Ötən əsrdə çəkilən Azərbaycan filmlərində diqqət cəlb edən məqamlardan biri də burada müğənnilərimiz tərəfindən səsləndirilən musiqilərdir. Bir çox Azərbaycan filmlərində korifey müğənnilərin ifalarında müxtəlif mahnılar səsləndirilib. Lakin müasir müğənnilərintimsalında analoji hala demək olar ki, çox nadir hallarda rast gəlinir.
Kinoşünas Aygün Aslanlı bu barədə danışarkən Mövqe.az-a açıqlamasında bildirir: "Bilirsinizmi, filmlərdə musiqidən, mahnılardan az istifadə olunursa və yaxud da ki, heç istifadə olunmursa, bu, rejissorun özündən aslı olan məsələdir. Filmi çəkən rejissor filmində az mahnıdan istifadə edirsə, bu, onun hüququdur. Deməli, o, belə məqsədəuyğun bilir. Heç dünya filmlərində də musiqidən çox istifadə olunmur. Yalnız sovet dövründə çəkilən filmlərdə mahnı yazılırdı filmlər üçün və müğənni də həmin mahnını ifa edirdi. Ancaq indi bundan istifadə edilmir. Ola bilər, Azərbaycan kinosu da bu cəhətdən dünya kinosuna yaxınlaşmağa çalışır".
Əməkdar artist, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Məzahir Cəlilov isə məsələyə belə münasibət bildirir: "Qabaqlar filmlər üçün özəl musiqilər yazılırdı və sayılıb-seçilən müğənnilərimiz də həmin mahnıları çox gözəl ifa edirdilər. İndi isə köhnə, peşəkar sənətkarlara yer yoxdur. Hər şey şouya çevrilib. Gündəm də, səhnə də onlarındır. Film üçün musiqi yazılsa, kim oxusun axı? Kimə müraciət etsinlər? Onların başı qarışıqdır. Biri özünə titul verir, digəri toya gedir və s.İndi primadonna, nə bilim şah-filan titullar verirlər. Özləri-özlərinə titul verir. Bu kimi "problemlər"i olan müğənniləri siz dediyiniz məsələ maraqlandırmaz. İndiki mahnıları da bəyənmirəm. Mahnının nə nəqaratı bəlli olur, nə sözləri düzgün olur, nə də ki, musiqisi bir şey olur. Amma qabaqlar Zeynəb xanım çıxıb bir mahnı oxuyardı və biz səhərə həmin mahnını artıq əzbər bilərdik. Arif Məlikov qalıb kənarda, bunlar düşüblər qabağa... Heç əsl bəstəkarlara da yer yoxdur. Xalqın zövqünü oxşayan mahnılar yoxdur. Dövran gör kimlərə qalıb?..".