Heydər Əliyev Fondunun dəstəyi ilə noyabrın 19-da Strasburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində tədbirlər keçirilib.
Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Rin sarayında Nizami Gəncəviyə həsr edilən sərginin açılışı olub. Sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş etdirilib.
Sərginin açılışında çıxış edən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov Nizami Gəncəvinin zəngin irsinin 8 əsr sonra da aktuallığını saxladığını vurğulayıb. O, Nizami Gəncəvinin əsərlərinin bərabərlik, dünyəvilik kimi humanizm dəyərləri üzərində qurulduğunu deyib.
Azərbaycanda dahi mütəfəkkirin irsinin öyrənilməsi və yaşadılması istiqamətində görülən işləri qeyd edən E. Əmirbəyov Nizami Gəncəvi yaradıcılığının qorunmasında, dünyada təbliğində Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu bildirib. 1991-ci ilin YUNESKO tərəfindən Nizami Gəncəvi ili elan olunduğunu xatırladan səfir belə bir sərginin 12-ci əsr və 21-ci əsrlər arasında körpü rolu oynadığını, keçmişin bugünkü dövrdə yaşadılması istiqamətində əhəmiyyətli olduğunu deyib.
Strasburqun belə bir sərgiyə ev sahibliyi etməkdən məmnunluğunu bildirən Fransa Mədəniyyət Nazirliyinin Elzas regionunda mədəniyyət məsələləri üzrə regional direktoratının baş direktoru Alan Hauss Strasburq və Gəncə universitetləri arasında 1999-cu ildə əməkdaşlıq müqaviləsinin imzalandığını, Strasburq kitabxanasında Gəncəviyə aid əlyazmaların saxlandığını deyib, bu sərginin mövcud münasibətlərin yüksək səviyyədə davamı olduğunu qeyd edib.
Sərgi zamanı XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin maketi, Bakı, Sankt-Peterburq, Moskva, Roma və Pekində ucaldılmış abidələrinin fotoları da böyük maraqla izlənilib.
Sərgidən sonra Strasburqun Musiqi və Konqres Sarayında Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konserti olub. Azərbaycanın xalq və bəstəkar mahnıları, o cümlədən Nizami Gəncəvinin əsərlərinin fransız dilində təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərovun əsərləri, "Bayatı Şiraz", "Sarı gəlin" konsert zamanı zalda möhtəşəmlik yaşadıb.
Sərgi və konsert çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Nizami Gəncəviyə aid nəşrlər təqdim olunub.
Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvinin 870 illik yubileyi Strasburqdan əvvəl Parisdə qeyd olunub. Strasburqda açılan sərgi fevral ayınadək davam edəcək.