda, internetdə nə qədər film seyr edirsənsə et, kinoteatrda seyr edilən filmlərin ləzzəti tam başqadır. Məncə, imkanlı adamlar şadlıq evlərindən daha çox belə kino evlərinin, bu tipli əyləncə, istirahət mərkəzlərinin tikintisinə maraq göstərsələr, ölkə üçün daha böyük işlər görmüş olarlar".
"Cinema" Gənc Kinematoqrafçılar
Mərkəzinin sədri və "START" Beynəlxalq Tələbə Filmləri Festivalının
direktoru Fehruz Şamıyevin isə məsələyə münasibəti belə oldu:
"Sizin sualınızın cavabı çox sadədir. Əlbəttə ki, rayon
mərkəzlərində klublar, kinoteatrlar fəaliyyətə başlasa, bu,
kinonun inkişafı üçün böyük addım sayıla bilər. Bizim
kinonun əsas problemlerindən biri də kinoteatr məsələsidir. Yəni,
çəkilən filmlərin nümayişi üçün məkanlar çox azdır. Bu baxımdan da
nümayiş zallarının çox olması kinonun inkişafına birbaşa təsir
göstərir. O ki qaldı fəaliyyətsiz qalan kinoteatrların bərpa
olunmasına, onların təmiri üçün vəsait lazımdır. Artıq necə ildir
ki, bu sahədə işlərin getdiyini deyirlər. Məncə, bu sahədə hansı
işlərin necə getdiyini Mədəniyyət Nazirliyinin kino şöbəsi daha
yaxşı bilər. Çünki rayonlardakı kinoteatrlar onlara tabedir. O
kinoteatrların bu gün fəaliyyət göstərməməsinə də onlar
cavabdehdirlər".